Saytlara Rusiya ilə bağlı qadağalar qoyulacaq? – “Rəsmi media qurumlarından tələb oluna bilər ki...”


Xarici işlər naziri Ceyhun Bayramov ötən gün Bakıda rusiyalı həmkarı Sergey Lavrovla “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalayıb.

Maraqlıdır, Rusiya əleyhinə tənqidi yazılara Azərbaycanda  məhdudiyyətlər tətbiq olunacaqmı?

Sozcu.info-nun məlumatına görə, bununla bağlı danışan Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib ki, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi ilə əlaqəli sazişin hökumət başçısı və ya aidiyyatı qurumlar, məsələn, DTX və ya RİNN tərəfindən deyil, məhz XİN rəhbəri tərəfidnən imzalanması düşündürücü məqamdır:

“Azərbaycandakı informasiya resurslarının, xüsusilə də rusdilli saytlarımızın Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi haqqında tənqidi yazıları Rusiyanın rəsmi dairələrini çox narahat edir. Məlumdur ki, artıq Rusiyanın rəsmi strukturları  bizim bir çox informasiya resurslarımızı bloklayıb. Azərbaycanın maraqlarına zidd fəaliyyət göstərən RİA Novosti-nin Azərbaycanda bloklanması da görünür ki, Rusiyanı narahat edib. Çünki Rusiyanın xeyli sayda infomasiya resursları var ki, hələ də Azərbaycanda internet, Kabel TV və İPTV vasitəsilə də yayımlanırlar. Bu sazişdən sonra gözləmək olar ki, bloklanan Azərbaycan resurslarının Rusiya ərazisində sərbəst fəaliyyəti təmin olunacaq. Amma, eyni zamanda gözləmək olar ki, Azərbaycanın informasiya mühitində Rusiya əleyhinə tənqidi yazılara məhdudiyyətlər tətbiq edilsin. Bu, xüsusilə də Rusiya-Ukrayna müharibəsi ilə əlaqəli yazılarda özünü biruzə verəcək”.

Ekspert qeyd edib ki, Rusiya Ukraynaya qarşı apardığı işğalçılıq müharibəsini “xüsusi əməliyyat” adlandırır və güman ki, bizim rəsmi media qurumlarından da bu qaydanı gözləmək tələb olunacaq:

“Müstəqil medianın isə işğalçı müharibəni “xüsusi əməliyyat” adlandıracağını gözləmirəm. Sazişin tam olaraq reallaşacağına şübhə edirəm. Çünki orada qeyd olunan müddəalar CERT qurumlarının, bu sahədəki səlahiyyətli qurumların ciddi əməkdaşlığını tələb edir. Hansı ki XİN –də belə imkanlar , səlahiyyətlər yoxdur, bunu sənədi imzalayanlar da bilməmiş deyil. Çünki informasiya və kiber mühitdə bizə qarşı  ən böyük təhdidlər məhz Rusiya tərəfdən, xüsusilə də erməni lobbisinin iştirakı ilə baş verir. Bu sazişin əhəmiyyəti yalnız o ola bilər ki, Rusiyada erməni lobbisinin Azərbaycana qarşı informasiya savaşı, erməni separatizminin Rusiya mediası tərəfindən təbliği  nisbətən səngiyə bilər və  Rusiyanın dövlət nəzarətindəki media qurumları Azərbaycan əleyhinə xəbərləri, reportajları yayımlamağı bir müddət dayandıracaq. Bu sazişdən sonra Azərbaycanın media mühitində Rusiya maraqlarına uyğun məhdudiyyətlərin hansı səviyyədə olacağını zaman göstərəcək”.

Sfera.az



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}