27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Azad Demokratlar Partiyasının sədri, milli təhlükəsizlik nazirinin sabiq birinci müavini Sülhəddin Əkbərin mediaya son müsahibəsinin rezonansı davam edir. Sabiq nazir müavini həmin müsahibəsində 1992-93-cü illərdə KQB arxivlərinin açılması məsələsindən tutmuş 4 iyun Gəncə qiyamına qədər bir çox mövzulara toxunub. S.Əkbər milli təhlükəsizlik nazirinin birinci müavini vəzifəsinə təyinatı barədə də danışıb. O qeyd edib ki, həmin vəzifəyə təyinatı İsa Qəmbərin istəyi ilə həyata keçib. Nazirin birinci müavini təyin olunacağından məlumatsız olduğunu bildirən S.Əkbər həmin dövrdə Xalq Cəbhəsinin üzvü olmadığını da xatırladıb.
Sülhəddin Əkbərin milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilməsi ilə bağlı dediklərinə sözügedən təyinat imzalanan vaxt Ali Sovetin sədri olan və prezidentin səlahiyyətlərini icra edən Yaqub Məmmədov "AzPolitika.info”ya müsahibəsində münasibət bildirib. Y.Məmmədov qeyd edib ki, Sülhəddin Əkbərin namizədliyini rəhmətlik Afiyəddin Cəlilov irəli sürmüşdü, mən də onu bəyənmişəm və təyin etmişəm: "Sülhəddin Əkbər müsahibəsində qeyd edib ki, guya İsa Qəmbər və ya başqa bir nəfər onun namizədliyini irəli sürüb. Qətiyyən belə bir şey olmayıb. Onun namizədliyini rəhmətlik Afiyəddin müəllim irəli sürüb, məndən xahiş edib. Mən də onu nazir müavini təyin etmişəm.
Üzərindən 27 il keçdikdən sonra belə deyirlər ki, guya Yaqub Məmmədov Əbülfəz Elçibəyə deyib ki, İsgəndər Həmidov sizin namizəd kimi daxili işlər naziri təyin olunub, milli təhlükəsizlik nazirini də mən təyin edim. Qətiyyən belə şeylər olmayıb.
Mən onlara dedim ki, onsuz da icra hakimiyyəti orqanlarını götürmüsünüz. Özünüz kimi istəyirsiniz təyin edək. Elçibəy dedi ki, milli təhlükəsizlik naziri ölkənin birinci şəxsinin tanıdığı adam olmalıdır. Ölkənin birinci şəxsi, Yaqub bəy, sizsiniz və bu posta öz namizədinizi təklif edin. Mən də bir neçə təklif irəli sürdüm, bəyənmədilər. Çünki bu adamlar mitinqlər zamanı onlarla hansısa formada üz-üzə gəlmişdi. Sonradan Fəxrəddin Təhməzovun adını çəkdim. Onu tanımırdılar deyə heç kəs etiraz etmədi. Əbülfəz bəy xahiş etdi ki, onu dəvət edin, görək kimdir. Dəvət etdim, bir az söhbət etdikdən sonra Əbülfəz bəy onu bəyəndi və dedi ki, nazir təyin etmək olar. Hadisə bu cür olub. Amma Sülhəddin Əkbər müsahibəsində qeyd edib ki, guya mən demişəm milli təhlükəsizlik naziri vəzifəsinə mən öz adamımı təyin edəcəyəm.
Elçibəy təkid etdi ki, bu posta namizədlə bağlı mütləq mən təklif irəli sürməliyəm. Mən də bir neçə nəfəri təklif etdim, o cümlədən də Təhməzovu. Digər namizədləri cəbhəçilər tanıdıqları üçün etiraz etdilər. Çünki o şəxslər Milli Təhlükəsizlik Nazirliyində rəhbər postlar tuturdular və görünür, müxalifətin tədbirlərində bunlara mane olmuşdular. Təhməzovu isə tanımırdılar. Onunla görüşdükdən sonra razılıqlarını veriblər".
