Mühakimə olunan hakim katibi ilə dəftərxana müdirini ittiham etdi – QALMAQAL


Sumqayıt Ağır Cinayətlər Məhkəməsində bir neçə maddə ilə ittiham olunan Sumqayıt Şəhər Məhkəməsinin keçmiş hakimi İlyas Mahmudovun məhkəməsi keçirilir.

İlyas Mahmudov sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməkdə, ədalətsiz, saxta qətnamələr çıxarmaqda, rüşvət almaqda ittiham olunur. Prosesə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin sədri Rəşad Əliyev sədrlik edir. Noyabrın 21-də məhkəmə prosesi İlyas Mahmudovun dindirilməsi ilə davam etdirilib. Bu gün müttəhim olan sabiq hakim ittihamları qəbul etmədiyini bildirib.

Dövlət ittihamçısının suallarını cavablandıran İlyas Mahmudov deyib ki, iş üzrə 9 dəfə məhkəmə xəttşünaslıq ekspertizası keçirilib, saxta sənədlərdə, qətnamələrdə olan imzaların ona aid olmadığı müəyyən edilib.

İlyas Mahmudov bildirib ki, ona aid möhürlə çıxmış saxta qətnamələrdən xəbəri olmayıb. İlyas Mahmudov iddia edib ki, bütün saxtakarlıqları onun adından katibi edib. Bildirib ki, bütün saxtakarlıqların başında katibi olmuş Səadət Vəliyeva və məhkəmənin dəftərxana müdiri olmuş İlahi Məmmədli dayanıb. İlyas Mahmudov epizodlar ətrafında danışdıqca müstəntiqin tez-tez ona qarşı qərəzindən da danışıb.
Keçmiş hakim 19 saxta məhkəmə qətnaməsi ilə bağlı ittiham ətrafında da danışıb.

İlyas Mahmudov bir neçə il əvvəl Sumqayıtda “Şərq bazarı” kimi tanınan ərazidə 66 sahibkara məxsus ticarət obyektlərin sökülməsi ilə bağlı bazarın rəhbərliyinin qaldırdığı iddianı rədd etmiş hakimdir. Hakim məhkəməsində isə bildirib ki, 8 məhkəmə işində icra qurumlarının maraqlarına zidd qətnamələr çıxarıb. Buna görə də daim təzyiqlərlə üzləşib.

Proses noyabrın 28-də, saat 10-da davam etdiriləcək.
Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}