Azərbaycanda müəllimlərin müqavilələri özlərindən xəbərsiz ləğv edilir? - BU NƏDİ BELƏ?


Onun sözlərinə görə, müddətsiz əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilə bilər. Bu, işçinin işə götürənə maddi və mənəvi ziyan vurduğu, yaxud da uzun müddət işə gəlmədiyi hallarda baş verə bilər:

“Həmçinin, müəllim sertifikasiya və attestasiyadan keçmədiyi hallarda da işinə xitam verilə bilər. Amma burada vacib məqam odur ki, işçiyə əvvəlcədən xəbərdarlıq olunmalıdır. Hətta Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi tətbiq olunmazdan öncə işçi çağırılmalı, izahatı alınmalıdır. Ondan sonra onun əmək müqaviləsinə xitam verilə bilər. Əmək şəraitinin şərtləri dəyişdiyi halda da kompensasiyalar verilməlidir. Elə hallar var ki, ixtisara düşəndə, əmək şəraitinin şərtləri dəyişəndə, işçiyə qabaqcadan xəbərdarlıq edilir. Başqa işlər təklif olunur”.

Sahib Məmmədov tövsiyə edir ki, zərəçəkən müəllimlər məsələ ilə əlaqədar vaxt itirmədən məhkəməyə müraciət etsinlər:

“Təhsil sistemində məni təəccübləndirən heç nə yoxdur. Nə desən baş verə bilər, özbaşınalıq və tam saxtakarlıqdır. Həmin müəllimlər dərhal əvvəl mediasiyaya, sonra da məhkəməyə müraciət etməlidirlər. Elm və Təhsil Nazirliyi adlı bir qurum yoxdur. Yerlərdə özbaşınalıqdır. Nazirin özünə sınaq müddəti təyin etmək lazımdır”.

Təhsil eksperti Nabatəli Qulamoğlu da hesab edir ki, müəllimlərin müddətsiz müqaviləsinin pozulması məhkəmə predmetidir:

“Təcrübədə belə hallar çox olub. 2012-ci ildə keçmiş təhsil naziri Mikayıl Cabbarov dedi ki, əyalətlərdə iki mindən artıq müəllim saxta diplomlarla fəaliyyət göstərir. Nazirlik həmin müəllimləri işdən çıxardı. Saxta diplomlu müəllimlər də məhkəməyə müraciət edib, yenidən işə bərpa olundular. Güman edirəm ki, məhkəmə o işi həll edəcək. Belə məsələlər yuxarıdan həll olunur. Yuxarıdan göstəriş verirlər ki, bunu belə edin.

Sertifikasiya ilə bağlı belə bir qayda, sanksiya yoxdur. Üstəlik, sertifikasiya başa çatmayıb. Yalnız ibtidai sinif müəllimlərinin bir hissəsi üçün sertifikasiya aparılıb”.

Müəllimlərin sertifikatlaşdırılması üzrə test imtahanları 2022-ci il avqustun sonunda başlayıb. Bu müddət ərzində 11 mindən çox ibtidai sinif müəllimi test imtahanlarında iştirak edib.

Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, onların 78 faizi sertifikatlaşdırmadan uğurla keçsə də, 22 faizi yaxşı nəticələr göstərməyiblər.

Nazir əlavə edib ki, sertifikatlaşma imtahanlarında iştirak edən 11 min müəllimdən iki mini kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilmir.

Sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikasiya üçün tələb olunan minimum balı toplamayan şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər.



Oxşar Xəbərlər

Xəbər lenti