Y.Məmmədov deyib ki, o vaxt hakimiyyəti faktiki olaraq, müxalifət zəbt etmişdi. Mütəllibov getmişdi, Ali Sovet və Prezident Aparatı onların nəzarətində idi: "Mən də istefa vermək istəyirdim, amma onlar məni buraxmaq istəmirdilər. Deyirdilər ki, siz oturun, bizə lazımsınız, sizinlə işləyəcəyik və s. Ancaq sonra mənim razılığım olmadan mayın 18-də Ali Sovetin sessiyasının iclasını çağırıb məni vəzifədən azad etdilər. Bununla da məsələ bitdi”.
Sabiq dövlət müşaviri, Müsavat Partiyasının başqanı Arif Hacılı isə S.Əkbərin milli təhlükəsizlik nazirinin birinci müavini vəzifəsinə təyin olunmasının onun təklifi ilə həyata keçdiyini bildirib: "Sülhəddin Əkbər MTN işinə çox maraq göstərirdi. O dövrdə normal münasibətlərimiz vardı. Ən böyük arzusu MTN naziri olmaq idi və bunu məndən gizlətmirdi.
Həm də MTN naziri olarsa, Azərbaycan üçün böyük işlər görə biləcəyini deyirdi. 1992-ci il 15-16 may günlərində Ali Sovetin binasındakı prezident otağında o vaxt Ali Sovetin sədri və prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədovla vəziyyəti normallaşdırmaq üçün kadr dəyişiklikləri məsələlərini müzakirə edirdik. Görüşdə Yaqub Məmmədov, Əbülfəz Elçibəy, İsa Qəmbər, İsgəndər Həmidov, Afiyəddin Cəlilov, mən və səhv etmirəmsə, Pənah Hüseyn iştirak edirdi. İsgəndər Həmidovun daxili işlər naziri vəzifəsinə namizədliyi yekdil qəbul olundu. Baş prokurorun dəyişdirilməsi məsələsi müzakirə olunmadı. Çünki hələ 7 iyun seçkilərinə təqribən 2 aya yaxın müddət qalmış o dövrün baş prokuroru Murad Babayevlə Elçibəyin yaşadığı konspirativ mənzildə görüşlərini təşkil etmişdim. Elçibəy prezident seçiləcəyi təqdirdə, onu vəzifəsində saxlayacağını demişdi. MTN nazirinin təyinatı məsələsi mübahisə yaratdı. Mən Sülhəddin Əkbərin namizədliyini irəli sürdüm. Yalnız Afiyəddin Cəlilov özünəməxsus jestləri ilə bu təklifə dəstək verdi. İsgəndər Həmidov açıq şəkildə etiraz etdi. Elçibəy Namiq Abbasovun namizədliyini irəli sürdü, İsgəndər Həmidov ona da qəti etiraz etdi. Dəstək verən də olmadı.
Sonda Yaqub Məmmədov Fəxrəddin Təhməzovun namizədliyini irəli sürdü. Bu namizədə İsgəndər bəy də ciddi dəstək verdi. Təyinatları prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədov edəcəkdi. Fərmanları o imzalayacaqdı. Ona görə də ciddi mübahisə etmədən bu namizədə razılıq verildi. Belə olan halda mən Sülhəddin Əkbərin nazirin birinci müavini təyin olunmasını tələb etdim. Etiraz olmadı. Eyni zamanda tələb etdim ki, onun namizədliyi də Milli Məclisdə təsdiq olunsun. Sülhəddin Əkbər Azərbaycan tarixində təyinatı parlament tərəfindən təsdiq olunan yeganə nazir müavinidir".
Bəs Sülhəddin Əkbər bir videomüsahibəsinin bu qədər rezonans doğuracağını, bu qədər açıqlamalar verilməsinə gətirib çıxaracağını gözləyirdimi? Nazirin birinci müavini təyinatı ilə bağlı Yaqub Məmmədovun dediklərinə münasibəti necədir?
S.Əkbər hələlik hər hansı bir münasibət bildirmək istəmədiyini bildirdi: "Mən istəyirdim bu məsələlər barədə yazılı açıqlama yayım. Lakin ölkənin gündəmi dəyişdiyinə görə mən indi bu məsələlərlə bağlı əlavə açıqlama vermək istəmirəm. Lakin yazılı açıqlamam olacaq”.