HACIBALA ABUTALIBOV VƏ QOHUMUNUN "TORPAQ MAFİYASI"

HACIBALA ABUTALIBOV VƏ QOHUMUNUN "TORPAQ MAFİYASI"

 

Elşən Hüseynov: "Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Anar Məmmədov bizə hədə-qorxu gəlib, şantaj edib"

"Heç kimin torpağını zəbt etməmişik, torpağımız Nizami rayonu, Şərq küçəsi 40/85 ünvanında yerləşir və həmin ərazinin Suraxanı rayonuna heç bir aidiyyatı yoxdur"

"Valideynlərim 2000-ci ildən etibarən həmin torpağa görə Nizami Rayon Bələdiyyəsinin "Kapital Bank"dakı hesabına vergi ödəyir"

Ötən gün redaksiyamıza müraciət edən Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi, ev 84, mənzil 4-də yaşayan Elşən Ağa oğlu Hüseynov Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Anar Məmmədovun əməllərindən şikayətləndi. Elşən Hüseynovun sözlərinə görə, adıçəkilən polis mayoru ona qarşı qərəzli mövqe sərgiləyir, hüquqlarını kobud surətdə tapdalayır.

Beləliklə, təxminən, 3-4 gün öncə heç bir cinayət hadisəsi törətmədiyi halda Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən evindən aparıldığını bildirən şikayətçi qeyd edir ki, ona verilən ilkin məlumatda hansısa ölüm hadisəsində şübhəli şəxs qismində adının hallandığı deyilib: "Aparılmağımın səbəbini soruşduqda dedilər ki, sizin üstünüzdə ölüm işi var, bu işlə bağlı şübhəli şəxs kimi tanınırsınız. Onlara bildirdim ki, heç bir cinayət işim yoxdur, ümumiyyətlə bu haqda məlumatsızam. Qeyd olunan cinayətdən xəbərim olmadığını bildirməklə yanaşı, buna aydınlıq gətirilməsini xahiş etdim. Bu zaman polis əməkdaşları dedilər ki, gedək idarəyə, orda sizə bu barədə ətraflı məlumat veriləcək. Beləliklə, məni evdən götürdükdən sonra Suraxanı Rayonu Polis İdarəsinin 32-ci polis bölməsinə apardılar. Polis bölməsində məlum oldu ki, məni bura gətirmələrinin səbəbi ölüm hadisəsi yox, Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi 40/85 ünvanındakı torpağımız və orada yerləşən evimizlə bağlıdır".

"Baş müstəntiq Anar Məmmədov, Hacıbala Abutalıbovun qohumu, onun keçmiş köməkçisi Cəfərov Vüsal İdris oğlunun adamları bizə təzyiq, təsir göstəriblər"

Torpağının Suraxanı rayonunda deyil, məhz Nizami rayonu ərazisində yerləşdiyini vurğulayan Elşən Hüseynov iddia edir ki, 18 ildir Şərq küçəsi 40/85 ünvanındakı torpağa görə Nizami rayon bələdiyyəsinə dövlət rüsumu ödəyib: "Nəzərinizə çatdırım ki, sözügedən torpaq sahəsi Nizami rayonu ərazisində yerləşdiyi halda, Suraxanı Rayon Polis İdarəsi heç bir əsas olmadan mənə axtarış verib. Lakin həmin axtarışdan xəbərim olmayıb. Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Anar Məmmədov barəmdə Cinayət Məcəlləsinin 188.2-ci maddəsiylə (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma - red.) cinayət işi qaldırıb. Ancaq mən qeyd olunan maddə ilə qaldırılan cinayət işini qəbul etmirəm və belə bir cinayət əməli törətməmişəm. Çünki həmin torpaq sahəsi Bakı şəhəri, Nizami rayonunun ərazisində olmasına baxmayaraq, Anar Məmmədov və digərləri bunun əksini iddia edir, guya ərazinin Suraxanı rayonunda yerləşdiyini bildirirlər. Qeyd edim ki, həmin torpaq sahəsi Nizami rayonu ilə Suraxanı rayonunun kəsişməsində yerləşdiyinə görə iddia edirlər ki, bura Suraxanı rayonunun ərazisidir. Və bu iddia ilə də Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Anar Məmmədov, o cümlədən rayonun digər yetkili şəxsləri dəfələrlə bizə gəlib, hər dəfə də fərqli iddiaçının adı ilə deyirlər ki, bu torpaq filan adamındır. Bu proses 2017-ci ilin mart ayından başlayıb və evimiz sökülən vaxta qədər müxtəlif şəxslər, daha dəqiq desəm, baş müstəntiq Anar Məmmədov, Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı, baş nazirin müavini Hacıbala Abutalıbovun qohumu, onun keçmiş köməkçisi Cəfərov Vüsal İdris oğlunun adamları bizə təzyiq, təsir göstəriblər. Bununla bağlı baş müstəntiq Anar Məmmədovla dəfələrlə danışığım olub və məndə səs yazısı da var. Deyirəm ki, Anar müəllim, siz qeyri-qanunsuz, özbaşına işlər görürsünüz. Siz müstəntiqsiniz, cinayəti, cinayətkarı araşıdırmalısınız. Burada cinayət hadisəsi baş verməyib və cinayətkar da yoxdur. Sadəcə, torpaq mübahisəsidir. Bu işə də məhkəmə baxa bilər. Bu torpağın Suraxanı rayonuna aidiayyatı yoxdur, torpaq Nizami rayonu ərazisindədir".

