“Anar namərdcəsinə deyir ki, guya mən onun...” - Əkrəm sirləri açdı


Fakt budur ki, Anarla mənim aramda hər hansı mübarizə yoxdur. Məsələ burasındadır ki, Azərbaycan mühitində iki yazıçı var, onlar tamamilə başqa dünyagörüşündə olan adamlardır. Bir vaxt cavanlıqda dost olublar, sonra tarix elə gətirib ki, Anar Yazıçılar İttifaqına rəhbər qoyulub. Bu məqamda da iki köhnə dostun bir-biri ilə sözləri düz gəlməyib...” 

Bu sözləri Yenisabah.az-a yazıçı Əkrəm Əylisli deyib. Anarın keçmiş xatirələri yada salaraq bir vaxtlar Əkrəm Əylisli ilə dost olmalarını yada salmasına, ona barışıq təklif etməsinə münasibət bildirən yazıçı bundan sonra belə bir barışığın mümkünsüz olduğunu bildirib: 

“O vaxt iki köhnə dost arasında qarşıdurma yaranıb, bir nəfərə elə gəlib ki, bu adam Yazıçılar Birliyini qəti surətdə yeni dövrün tələblərinə uyğun qurmaq fikrində deyil, təşkilat ədəbiyyata enerji, qan-can verən bir qurum olmaqdansa, başqa məqsədlərə xidmət edir. Bu yerdə də toqquşma olub. Mən bu toqquşmanı təbii hesab edirəm. Biz ədəbiyyat tarixinə diqqətlə baxsaq görərik ki, bütün dünyada belə toqquşmalar çox olub. Burada ədəbiyyat üçün gözlənilməz olan bir şey yoxdur. 

Hesab edirəm ki, Anarla mənim bu toqquşmamız Azərbaycan ədəbiyyatının ziyanına deyil, xeyrinədir. Mənim öz həqiqətim, Anarın da özünə görə həqiqət bildiyi şeylər var. O hesab edir ki, Yazıçılar İttifaqı belə olmalı idi, orada 40 il rəhbərlik etməli idi və ittifaqı bu vücudda saxlamalı idi. Mənə görə isə bu müqəvva vücudu idi. Mən Birliyi canlı orqanizm kimi görmürəm, amma Anar oranı qaynar yaradıcılıq yeri kimi görür. Bu da onun düşüncəsidir. Mənim ixtiyarım var ki, öz mövqeyimdə möhkəm dayanam. Anar deyir ki, biz barışmırıq, barışsaq yaxşı olar. Amma gəlin görək biz barışsaq nə olacaq? Barışsaq mən ona güzəştə getməliyəm, deməliyəm ki, sən hər şeydə haqlısan. Anar deyir ki, guya mənim günahlarım var və o günahları bağışlamağa hazırdır. Mən bunu qəti surətdə qəbul etmirəm. Mənə elə gəlir ki, onun mənim qabağımdakı günahlarını yumaq üçün Araz çayı da axsa, suyu bəs eləməz. Çünki mənim ondan istədiyim o olub ki, gəl bu ittifaqı canlandıraq, istedadlı adamlara qiymət verək. Anar üçün qəti surətdə fərqi yoxdur ki, kimsə istedadlıdır, ya istedadsız. O artıq bu fərqləri itirib. 

Onun müsahibəsini oxudum, sözlərində həsrət motivi hiss elədim, istəyir ki, biz yenidən bir yerdə olaq. Amma başa düşmək lazımdır ki, biz bir yerdə olub Azərbaycan ədəbiyyatına xidmət edə bilmərik. Mən onun dedikləri ilə razılaşa bilmədim”. 

Ə.Əylisli həmkarının onun yerinə keçmək istəməsi ilə bağlı səsləndirdiyi fikirlərin tamamilə yalan olduğunu qeyd edib: 

“Anar çox ədalətsizcəsinə, bəzən namərdcəsinə deyir ki, guya ki, mən onun yerini tutmaq istəyirdim, hətta kimlərləsə birləşib onun əleyhinə gedirdim. Mən sizə Allahın qarşısında and içirəm ki, mən bütün döyüşlərimə Əylis balası kimi tək-tənha getmişəm. 

Sosial şəbəkələrdə Anarla mənim barışmağımı istəyənlərə deyin ki, Əkrəm Əylisli deyir ki, o qədər barışmadığımız yerlər var ki, getsinlər onlara barışıq təklif etsinlər. O yerdə ki, mabahisə lazımdır, bu mübahisələr davam etməlidir. Onların qarşısını almağın mənası və xeyri yoxdur. 

Ədəbiyyatda canlanma olmalıdır. Biz bu mübahisəni aparırıq, amma nə qalıb ki, mənim ömrümə çox az qalıb, Allah Anarın da ömrünü uzun eləsin. Amma bizdən sonra gələn nəsil bu mübahisənin səbəblərini açıb-ağartmalıdır. Qoy bizim bu münaqişəmiz gələcək nəsillərə bir dərs kimi qalsın. Mənim başlatdığım bu mübarizəni davam etdirmək lazımdır”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}