Mirdamət Sadıqov:"Batumidən 10 min ədəd velosiped sifarişi almışıq"

Mirdamət Sadıqov:"Batumidən 10 min ədəd velosiped sifarişi almışıq"

 

İsmayıllı rayon icra başçısı Mirdamət Sadıqov "Azərişıq" ASC tərəfindən Lahıc rayonuna təşkil olunan media-tur zamanı jurnalistlərə açıqlama verərək bildirib ki, İsmayıllıda turizmin inkişafı istiqamətində xeyli işlər görülüb.

Musavat.com xəbər verir ki, icra başçısı rayonda görülən və görülməsi planlaşdırılan işlər barəsində danışıb: "Biz velosiped zavodu tikməyi qarşıya məqsəd qoymuşduq. Cənab prezidentin xeyir-duası ilə artıq rayonumuzda Qafqazda yeganə olan velosiped zavodu tikilib. Hazırda zavodda qızğın işlər gedir. Bir saytda oxudum ki, guya velosiped zavodu işləmir. Belə deyil, məlumatlar yalandır. Biz iki ay öncə Batumidən dağ turizmi üçün 10 min ədəd velosiped sifariş aldıq. Bu, çox yaxşı haldır. Deyim ki, Lahıca hər gələn turist 3 manat xərcləsə, orta hesabla gündəlik 15-20 min daxil olur. Elə vaxt olur ki, bu çox olur. Buranın xüsusi inkişaf planı olmalıdır. Bu gün Azərbaycanda qədim sənətkarlığı qorumaq üçün lazımdır. Lahıcda 400 nəfərlik yeni məktəb tikilir. Vaxtilə Lahıcın 15-20 min əhalisi olub. Hazırda 3 minə yaxın əhali var. İldə 100 minə yaxın turist bura səfər edir. İsmayıllı yeganə rayondur ki, özü-özünü maliyyələşdirir. Biz dövlət büdcəsindən dotasiya almırıq. Rayon çox böyük təbii sərvətlərə malikdir. Tikiş fabriki var, xalça fabriki tikilib, kərpic zavodu var, böyük maldarlıq kompleksi tikilib və sairə. Bunlar insanların məşğulluğuna da şərait yaradır. İsmayıllı 104 min ton taxıl verir. Bu istehsal üzrə də respublikada birinci yerdəyik. Cəmi 34 min hektar əkinə yararlı torpağımız var. Məsələn, Ağsuda 40 mindən çoxdur. Bizim ərazimizin çox hissəsi dağlıqdır. Eyni zamanda Azərbaycanda ən çox meşə örtüyü də məhz İsmayıllıdadır ki, bu da düzgün istifadə olunarsa böyük gəlir potensialıdir. Turizmin inkişafı istiqamətində atçılıq, hava şarı, ümumiyyətlə dağ turizmi istiqamətində işlər aparılır. Biz Qəbələni təkrar edə bilmərik. Elə turizm yaratmalıyıq ki, orta iqtisadiyyatı olan rayonlar üçün eyni olsun. Artıq bizdə atçılıq turizmi üzrə xeyli işlər görülüb. Cavanşir qalasına qalxmaq üçün atlar da alınıb. Bu gün insanların dolanmağı üçün dövlət qanunları çərçivəsində nə mümkündürsə, onu da etmək lazımdır. Kim bunu necə başa düşürsə, düşsün. Məndən yazmışdılar ki, guya Zərnavada sallama körpüdən yığılan 50 qəpik mənə çatır. Xeyr, bu, belə deyil. Ora bələdiyyəyə tabedir. Onlar da həmin pulu elə körpünün özünə, yol çəkilməsinə xərcləyirlər. İcra hakimiyyəti bələdiyyənin işinə qarışa bilməz. Belə bir səlahiyyətimiz yoxdur”.

İcra başçısı qeyd edib ki, gündəlik məişət həyatı, heç də adi İsmayıllı sakininin yaşam tərzindən fərqlənmir. O, həmçinin məlum İsmayıllı hadisələrindən sonra rayonda hansı istiqamətdə yeniliklər edildiyini də söyləyib:"Moskvada, daha sonra isə İtaliyada təhsil almışam. Ona görə də demokratik dəyərləri yaxşı bilirəm. Bizim Lahıc camaatı elə qədimdən demokrat olublar. Burada heç zaman milis, polis olmayıb. Sadəcə olaraq ağsaqqal var idi və o nə deyirdisə elə də hərəkət edirdik. İsmayıllı rayonu isə başqadır. Burada 8-dən çox millət yaşayır. Ona gör də elə optimal variant tapmalısan ki, hamıya bərabər olasan. Buranın 4-cü icra başçısıyam. İnsan sadə olmalıdır. İnsana geyindiyi paltara görə hörmət etmirlər. Həyat tərzinə, insanlarla davranışına görə hörmət edirlər. Kim vəzifədədirsə, daha da sadə olmalıdır. Cənab prezident də çıxışlarında bu məsələyə tez-tez toxunur. Universitetin rektoru işləyirdim, məsləhət oldu ki, bura icra başçısı gəldim. Rektor kimi müəllimlərlə, tələbələrlə danışmaq başqadır, icra başçısı olaraq sadə peşə adamları, ehtiyacı olan insanla ünsiyyət qurmaq isə tamamilə ayrı təcrübə tələb edir. Belə də olmalıdır. Yəni hər bir adam öz yerində rahat olmalıdır. Mən şəxsən bütün işlərimi özüm görürəm. Camaat da bazara gedir, mən də özüm bazarlığımı edirəm. Odunumu da özüm doğradıram, digər işləri də özüm görürəm. Qonşum da görür ki, mənim onlardan heç bir fərqim yoxdur. Bax, münasibətlər bu cür olmalıdır".

Əli Rais



Oxşar Xəbərlər

Xəbər lenti