"Anar Məmmədov məsələ ilə bağlı şikayətlərimizə məhəl qoymadan yuxarılara yalan məlumatlar verir"

Şikayətçinin sözlərinə görə, Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Anar Məmmədov və baş nazirin müavini Hacıbala Abutalıbovun qohumu Vüsal Cəfərovun adamları hər dəfə başqa-başqa şəxslərə çıxarış verərək, deyirlər ki, topraq filankəsə məxsusdur: "Biz bu barədə dəfələrlə Daxili İşlər Nazirliyinin "102" qaynar xəttinə zəng vuraraq məlumat vermişik, onlardan yardım istəmişik. Bundan başqa, ölkə başçısına, birinci vitse-prezidentə, daxili işlər nazirinə, baş prokurora dəfələrlə rəsmi qaydada müraciət edib üzləşdiyimiz haqsızlığa son verilməsində bizə köməklik göstərmələrini xahiş etmişik. Onu da deyim ki, Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Anar Məmmədov məsələ ilə bağlı şikayətlərimizə məhəl qoymadan yuxarılara yalan məlumatlar verir. Aydın məsələdir ki, bu işdə onu maraqlandıran nəsə məqam var. Qeyd edim ki, Hacıbala Abutalıbovun yaxın qohumu Cəfərov Vüsal İdris oğlunun Suraxanı rayonunda, o cümlədən Bakı şəhərinin digər ərazilərində milyonlarla dəyəri olan çoxlu sayda obyekti, hektarlarla torpağı var. Suraxanı rayonunda demək olar ki, bütün yetkili şəxslər onu yaxşı tanıyır və heç kim sözündən çıxmır. Yəni o, hər kəsi hecə lazımdırsa, razı sala, öz çirkin əməllərinə qoşa bilir. Hadisələrin gedişatından belə gördük ki, Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Anar Məmmədova Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi 40/85 ünvanındakı torpağımızı əlimizdən almaq barədə tapşırığı Cəfərov Vüsal İdris oğlu verib. Çünki evimizin söküntüsü zamanı əraziyə gəlib-gedənlərin hamısı Cəfərov Vüsal İdris oğlunun adamları idi".

"Məni ailəmlə bir yerdə, zor tətbiq edərək Suraxanı Rayonu Polis İdarəsinin 32-ci polis bölməsinə apardılar"

