Tıxacda qalan deputatlar: "Tələbələr velosipedlərdən istifadə etsinlər" - SORĞU - FOTO


Uzun illərdir paytaxt yollarında yaranan tıxaclar çarəsi tapılmayan xroniki xəstəliyə çevrilib. Elə ki havalar bir qədər soyuyur və yağıntılar başlayır, onda vəziyyət daha da pisləşir.

Maraqlıdır, xalqın səsini hökumətə çatdıran millət vəkilləri özləri tıxacda qalırmı?

Hurriyyet.az-ın əməkdaşı bu sualın cavabını öyrənmək üçün deputatlar arasında sorğu keçirdi.

Kimi hər gün saatlarla tıxacda qalmaqdan gileyləndi, kimisi də həlli yollarını axtardı...

Nəticəni təqdim edirik:

Fəzail Ağamalı

"Mən hər gün tıxacdayam. Novxanıda bağda yaşayıram. Bakı-Sumqayıt yolunda “Ekologiya postu”ndan avtovağzala, 20 Yanvara qədər uzun tıxaclar yaranır. Saat 8-10 arası şəhərə girmək istəyən hər kəs tıxacda azı 30-40 dəqiqə qalır.

İnsan üçün ən qiymətli şeylərdən biri vaxtdır. Tıxac da bizdən vaxtımızı alır, əsəblərimizi korlayır. Üstəlik sağlamlığımıza da ziyan vurur.

Fikrimcə, tıxacı aradan qaldırmaq üçün ilk növbədə 20 Yanvar istiqamətində yol kənarlarında dayanan avtomobillərə qarşı tədbir görülməlidir".

Musa Qasımlı

"Mən işə 20 Yanvar metrostansiyası tərəfdən gəlirəm və demək olar ki, bu yolda hər gün tıxacda qalıram. Əvvəllər paytaxtda tıxac bəlli saatlarda olurdu, ancaq indi bu dəyişib. Səbəb də paytaxtda maşınların sayının çoxalması, küçələrin isə geniş olmamağıdır. Tıxac tək bizdə yox, elə dünyanın bütün ölkələrində böyük problemdir. 

Ölkəmizdə tıxacların yaranmasının bir səbəbi də bəzi sürücülərin qaydalara əməl etməməsidir". 

Məlahət İbrahimqızı

"Sözsüz ki, mən də tıxaclardan əziyyət çəkirəm. Buna da əsas səbəb maşınların sayının çoxalmağı və bəzi vətəndaşların qısa məsafəni belə avtomobillə qət etməsidir. Tıxacları azaltmaq üçün gərək insanlar özləri bu işə maraqlı olsunlar. İşə gedənlər və tələbələr velosipedlərdən istifadə edib, piyada gəzintiyə üstünlük versinlər.

Mənim evdən Milli Məclisə getməyim normal zamanda 20 dəqiqəlik maşın yoludursa, artıq bu yolu 40 dəqiqəyə gedirəm".

Vahid Əhmədov

"Demək olar, hər gün tıxacda qalıram. Elə vaxt olur, bu, 1 saat çəkir. Maşın sıxlığı Bakı şəhəri üçün ən böyük problemlərdən biridir. Vaxt var idi, ölkədə 300 min maşın var idi, bu gün həmin rəqəmlər 1 milyon 600 minə çatıb.

Tıxac problemini həll etmək üçün variantlar çoxdur. Bunlardan biri də Bakı-Quba yolunun ətrafında, yaxud da Qaradağ rayonu tərəfdə yeni şəhərin salınmasıdır.

Bakını bu qədər yükləmək olmaz. Əlavə yollar çəkilməlidir, yollar genişləndirilməlidir".

Tahir Rzayev

"Elə olub, saat yarım tıxacda qalmışam. Təxminən 10 gün əvvəl Dərnəgül yolunda 10 dəqiqəlik yolu 1 saat 20 dəqiqəyə gedə bilmədik. Yol bağlandı, qaldıq orada.

Tıxac hamının işinə mane törədir, əsəb gərginliyi yaradır. Əlavə olaraq orada gözləyən maşınların tüstüsü zəhəri insana ziyandır. 2 il əvvəl tıxaca görə təyyarəyə çata bilmədim. Özü də reysdən 2 saat öncə evdən çıxmağıma baxmayaraq…

Avtobus sürücülərini qınaya bilmirəm. Bu tıxacla mənzilbaşına tez çatmağa çalışırlar, asan deyil".

Baku.ws



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}