Azərbaycanda koronavirusa yoluxmanı sürətləndirən səbəblər - həkim rəyi

 

Zülfüqar Yusifov: "Hansı toplumlarda insanlar qoyulan qaydalara daha doğru  əməl edirlərsə, orada mübarizə daha effektiv olur”

Azərbaycanda koronavirus infeksiyasının yayılması sürətlənib. Dünyada COVİD-19 virusunun kütləvi yayıldığı ilk günlərdə Azərbaycan ən çevrik reaksiya verən, karantin tədbirlərini vaxtında həyata keçirən ölkələrdən biri oldu.

Mart və aprel aylarını əhali karantin rejimində keçirdi, məktəblər, aptek və marketlər istisna olmaqla, ictimai-iaşə müəssisələri bağlandı, kütləvi toy və yas mərasimləri  qadağan edildi. Nəticədə koronavirus pandemiyası ilə mübarizədə çox böyük uğurlar əldə edildi və gündəlik yoluxma sayı nəinki ikirəqəmli həddə qaldı, hətta bir müddət sağalanların sayı yoluxanların sayından daha üstün oldu. Bu rəqəmlərin cəmiyyətə informativ və psixoloji təsirləri  isə o oldu ki, insanlar karantin rejiminin uzanmasından və maddi itkilərdən, gəlirlərinin azalmasından şikayət etməyə başladılar. Nəticədə hökumət karantin rejiminin mərhələli şəkildə yumşaldılmasına getdi, metro fəaliyyətə başladı, bazarlar, ticarət mərkəzləri, kafe və restoranlar, park -bulvar açıldı. Digər tərəfdən, bu dəfə cəmiyyətdə müsbət nəticələri doğru dəyərləndirə bilməyən bir kəsim ölkədə ümumiyyətlə koronavirusun olmadığını iddia edirək, qoruyucu tədbirlərə də əməl etmədi və bu əməl etməyənlər, maska taxmayıb, sosial məsafə saxlamayanlar kütləvilik təşkil etdikdən sonra yoluxma  sayı üçrəqəmli həddə çatdı. Nəticədə ölkədə hazırda gündəlik yoluxma sayı 350-nin üzərindədir. Artıq koronaviruslu xəstələrin müalicəsi üçün ayrılmış xəstəxanalarda palata sayının yetərsiz olduğu ilə bağlı məlumatlar dolaşır. Hökumət isə növbəti çıxış yolu kimi şənbə və bazar günlərində küçəyə çıxma yasağı qoymaqla yoluxma zəncirini qırmağa çalışır.

Mövzu ilə bağlı "Yeni Müsavat”a danışan tanınmış həkim Zülfüqar Yusifov bildirdi ki, yoluxma hallarının artmasının əsas səbəbi karantin rejiminin yumşaldılması, insanların arasında ünsiyyətin çoxalmasıdır: "SMS icazə sistemi götürüldü, insanların çölə çıxışı sərbəstləşdi, qadağalar azaldı. Maskadan istifadə etmədilər, sosial məsafə gözlənilmədi, bu da təbiidir ki, hazırkı nəticəni verməli idi”.

Medicina.az - Zülfüqar Yusifov - MD, FİPP, CİPS, TTT, İnvaziv ağrı ...

İki günlük küçəyə çıxma yasağının effektinə gəlincə, Z.Yusifov bildirdi ki, bu tarixdən 12-14 gün sonra, yəni virusun inkubasiya dövrü bitdikdən sonra ciddi azalma olsa, o zaman təsdiqlənəcək ki, doğru addım olub: "İki günlük küçəyə çıxma yasağı, gələn həftə isə 3 gün olması gözlənilən bu tədbir həftəlik təması 15-20 faiz azaltmış olur. Bu məsələdə Türkiyə təcrübəsinə istinad olunur, orada bu yasaqların bir qədər əhəmiyyəti oldu. Mən düşünürəm ki, bizim əvvəlki rejim daha yaxşı idi, onu bir qədər nəzarət altında davam etdirmək olardı”.

Həkimin sözlərinə görə, koronavirus artıq Azərbaycanda xroniki vəziyyətə keçdi: "Bütün cəmiyyətlərdə xroniki xəstəliklərlə mübarizənin effektivlik göstərici əhalinin maariflənmə səviyyəsi ilə eynidir. Hansı toplumlarda insanlar qoyulan qaydalara, rejimlərə daha doğru  əməl edirlərsə, orada mübarizə daha effektiv olur. Bizdə də əgər insanlar daha anlayışlı yanaşacaqlarsa, karantin daha da yumşaq olacaq. İsveçdəki rejim belə idi ki, hərəkət imkanları açıq idi, ancaq insanlar sosial məsafəyə, karantin tədbirlərinə əməl edirdilər. Bizdə də əməl etsələr yaxşı olar. Ancaq insanların bir qismi hələ də, virusun varlığına inanmır. Bu da öz ağır nəticələrini yaxın zamanda göstərəcək”.

Z.Yusifov vurğuladı ki, virusun nə zamana qədər davam edəcəyini proqnoz etmək çətindir: "Biz neçə ay və ya il bu virusla bir yerdə yaşaya bilərik. İnsanların davranışından da çox şey asılı olacaq. Ayrı-ayrı ölkələrdə virusun nə zaman sönəcəyi, sonra həmin ölkələrdən reinfeksiya olacaqmı, ya yox, bunu demək çətindir. Ona görə də ola bilər ki, uzun müddət bu virus bizimlə yoldaşlıq eləsin. Necə ki, digər viruslar hepatit, QİÇS bizimlə birgə yaşayır, ancaq xoşbəxtikdən hava-damcı yolu ilə yoluxmurlar. Yəqin ki, peyvənd tapılana qədər  məsələ ciddiliyini qoruyacaq. Ancaq daha sonra total şəkildə nəzarətə götürülməsi haqqında fikir söyləmək olacaq”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}