Tiktokerin həbsi ilə bağlı hökm çıxaran məhkəmədən Açıqlama


Paytaxtın Xəzər rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsinə görə məhkum edilən "Arzum 9999" ləqəbli tiktoker İlduzə Hacıyevanın cinayət işi üzrə çıxarılmış hökm ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki, məsələ ilə bağlı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin media ilə əlaqələrə məsul şəxsi, hakim Ramilə Xəzri rəsmi açıqlama yayıb.

Açıqlamada bildirilir ki, İlduzə Hacıyevaya qarşı irəli sürülmüş ittihama əsasən, o, 2025-ci il iyunun 27-də saat 00:53 radələrində idarə etdiyi "Changan Qiyuan A05 Plug-in Hybrid" markalı, 10-BY-117 dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu ərazisində, Mərdəkan–Qala avtomobil yolunda hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Qanunun tələblərini kobud şəkildə pozub.
İstintaq materiallarına görə, Hacıyeva manevr zamanı təhlükəsizlik qaydalarına əməl etməyərək Amal Məlikovun idarə etdiyi "Mercedes-Benz D2" markalı, 77-UK-890 dövlət qeydiyyat nişanlı avtomobilin arxa təkərinə toxunub. Zərbənin təsirindən idarəetməni itirən "Mercedes" yolun kənarındakı beton maneəyə çırpılıb. Qəza nəticəsində avtomobilin sürücüsü Amal Məlikov hadisə yerində həyatını itirib, sərnişin Sənubər Muradova isə ağır bədən xəsarətləri alıb.

Məhkəmənin açıqlamasında qeyd olunur ki, İlduzə Hacıyeva qəzanı törətdikdən sonra hadisə yerini tərk edib, hüquq-mühafizə orqanlarına məlumat verməyib, zərərçəkənlərə yardım göstərməyib və polis əməkdaşlarının gəlməsini gözləməyib. Daha sonra isə istintaqdan yayınmaq məqsədilə Azərbaycanı tərk edərək Almaniyaya gedib.
Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham irəli sürülərək cinayət işi məhkəməyə göndərilib.

Məhkəmə araşdırması zamanı keçirilmiş ekspertiza ilə müəyyən edilib ki, İlduzə Hacıyeva "Yol hərəkəti haqqında" Qanunun 42-ci maddəsinin tələblərinə əməl etsəydi, qəzanın qarşısını almaq üçün texniki imkanı mövcud olub.
Dövlət ittihamçısı məhkəmədən təqsirləndirilən şəxsə 5 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib. Məhkəmə hökm çıxararkən Hacıyevanın hadisə yerindən qaçmasını, ölən şəxsin hüquqi varisi və ağır xəsarət alan zərərçəkmişlə barışığın əldə olunmamasını ağırlaşdırıcı hallar kimi qiymətləndirib. Eyni zamanda onun himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olması yüngülləşdirici hal kimi nəzərə alınıb.

Nəticədə məhkəmənin hökmü ilə İlduzə Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Xəzər Rayon Məhkəməsi bildirib ki, hökmdən narazı olan tərəflər qanunvericiliyə uyğun olaraq apellyasiya şikayəti vermək hüququna malikdir.
Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti