Türkiyədə azərbaycanlılar üçün yaşamaq izni niyə çətinləşib? - AKTUAL


Bu ildən etibarən Türkiyədə yaşamaq istəyən azərbaycanlılara yaşamaq üçün icazələrin verilməsində müəyyən sıxıntılar yaşanır. Azərbaycanlılar “ikamət izni” almaqda çətinlik çəkirlər. Amma bunda da günah elə özümüzdə imiş. Bəli, istehza ilə demirəm. Həqiqətən də Türkiyədə bəzi qurumların azərbaycanlılara qarşı mülayim davranışlarından sui-istifadə edən azərbaycanlılar olub ki, bu gün onların sayəsində minlərlə azərbaycanlı yaşamaq üçün icazə ala bilmir.

Hurriyyet.az-ın məlumatına görə, “Türkiyə-Azərbaycan Mədəniyyə evi”-nin rəhbəri Hikmət Elp Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bir müddət əvvəl 2015-ci ildən əvvəl Türkiyəyə gələn azərbaycanlılara birdəfəlik müddətsiz yaşamaq icazəsi verilib. Bu işdə Hikməət bəyin və təşkilatının da böyük rolu olub. Həmin dövrdə yaşama icazəsi kartları üçün Köç idarəsi sadəcə olaraq 125 lirə tələb edirmiş. Amma bəzi işbaz azərbaycanlılar bu vəziyyətdən istifadə etməyə başlayıb. Bəziləri bu kart üçün 350 lirə, bəziləri isə 1000 lirə tələb edərək, azərbaycanlılara yaşama icazəsi alırmış. Bununla bağlı video və audio qeydlər Hikmət bəyə də göndərilibmiş.

“İndi biz “hər kəs Azərbaycan sevdalısıdır” desək reallıqdan kənar danışmış olarıq. Bura gələn insanlar dəyərini, ətrafını, karyerasını qoruyub yaşadığı müddətdə dəyər sahibi olacaq. Amma bura gəlib sui-istifadə etməyə çalışırsa, bunun bədəlini hər kəs ödəyir.

Bir gün mənə zəng elədilər ki, bir nəfər gəlib. Kimsə ona burada iş söz verib, o da borc-xərc edib, bilet alıb gəlib. İndi onu dəvət edən adamı axtarır, telefonları bağlı tapa bilmir. Həmin vaxt mən bir yazı yazdım. Əslində, Türkiyə Cumhuriyyəti gözəl bir addım atdı. Bu gün 2015-ci ildən əvvəl Türkiyəyə gələn, hətta qaçaq yaşayan bütün azərbaycanlılara müddətsiz yaşama icazəsi verilib. Bu, bir dəfəlik verilir. Sonra nə sığorta dərdi, nə də digər xərcləri düşünmürsən. Belə bir dövrdə mənfəət güdənlər özünü ortaya atdı. Köç idarəsi də yaşamaq icazəsi verməyi dayandırdı. İndi bir çox azərbaycanlı “bu gün deport edilərəm” qorxusu ilə yaşayır. Halbuki, yaşamaq icazəsi verilən zaman sui-istifadəçilər olmasaydı, hamı rahatlıqla oturum ala biləcəkdi”, - deyə Hikmət Elp qeyd edib.

"Bəzi insanların xətalı davanışları Köç idarəsini aqressivləşdirir. Bunu Azərbaycan da təsbit edib, həmin dələduzların cəzasını verməlidir. Kimsə Türkiyədə dələduzluqla məşğuldursa, dövlət onu təqib etməlidir. Həmin insanlar buradan deport edilir, amma Azərbaycan da onların cəzasını verməlidir" - deyən Hikmət Elpin sözlərinə görə, məhz bu səbəbdən hazırda azərbaycanlılara oturum izni verilməsi dayandırılıb. Yəqin ki, bu məsələlər aydınlığa çıxdıqdan sonra bu problem də öz həllini tapacaq.




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}