Bu arada, Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi 40/85 ünvanında yerləşən evinin qanunsuz uçurulduğunu deyən Elşən Hüseynovun bildirdiyinə görə, iş məhkəmədə olub və qərar verilib ki, həmin torpaq sahəsində nə tikinti, nə də söküntü aparıla bilər: "Lakin məmurlar məhkəmə qararına əhəmiyyət vermədən evimi sökdülər. Qeyd edim ki, 2017-ci ilin sentyabr ayının 20-də əraziyə ağ rəngli "BMW X6" markalı avtomobil və arxasınca bir dəstə adam gəlib bizi evimizdən çıxardılar. Dedilər ki, guya bu torpaq onlara məxsusdur. Mən və ailə üzvlərim dedik ki, nə oldu, digərləri getdikdən sonra indi ortaya siz çıxdız. Onları tanımadığımızı bildirsək də, qarşı tərəf israrla torpağın onlara məxsus olduğunu dedilər. Bununla bağlı əllərində hansısa sənədin olduğunu soruşduqda və həmin sənədi bizə təqdim etmələrini xahiş etdikdə, Suraxanı Rayonu Polis İdarəsinin 32-ci polis bölməsinin əməkdaşları, o cümlədən Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Anar Məmmədov buna imkan vermədi. Onlar bizə hədə-qorxu gəldilər, tutduracaqları ilə təhdid etdilər, müxtəlif formalı təzyiqlər göstərdilər. Bu zaman biz dərhal "102" xidmətinə zəng vurduq və hadisə ilə bağlı məlumat verdik. Lakin buna baxmayaraq, məni ailəmlə bir yerdə, zor tətbiq edərək Suraxanı Rayonu Polis İdarəsinin 32-ci polis bölməsinə apardılar. Bölmədə izahatımızda qeyd etdik ki, heç kimin torpağını zəbt etməmişik və bizim torpağımız Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi 40/85 ünvanında yerləşir. Bir daha vurğuladıq ki, həmin ərazinin Suraxanı rayonuna heç bir aidiyyatı yoxdur. Bundan sonra bizi sərbəst buraxdılar. Beləliklə, ortalama götürsək, artıq 100-cü dəfədir ki, bizi polis bölməsinə aparıb, bir qədər sonra buraxırlar. Hər dəfə biri ortaya çıxır və həmin torpağa iddiasını ortaya qoyur. Buna görə də bizi döyərək, söyərək polis bölməsinə aparırlar. Yeri gəlmişkən, deyim ki, evdə olmadığın vaxt Şirin Abbasov adlı biri qapımızı döyüb. Həmin vaxt qohumum Əsgərov Tural Rizvan oğlu anamgillə bir yerdə həyətdə olub. Qeyd edim ki, "BMW X6"da gələn şəxs özünü Abbasov Nazim kimi təqdim edib və torpağın sahibi olduğunu idda edib. O, bizə heç bir sənəd göstərməyib. Sadəcə, şifahi şəkildə torpağın ona məxsus olduğunu bildirib. Dəfələrlə ondan sənəd təqdim etməsini xahiş etsək də heç bir sənəd göstərməyib. Nəzərinizə çatdırım ki, onlar evdə ailə-uşağın olmasına baxmayaraq, kobud hərəkətlər ediblər və bu zaman qohumum Əsgərov Tural Rizvan oğlu buna etirazını bildirib. Bu vaxt Abbasov Nazimin yanındakı şəxslər polis əməkdaşının gözü qarşısında yerdən götürdüyü butulkanı sındırıb Əsgərov Tural Rizvan oğlunun boğazını yaralayıb. Deyir ki, sənin başını kəsib həyətə ataram, gövdəni itirərəm. Görün, vəziyyət nə həddə çatıb ki, Daxili İşlər Nazirliyinin əməkdaşının gözü qarşısında vətəndaşın boğazına butulka qırığı dirəyib onu ölümlə hədələyirlər. Mən evə çatdıqda bununla bağlı polis əməkdaşına öz etirazımı bildirdim. Bundan sonra polis əməkdaşı butulka ilə qohumuma hücum çəkən şəxsə göz ağardaraq " Qanunsuzluq etmə", deyə iradını bildirdi. Daha sonra dedilər ki, gedək 32-ci polis bölməsinə. Biz bununla razılaşmadıq və dərhal "102" xidmətinə zəng vurduq. Həmin zəngdən sonra öz rayonumuzun polisləri, yəni Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin əməkdaşları gəldilər. Onlar bizi polis idarəsinə dəvət etdilər. Orada biz Abbasov Nazimdən şikayət etdik və hadisə ilə bağlı ətraflı məlumat verdik. Beləliklə, polis işçiləri tərəfindən araşdırma getdikdən sonra məlum oldu ki, ağ rəngli "BMW X6"da Abbasov Nazim adıyla gələn şəxsin əsl adı Şirindir. Bundan sonra 24-cü polis bölməsi dərhal gəmin şəxsi axtarışa verdilər. Lakin bu zaman Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Anar Məmmədov Nizami rayonu ilə əlaqə saxlayaraq deyib ki, bu işlə bağlı materialların hamısı bizdə toplanır, xahiş edirən həmin ərizəni də bizə göndərəsiniz, biz burda aydınlaşdıraq. Qeyd edim ki, sözügedən şikayətimizə baxılması üçün dəfələrlə Suraxanı Rayon Polis İdarəsinə müraciət etsək də, Anar Məmmədov ona verilən rütbədən istifadə edərək, özbaşınalıqlarına davam edib, bizə hədə-qorxu gəlib, şantaj edib. Yəni o, polis əməkdaşına yaraşmayan sözlərlə bizi təhdid edib".

