OQTAY GÜLALIYEV KOMADAN NƏ VAXT ÇIXACAQ? - Professordan açıqlama

 

Adil Qeybulla: "Sosial şəbəkələrdə hərə ağlına gələni yazır

 

Bir ay on gündür ki, komadan ayılmayan hüquq müdafiəçisi Oqtay Gülalıyevin durumu ağır olaraq qalmaqdadır. Onunla bağlı son məlumat budur ki, O.Gülalıyevin müalicəsini öz üzərinə götürən Heydər Əliyev Fondu artıq bu gündən etibarən maliyyə çətinlikləri ilə əlaqədar dəstəyini dayandırır.

Bu barədə sosial şəbəkələrdə hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev status paylaşıb. O atasının vəziyyətinin ağır olaraq qaldığını bildirib: "Atamın hal hazırda durumu ağırdır. Hər gün qızdırması 37-39 dərəcə arası olur. Həmçinin qanında və ağ ciyərində yaranmış infeksiyalar təmizlənmir. Hətta o infeksiyaları təmizləmək üçün istifadə olunan dərmanlar qara ciyərində mənfi təsir göstərib”.

Hazırda O.Gülalıyevlə bağlı əsas sual onun nə zaman komadan ayılacağıdır. Bununla bağlı ən müxtəlif mülahizələr irəli sürülür. Eyni zamanda, komada olan xəstənin aparatdan ayrılmasının necə olması da suallar doğurur.

Tibb elmləri doktoru, professor Adil Qeybulla "Yeni Müsavat”a bunları dedi: "Komada qalmaq beyin travmasından asılıdır, yəni travmanın dərinliyindən və.s. Bu travmalar çox mürəkkəb prosesdir. İndi sosial şəbəkələrdə hərə ağzına gələni yazır. Çünki onların heç biri mütəxəssis deyil. Mən yaxınlarda feysbuqda bir misal gətirmişdim. Rusiyalı əsilli milyarder Dmitri Obreteçski var idi. Onu Londonda maşın vurub və komaya düşmüşdü. Təsəvvür edin ki, Londonun ən yaxşı klinikasına yerləşdirilmişdi, dünyanın ən təcrübəli mütəxəssisləri onun müalicəsinə cəlb olunmuşdular. Bir həftə komada qaldı və onun həyatını xilas edə bilmədilər. 

Deyilənlər doğru deyil. Yanlış məlumatlar yaymaq olmaz. Əslində alınan bu travma çox ağırdır. Ola bilər ki, komadan ayılma məsələsi uzun müddət davam etsin. Komadan ayılandan sonra beyinin hansı itkilərlə çıxacağı da hələ sual altındadır. Çünki beynin funksiya imkanları nə qədər qalacaqsa, o qədər də insan həmin funksiyalarla özünü idarə edə biləcək. Burada nitq, analiz qabiliyyətləri var. Bu məsələlərdə nə dərəcədə zədələnmələrin olacağını indidən demək çətindir. Məsələn, bizdə bir uşağı maşın vurmuşdu, City Hosbitalda düz 6 ay komada yatdı. Bəzən xəstə bir il komada qalır. 10-15 günə də ayılma olur. Ona görə indidən nəyisə demək çox çətindir. Beynin komadan ayılması öz resurslarına da bağlıdır. 70 faiz öz resursuna, 30 faiz də aparılan müalicəyə bağlıdır. Heç kim birmənalı deyə bilməz ki, Oqtay bəy nə vaxt ayılacaq”.

A.Qeybulla xəstənin komada olarkən aparatdan ayrılması mərhələsinin necə olduğundan da danışdı:"Müəyyən müddətdən sonra xəstə aparatdan ayrılmalıdır. Çünki boğazda uzun müddət nəfəs vermək üçün boru qalsa, o traxeyanın özünü də zədələyə bilir və nəticədə daralmalar əmələ gəlir. Beyin hüceyrələri oksigenə çox həssas hüceyrələrdir. Beyin qabığı canlı materiyanın ən yüksək inkişaf etmiş forması sayılır - insanlarda xüsusilə. Yaxınlarda oxşar hadisə yaşanmışdı. Şəkidən bir həkimi maşın vurmuşdu. Qadın idi. O da travma yaşamışdı. Neçə aydan sonra o ayıldı. Biz çox qəribə situasiyalarla rastlaşırıq. Birmənalı şəkildə bu tipli məsələlərdə nəsə demək çox çətindir. Verilən açıqlamaların əksəriyyətinin heç bir elmi əsasları yoxdur”.

Xatırladaq ki, O.Gülalıyevi oktyabrın 29-da Bakının mərkəzində maşın vurub. O, kəllə-beyin travması alıb, nəticədə beyninə qan sızıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}