Dünən, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
Dəyişiklik “Əmək pensiyaları haqqında” Qanuna əsasən həyata keçirilir. Qanuna görə, azı 25 il sığorta stajına malik qadınların pensiya yaşı 2017-ci il iyulun 1-dən başlayaraq hər il 6 ay artırılır. Bu proses mərhələli şəkildə həyata keçirilib və 2026-cı il iyulun 1-də yekunlaşacaq. Beləliklə, 2024-cü ilin iyulunda qadınların pensiya yaşı 64-ə, 2025-ci ilin iyulunda 64 il 6 aya çatdırılmışdı. Kişilər üçün pensiya yaşı isə əvvəlki kimi 65 yaş olaraq qalır.
Qeyd edək ki, qadınların pensiya yaşının artırılması son illərdə cəmiyyətdə müxtəlif müzakirələrə səbəb olub. Mövzu ilə bağlı diqqət çəkən məqamlardan biri orta ömür uzunluğu ilə pensiya yaşı arasındakı fərqdir.
Rəsmi statistikaya əsasən, Azərbaycanda qadınların orta ömür uzunluğu 78,4 ildir. Bu göstərici nəzərə alındıqda, qadınlar orta hesabla təxminən 13,6 il pensiya almaq imkanına malik olurlar. Bəzi ekspertlər hesab edir ki, bu müddət bir sıra Avropa ölkələri ilə müqayisədə daha qısadır və pensiya siyasəti müəyyən edilərkən bu amil də nəzərə alınmalıdır.
Hökumət isə pensiya yaşının artırılmasını demoqrafik dəyişikliklər, əhalinin yaşlanması və pensiya sisteminin maliyyə dayanıqlığının qorunması zərurəti ilə əsaslandırır. Qeyd olunur ki, orta ömür uzunluğunun artması və əmək bazarındakı dəyişikliklər pensiya sistemində bu cür islahatları qaçılmaz edir.
Musavat.com xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “AzPolitika”ya açıqlamasında bildirib ki, ölkədə 2017-ci ildə edilən dəyişikliklə kişilər və qadınlar üçün pensiya yaşının mərhələli şəkildə eyniləşdirilməsi və 65 yaşa çatdırılması qərara alınıb.
Ekspert qeyd edib ki, pensiya yaşının artırılması əsasən dövlət büdcəsinə düşən yükün optimallaşdırılması məqsədi daşıyır :“Son illərdə insanların orta ömür müddətinin artması fonunda pensiya xərclərinin yeni demoqrafik reallıqlara uyğunlaşdırılmasına cəhd edilir. İnkişaf etmiş və Qərb ölkələrinin əksəriyyətində də pensiya yaşı 65-dir. Lakin burada əsas fərq gözlənilən ömür uzunluğunda ortaya çıxır. Belə ki, həmin ölkələrdə pensiya yaşı 65 olsa da, əhalinin gözlənilən ömür müddəti adətən 81-82 yaşdan və ya daha yüksək göstəricilərdən ibarətdir”.
İqtisadçının sözlərinə görə, Azərbaycanda qadınlar üçün gözlənilən orta ömür müddəti 78,4, kişilər üçün 73,6 yaşdır, ümumi orta göstərici isə təxminən 76 yaş təşkil edir:“Pensiya yaşı eyni olsa da, gözlənilən ömür müddəti arasındakı fərq pensiyaya çıxan insanların daha qısa müddət pensiya almasına gətirib çıxarır. Pensiya yaşının artırılması gələcəyə hesablanmış addımdır. Statistik göstəricilər insanların həyat keyfiyyətinin yaxşılaşdığını, səhiyyə və sosial təminat imkanlarının genişləndiyini, bunun da orta ömür müddətinin yüksəlməsinə səbəb olduğunu göstərir”.
Bununla yanaşı, ekspert pensiya hesablamaları metodikasına yenidən baxılmasının vacibliyini də vurğulayıb:“Hazırkı qanunvericilikdə pensiya məbləği hesablanarkən gözlənilən orta pensiyaalma müddəti təxminən 11 il götürülür. Bu da orta gözlənilən ömür müddətinin 76, pensiyaya çıxma yaşının isə 65 olması ilə əlaqədardır. Əgər pensiya hesablamaları zamanı istifadə olunan metodika dəyişdirilərsə və daha qısa müddət əsas götürülərsə, bu, vətəndaşların daha yüksək məbləğdə pensiya almasına imkan yarada bilər. Bu məsələ gələcəkdə pensiya sisteminin təkmilləşdirilməsi baxımından müzakirə edilə biləcək istiqamətlərdən biridir”.
Bəzi ölkələrdə qadınların pensiya yaşı və orta ömür uzunluğu aşağıdakı kimidir:
Ölkə
Pensiya yaşı
Orta ömür uzunluğu
Azərbaycan
64,6 yaş
78,4 il
Türkiyə
58 yaş
81,4 il
Ermənistan
63 yaş
78,6 il
Rusiya
60 yaş
76,2 il
Gürcüstan
77,3 il
İran
55 yaş
Fransa
64 yaş
85,3 il
Almaniya
66 yaş
83,5 il
İtaliya
67 yaş
85,4 il
İspaniya
66 yaş 6 ay
86,1 il
BöyükBritaniya
83,1 il