"Artıq 22-ci şəxsdir ki, çıxarışla gələrək torpağın ona məxsus olduğunu deyir. Görünür, çıxarış düzəltmək onlar üçün 2 vur 2-dir"

Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Anar Məmmədovun yuxarı instansiyalara yalan məlumatlar verdiyini, məsələnin əsl mahiyyətini gizlətdiyini iddia edən Elşən Hüseynovun sözlərinə görə, özünü Abbasov Nazim kimi təqdim edən, lakin əsl adı Şirin olan şəxsin sənədinin saxta olması bəlli olub: "Bundan sonra dərhal Suraxanı Rayonu Polis İdarəsinin 32-ci polis bölməsinə və "102" xidmətinə zəng vuraraq dedik ki, Şirin adlı şəxsin sənədi saxta idisə, o zaman niyə bizim evimizə daxil olub, ailə üzvlərimizə hədə-qorxu gəlirdi?! Cavab verdilər ki, məlumatımız yoxdur, biz bunu bilmirik. Axı, necə bilmirlər?! Bununla bağlı ərizə yazmışıq, rəsmi qaydada şikayət etmişik. Lakin ərizəmizə baxan yoxdur. Ailəm hələ də qorxu içində yaşayır. Bir müddət əvvəl biri gəlib deyir ki, mən Seyidin adamıyam. Həmin şəxs bizə "Vinçestr" çıxarıb təhdid edib. Bu barədə də polisə məlumat vermişik və bunların hamısının fotoşəkilləri bizdə var. Ancaq yenə də əhəmiyyət verən, köməklik göstərən yoxdur. Qeyd edim ki, Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Anar Məmmədovla sonuncu dəfə danışdıqda mənə dedi ki, nə olursa-olsun səni tutduracam. Bildirdi ki, əgər o torpaqdan çıxmasam başına oyun açacam. Bununla yanaşı, Anar Məmmədov dedi ki, Şirin adlı şəxsin sənədi saxtadır, mən onunla bağlı söhbət etmirəm. Ondan kiminlə bağlı danışdığını soruşduqda, o, telefonun dəstəyini yerə qoydu. Bu hadisənin üzərindən təxminən, 4 gün keçdikdən sonra evimizə qara rəngli "Range Rover" markalı avtomobillə 3 nəfər daxil oldu. Onlardan biri Kərimov Natiq Kərimxan oğlu idi. Məsələnin maraqlı tərəfi ondadır ki, o da özündən əvvəlkilər kimi torpağın ona məxsus olduğunu bildirdi. İnandırım sizi, az qalır ki, adam havalansın. Artıq 22-ci şəxsdir ki, çıxarışla gələrək torpağın ona məxsus olduğunu deyir. Görünür, çıxarış düzəltmək onlar üçün 2 vur 2-dir. Beləliklə, özünü ziyalı adam kimi təqdim edən Kərimov Natiq qeyd etdi ki, bu torpağı 2015-ci ildə alıb. Halbuki torpaq alan adam azı bir dəfə torpağına baxar, yeri ilə maraqlanar, torpağında nəyin olub-olmamasına baxar. Ona dedim ki, əgər torpağı 2015-ci ildə alıbsansa, niyə mən burda yaşadığım halda bir dəfə də olsun sənin üzünü görməmişəm. Bu zaman Kərimov Natiqin yanındakı iki nəfər "Ə, sən tanıyırsan biz kimik?", deyə mənə təzyiq göstərməyə çalışdılar. Yəni onlar da öncəkilər kimi bizə hədə-qorxu gəlməyə başladılar. Onlar getdikdən bir gün sonra isə Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Anar Məmmədov Kərimov Natiqlə birlikdə və yanlarında dəstə ilə yenidən evimizə gəldilər. Qeyd edim ki, bu dəfə bizə məhz Kərimov Natiqə görə təzyiqlər göstərilir. Anar Məmmədova qanunsuz hərəkət etdiyini, işə düzgün baxmadığını, Əmlak Komitəsində və ya icra hakimiyyətində çalışmadığı üçün bu işə səlahiyyətinin çatmadığını bildirsək də o, deyilənlərə əhəmiyyət vermədi. Onu da bildirim ki, baş nazirin müavini Hacıbala Abutalıbovun qohumu Vüsal Cəfərov Kərimov Natiqin yaxın dostudur. Bunlar "torpaq mafiyası"dır".

