Ağcabədidə cinayətkar “ovu”


«Bizə verilən məlumata görə, Ağcabədi rayonuna yeni təyin olunmuş prokuror Vüqar Hacıyev, rayonda vəzifə səlahiyyətlərini aşan işlərlə məşğuldur». 

Ovqat.com-a Ağcabədidən göndərilən bir məktubda belə bildirilir.

Məktub müəllifi filiologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Zəkulla Bayramlının yazdığına görə,  Ağcabədinin yeni prokuroru Vüqar Haciyev müəyyən kəndlərdəki evlərə polis işçilərini göndərib istədiyi adamları rayona apartdırır, özü şəxsən sorğu-suala tutur, hədə-qorxu gəlir, hətta bəzilərinin şəxsi və ailə münasibətləriylə maraqlanır:

«Daha dəqiq desək, 21 oktyabr 2022-ci il tarixdə  Qaravəlli kənd sakinlərinin bir neçəsini, qadınlar da daxil olmaqla, təxminən saat 18.00 radələrində rayona apartdırıb, şəxsən dırnaqarası istintaq əməliyyatı apardıqdan sonra yalnız gecə saat 01.00-da evlərinə buraxıb. Görəsən, prokuror V.Hacıyevin bu cəsarəti və saymazlığı haradan qaynaqlanır? Doğrudanmı, o, işlədiyi rayonda istədiyi adamı sənəd-sübutsuz istədiyi vaxt prokurorluq binasına zorla apartdırıb sorğu-sual etmək kimi hədsiz səlahiyyətlərə malik olduğunu düşünür? Doğrudanmı, o, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş insan hüquq və azadlıqlarından, eləcə də tutduğu vəzifədən asılı olmayaraq, hər bir vətəndaşın qanun qarşısında eyni dərəcədə məsuliyyət daşımasından xəbərsizdir?      

İlk prokurorluq təcrübəsinə Ağcabədidə başlayan Vüqar Hacıyev rayonda, görəsən, hansı cinayətkar “ovuna” çıxıb? Bəlkə isti-isti hansısa dəhşətli  cinayət hadisəsinin izinə düşüb? Yoxsa, olduqca qorxulu və dəhşətli cinayət hadisəsinin üstünü açmaqla adını tarixə yazdırmaq istəyir? Olduqca qəribə və təəssüfləndirici haldır ki, o, ilk prokurorluq təcrübəsinə Azərbaycan Respublikasının Konstitusiyasını, qanunçuluğu, eləcə də, ölkədə hər bir vətəndaşın azadlığının qorunması  hüququnu ayaqlar altına atmaqdan başlayıb. Bəlkə onun qanunçuluğun əlifbası olan “günahsızlıq prezumpsiyasından” da xəbəri yoxdur? Qəribədir, çox qəribədir...Mən, buradan Azərbaycan Respublikasının baş prokuroru, cənab Kamran Əliyecə müraciət edərək, Ağcabədi rayon prokuroru Hacıyev Vüqar Aydın oğlunun öz vəzifə səlahiyyətlərini və ölkədə hər bir vətəndaşın konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının qanunla qorunmasının vacibliyini ona xatırlatmasını xahiş edirəm. Bəlkə o, Ağcabədi rayonunda qanunçuluğu orta əsrlər qaydasında qorumağı qarşısına məqsəd qoyub? Hər halda, bir kənddən insanları gecə vaxtı kütləvi şəkildə maşınlara doldurub rayon prokurorluğunun binasına aparıb saatlarla ac-susuz saxlamaq və hədə-qorxu gəlməklə istədikləri məlumatı almağa məcbur etmək əməlinə başqa ad vermək mümkün deyil. Bu gedişlə Vüqar Hacıyevin Ağcabədidə nə qədər prokuror işləyəcəyini deyə bilmərik, yalnız onu deyə bilərik ki, o, rayonda prokurorluq fəaliyyətində çox da xoş olmayan bir presedentlə tarixə düşdü. Allah axırını xeyir eləsin".



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}