Yeni ildə sərhədlər açılacaqmı - deputatdan anons


Arzu Nağıyev: “Əgər sərhəd açıq olsaydı, mütləq şəkildə problemlər daha ciddi, daha böyük ola bilərdi”

2020-ci ilin yazından başlayan pandemiya dünyanın qapı-pəncərələrini bağladı. 3 ilə yaxındır ki, Azərbaycanın quru sərhədləri bağlıdır.

Dünyanın demək olar ki, bütün ölkələri sərhədlərini qapatmışdı. Zamanla, pandemiya söndükcə, peyvəndlənmə səviyyəsi yüksəldikcə dövlətlər öncə hava, sonra quru sərhədlərini açmağa başladılar.

Çox az sayda ölkələr var ki, onların quru sərhədləri hələ də bağlıdır. Onlardan biri də Azərbaycandır. Bu, həm də 44 günlük Vətən savaşından sonra ölkəmizə yönələn təhdidlər səbəbindən təhlükəsizlikə bağlı olub.

Deputat Soltan Məmmədov dekabrın 6-da yerli mediaya açıqlamasında deyib ki, pandemiyanın səngiməsinə baxmayaraq, quru sərhədlərinin bağlı qalmasının bir sıra səbəbləri var. Bununla belə, deputat sərhədlərin açılmasının anonsunu verib.

“Azərbaycanda quru sərhədlərin bağlanması o zaman pandemiya ilə əlaqədar atılan addım idi. Bu gün sərhədlərin açılmasında əhalidən daha çox dövlət maraqlıdır. Çünki istənilən halda sərhədlərin bağlı olması iqtisadiyyata ziyan vurur. Amma sərhədlərin açılmaması o deməkdir ki, bunun üçün səbəblər var. Bu, ilk növbədə dünyada baş verən mürəkkəb proseslər fonunda milli maraqlarımıza xələl gətirilə biləcək halların qarşısının alınması üçün vacibdir. Mövcud reallıqlarda bütün risklərin qiymətləndirilməsinin nəticəsi olaraq sərhədlərin bağlı olması zərurətdən doğan addımdır.

Yenə də qeyd edirəm ki, Azərbaycan özü sərhədlərin açılmasında maraqlıdır. Sərhədlər açılacaq, buna şübhə yoxdur. Bu gün biz görürük ki, Çində də yoluxma artıb. Yenidən hər hansı məhdudiyyətin tətbiq olunması insanlarda qıcıq yaradır. Ona görə də məhdudiyyətlərin ləğv edilib, yenidən bərpası düzgün olmazdı. Sərhədlərin açılmamasının səbəbi dünyada və regionda gedən geosiyasi vəziyyət, eyni zamanda pandemiyadır. Ümid edirik ki, bu vəziyyət tezliklə dəyişəcək və sərhədlərimiz açılacaq", - deyə deputat vurğulayıb.

Xatırladaq ki, Azərbaycanın quru sərhədləri pandemiya səbəbindən 2020-ci ilin mart ayında bağlanıb. Hazırda Azərbaycanı tərk etmək yalnız hava nəqliyyatı vasitəsilə mümkündür.

Deputatın təhlükəsizliklə bağlı dedikləri haqda media da yazıb və bu sirr deyildi. Eyni zamanda o da sirr deyil ki, İranın təhdidləri davam etməkdədir. Belə olan şəraitdə - təhlükəsizlik amili səbəbindən quru sərhədləri daha bir müddət bağlı da qala bilərmi? Yoxsa bu məsələdə problem yoxdur, yalnız İranla sərhədi qapalı saxlayıb, digər istiqamətlər üzrə növbəti ildən quru sərhədlər açıla bilər?

Millət vəkili Arzu Nağıyev mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:

“Məlum olduğu kimi, Azərbaycan dövləti bir neçə dövlətlə quru sərhədinə malikdir. Bunlar İran, Türkiyə, Rusiya və Gürcüstandır. Yəni əsas quru sərhədlərimiz bu istiqamətdədir.

Əlbəttə ki, bu gün quru sərhədlərdə tranzit daşımalar gedir. Quru sərhədlərin bu günə qədər açılmamasına gəldikdə isə düşünürəm ki, bu, əsasən pandemiya ilə bağlıdır. Operativ Qərargah bunun labüd olduğu  haqda mütləq şəkildə qərar qəbul etməli və bu qərar qəbul edildikdən sonra, yəni  həqiqətən də xəstəliklərin yayılması riski artıq başa çatdıqdan sonra quru sərhədlərin açılması məsələsinə yenidən qayıdıla bilər".

Arzu Nağıyev qeyd etdi ki, burada təhlükəsizlik  məsələsi də çox mühümdür:

“Rusiyada baş verən hadisələrdən, çağırışlardan sonra Rusiyanın  bir sıra quru sərhədlərində hansı problemlərin baş verdiyinin  şahidi olduq. Bu baxımdan hesab edirəm ki, təhlükəsizlik, eyni zamanda insanların səhhəti, sağlamlığı hər şeydən önəmlidir və bu tək Sərhəd Qoşunlarının və yaxud  digərlərinin verdiyi qərar deyil. Operativ  Qərargahın müsbət qərarlarından sonra bu mövzuya qayıtmaq olar.

O ki qaldı İranla bağlı məsələyə, İranda baş verən iğtişaşları, orada gedən prosesləri nəzərə alıb deyə bilərəm ki, əgər sərhəd açıq olsaydı, mütləq şəkildə problemlər daha ciddi, daha böyük ola bilərdi. Yəni iğtişaşlar fonunda İran dövləti bir bəhanə ilə, sərhədi qanunsuz keçmək adı ilə müxtəlif məsələlərə əl ata bilərdi".



Oxşar Xəbərlər

Xəbər lenti