"Bakı Apellyasiya Məhkəməsi bizim xeyrimizə qərar verdiyi halda Anar Məmmədov hansı haqla, nəyə əsaslanaraq barəmdə axtarış verə bilər?!"

Şikayətçinin sözlərindən o da məlum oldu ki, Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Anar Məmmədov iş məhkəmə baxışında olduğu halda Elşən Hüseynov barəsində cinayət işi qaldırıb: "Bir müddət sonra bizə məlumat verildi ki, Kərimov Natiqin həyat yoldaşı Kərimova Rəna Müştəba qızı iddiaçı kimi Suraxanı Rayon Məhkəməsinə müraciət edib. Dedik ki, əgər Kərimova Rəna Müştəba qızının əlində sənəd varsa təqdim edin, biz də bundan sonra mhkəməyə müraciət edək. Yəni bundan sonra qoy, məhkəmə aydınlaşdırsın, görək torpağın əsl sahibi kimdir. Bundan sonra Anar Məmmədov yenidən məni hədələdi, torpaqdan imtina etməyimi tələb etdi. Axı, öz torpağımdan niyə imtina etməliyəm?! Valideynlərim 2000-ci ildən etibarən Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi 40/85 ünvanında yerləşən torpağa görə Nizami Rayon Bələdiyyəsinin "Kapital Bank"dakı hesabına vergi ödəyir. Artıq 18 ildir ki, həmin torpaq sahəsi bizim istifadəmizdədir, əkirik, becəririk. Mən Azərbaycan Respublikasının vətəndaşıyam və qanundankənar hərəkət etməmişəm. 18 il həmin torpağın vergisini ödədiyim halda, indi torpağımı əlimdən alır, mənə isə cinayət işi qaldırırlar. Belə də ədalətsizlik olar? İddia edirlər ki, guya mən kiminsə torpağını zəbt etmişəm. Məgər, öz istifadəmizdə olan torpağa görə vergi ödəmək, dövlət büdcəsinə pul keçirmək cinayət sayılır?! Təəssüflər olsun ki, Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Anar Məmmədov bunlara məhəl qoymadan bizə zor tətbiq edib, dəfələrlə 32-ci polis bölməsinə apartdırıb. Nəzərinizə çatdırım ki, onunla əlaqə saxlamaq istədik də məni və ailə üzvlərimi təhqir edir. Bildirir ki, get kimə istəyirsən şikayət elə, mən heç kimi saymıram. Bunu özündən uydurmuram, məndə səs yazıları var. Qeyd edim ki, məhz həmin Anar Məmmədovun rəhbərliyi altında evimiz ağır texnika ilə yerlə-yeksan edilib, ailə üzvlərimə güc tətbiq olunub. Halbuki bununla bağlı heç bir məhkəmə qərarı olmayıb. Anar Məmmədov isə məhkəmə prosesi gedə-gedə mənə cinayət işi qaldırır. Torpaq mübahisəsində iddaçı kimi Kərimova Rəna Müştəba qızının adı getdiyi halda, Anar Məmmədov onun adını çəkmədən qeyd edir ki, guya biz Kərimov Natiq Kərimxan oğlu və Abbasov Şirin Rəhman oğlunun Suraxanı rayonundakı torpağını zəbt etmişik. Lakin sözügedən mübahisəli torpaq Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi yox, Nizami rayonu, Şərq küçəsi 40/85-də yerləşir. Aydın məsələdir ki, bu işdə baş nazirin müavini Hacıbala Abutalıbovun qohumu Vüsal Cəfərovun əli var. Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Anar Məmmədov isə bu boyda qanunsuzluqları onlara güvənərək edir. Sonda onu da bildirim ki, Bakı Apellyasiya Məhkəməsi sentyabrın 5-də bizimlə bağlı qanunsuz qərarı ləğv edib. Bakı Apellyasiya Məhkəməsi bizim xeyrimizə qərar verdiyi halda Anar Məmmədov hansı haqla, nəyə əsaslanaraq barəmdə axtarış verə bilər?! Odur ki, sizin vasitənizlə ölkə başçısına, birinci vitse-prezidentə, daxili işlər nazirinə, o cümlədən baş prokurora müraciət edərək onlardan üzləşdiyim problemin həllində yardımçı olmalarını, torpağımı əlimdən almağa çalışan, evimi uçuran şəxslər barəsində, eyni zamanda onların tapşırığını icra edən Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Anar Məmmədovla əlaqədar müvafiq ölçü götürülməsini xahiş edirəm".

Mövzu ilə bağlı yazıda adıçəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org



Oxşar Xəbərlər

Xəbər lenti