“Zahid Gözəlov dedi ki, general-mayor Hikmət Kərimovun məktubu əsasında evdən çıxmalısınız” – NAXÇIVAN DİN-nin KEÇMİŞ ƏMƏKDAŞI 28 İL YAŞADIĞI EVİNDƏN ÇIXARILIB…


Naxçıvan MR sakini Məmmədov Vüqar Məmmədhüseyn oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Mən 1994-cü ildə Daxili İşlər orqanlarında işə qəbul olmuşam. İşlədiyim dövrdə, yəni 1996-cı ildə Daxili İşlər Nazirliyinin nəzdində olan yataqxana binasında mənə ailəmlə yaşamaq üçün mənzil verilmişdir. Buna baxmayaraq, xidmətimlə bağlı müəyyən rayonlarda işləyirdim.

2015-ci ildə təqaüdə çıxdım. Təqaüdə çıxmaqda məqsədim, övladım olmadığı üçün müəyyən müalicələr almaq idi. Bu məqsədlə Bakı şəhərinə gəldik və burada kirayə ev tutub qaldıq. Müalicəni davam etdirdik və bir övladımız dünyaya gəldi.

Uşaq xəstə olduğu üçün məcbur olaraq Bakı şəhərində qaldıq. Hərdən Naxçıvana gedərək həmin yataqxanada qalırdıq və uşağın müalicəsi üçün Bakı şəhərinə gəlib-gedirdik.

1996-cı ildən 2022-ci ilin aprel ayınadək, yəni 28 ildir həmin mənzildə qeydiyyatdayıq. 23.04.2022-ci il tarixdə Naxçıvan Şəhər Polis İdarəsinin rəisi, polis polkovnik leytenantı Zahid Gözəlov mobil telefonuma zəng edərək bildirdi ki, Fövqəladə Hallar Nazirliyindən səninlə bağlı bizə məktub gəlib. Soruşdum nə məsələdir? Dedi ki, göstəriş verilib, FHN-in müavini general-mayor Kərimov Hikmət Kərim oğlunun göndərdiyi məktub əsasında evdən çıxmalısınız.

Mən 3 gün ondan sonra FHN-in müavini, general-mayor Hikmət Kərimovun yanına getdim. O, təkidlə bildirdi ki, evi boşalt. Ona dedim ki, mənim evim yoxdur, evlə təmin edin, çıxım. Həmin mənzildə 28 ildir qeydiyyatdayam və yaşayıram. O mənə bildirdi ki, 3 gün vaxt verirəm, çıxmasan göstəriş verəcəyəm ki, əşyaları töksünlər çölə, özün də şikayət üçün hara gedirsən get. Başladı vəzifəsindən sui-istifadə edib, məni hədələməyə. Yenə təkrarən bildirdi ki, özünə məxsus olan əşyaları götürməsən göstəriş verəcəm, qapını qırıb çölə töksünlər.

Evimdəki əşyalarımı aparmağa yer olmadığından, hamısını dəyər-dəyməzinə satdım. Sonra Bakıda kirayə yaşadığım evə qayıtdım. Başıma gələnləri həyat yoldaşıma bildirdim. Yoldaşım çox həyəcan keçirdi, dedi ki, mən 22 il o evdə övladsız yaşamışam, indi 5 yaşında övladımız var, biz harada qalacağıq? Yoldaşım bu həyəcandan xərçəng xəstəliyinə düçar oldu. Hal-hazırda vəziyyəti orta-kafidir. Bakı şəhəri Milli Onkologiya Xəstəxanasında qeydiyyatdadır və müalicə olunur. Ayda bir dəfə ximya-terapiya qəbul edir.

Bildirirəm ki, düzgünlüyü ilə araşdırılsın, aprel ayı evi təhvil verdim, iyul ayı yoldaşım xəstəliyə tutuldu.

Onu da qeyd edim ki, 17.05.2010-cu ildən “Azərtürk Bank”dan kredit götürmüşəm. Müalicələrə görə, övladım olmadığı üçün. Həmin gündən kredit borcum davam edir. Yoldaşımın xərçəng xəstəliyi ilə bağlı isə 21.07.2022-ci ildə 9000 AZN pul götürərək müalicəsini davam etdirirəm. Ehtiyac varsa, araşdırılsın. Xahiş edirəm, mənim məsələmi işıqlandırasınız”.

Hurriyyet.az

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}