Memar Söhrab Rəhimov : “Yağış suları artsa da, artmasa da onu üstünlüyə çevirmək mümkündür”

 

İçməli su təminatının XXI əsrin əsas probleminə çevrilməsi riski var. Bir çox mütəxəssislər yaxın gələcəkdə neft, qızıl və sair təbii ehtiyatların deyil, məhz su uğrunda savaşların olacağını bildirirlər.

Bəs yağış sularının kəskin artmasını üstünlüyə çevirmək olarmı?

Memar Söhrab Rəhimov Modern.az saytına açıqlamasında bildirib ki, su Yer kürəsində nə artır, nə də azalır:

"İqlim kataklizmasının yaşandığı bir dövrdəyik. Hava şəraitinin belə anormal dəyişdiyinin şahidi oluruq. Öz misalımızla desək, su Yer kürəsində nə artır, nə də azalır. Sadəcə, həcmi dəyişdiyi zaman özünə yer tapır və nəticədə sellər, daşqınlar baş verir. Belə hallarda insan sıxlığının ən çox olduğu şəhərlər daha pərişan hala düşür.

Halbuki şəhərlərdə yağış suları üçün kanalizasiya sistemləri mövcuddur. Bu kanalizasiyalar hidrometereoloqların təyin etdikləri yağıntı miqdarları nəzərə alınaraq normalar halında olur. Ancaq bu dəyər iqlim kataklizmalarını hesablamadığı üçün bəzən yetərsiz qalır.

Yaşayış məskənlərində ilk olaraq infrastrukturaların hazır olması lazımdır. Lakin indi kütləvi şəkildə məskunlaşmalar baş verir və daha sonra iri yaşayış mərkəzlərinə çevirilir. Bakı ətrafında belə yerlərə çox rast gələ bilərik.

Xülasə, su ilə zarafat olmaz və artan yağıntı dəyərlərinin maksimumuna görə infrastrukturalarımızda normaların dəyişilməsi qaçılmazdır”.

Yağış suları ile ilgili görsel sonucu

Söhrab Rəhimov əlavə edib ki, yağış suları artsa da, artmasa da onu üstünlüyə çevirmək mümkündür:

"Bunun üçün yenilikçi və israfsız layihələrə hazır olmalıyıq. Bütün yaşayış məskənlərində yağış suyundan ilk növbədə su kimi, daha sonrası isə enerji mənbəyi kimi faydalanmaq mümkündür.

Demək olar ki, yeni inşa edilən hər bir binanın özünə aid su deposu var. Bu depo şəhər şəbəkə sularından faydalanır. Ancaq yağış sularını binaların dam örtüyündən və ya ehtiyac olarsa, köməkçi vasitələrlə toplayıb, arıtma prosedurundan keçirdikdən sonra istifadə edə bilərik.

Suyun qıt olduğu Amerika Birləşmiş Ştatlarının bəzi bölgələrində olduğu kimi, istifadə edilmiş suyu təkrar təmizlədikdən sonra texniki su olaraq yararlanmaq dəfələrlə mümkün olur.

Bundan başqa, suyun hərəkəti zamanı alınan enerjini elektrik enerjisinə çevirmək də olar. Bir az daha irəli texnologiyalar ilə suyu dondurub depolamaq variantı da var.

Ancaq ilk olaraq israfçılığın nə olduğunu və sahib olduğumuz nemətlərin qədrini bildikdən sonra biz bu addımlar haqqında düşünə bilərik. Bugünkü zamanda enerji dəyərlərimiz alternativ enerji dəyərindən çox aşağı olduğu üçün onun haqqında fikirləşmirik. Ancaq ən azından layihə olaraq hazırlayıb, saxlamağımız daha yaxşı olardı.

Dünyada bu qədər tərtibatlı olmasa da, yağış sularından faydalanan çox ölkə var. Bu, nəinki Bakıya, Azərbaycana, dünyaya çox şey verə bilər”.



Oxşar Xəbərlər

Xəbər lenti