Halal və əxlaqlı yaşamaq qəhrəmanlığı:Camal Mustafayev

Halal və əxlaqlı yaşamaq qəhrəmanlığı:Camal Mustafayev

 

 " Vicdan insan varlığının ictimai təbiətini hərəkətə gətirən duyğudur. İnsanın özü-özünü insanların gözü ilə görmək qabiliyyətidir. Başqa  sözlə, sağlam ictimai rəyin şəxsiyyətdə fərdiləşmiş ifadəsidir. Öz vicdanının səsini eşidən ictimaiyyətin, elin səsini eşidir”. Camal Mustafayev

 Əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Camal Vəli oğlu Mustafayev dərin düşüncəli, insanlıq dünyasında sahili görünməyən bir mənəviyyat adamı, mənəviyyat heykəli idi; bir az da dəqiq desək, insanlığın mənəviyyat məktəbi idi. "Əxlaq dərsi vermək, ağıl öyrətmək görünməmiş hünər deyil. Ən çətini əxlaqa, həqiqətə uyğun yaşamaqdır” fikirləri də Camal Mustafayevə məxsusdur.Tək bu fikirdə Camal müəllim insanlığın və yaşamağın bütün parametrlərini göstərmişdir.

Camal müəllimlə ilk tanışlığım 1984-cü ilin may ayında (günü yadımda deyil) oldu. Onda mən Şahbuz rayonunda fəaliyyət göstərən kənd orta texniki peşə məktəbində dərs hissə müdiri işləməklə bərabər, həm də AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan Ədəbiyyatı Şöbəsinin dissertantı idim. Bakıya tez-tez gəlirdim və hər dəfə də Bakıya gələndə böyük söz ustadı, xalqımızın sevilən sənətkarı, müstəqil dövlətimizin ilk Xalq şairi Məmməd Arazı ziyarət etməmiş rayona qayıtmazdım.

Onda Məmməd Araz "Azərbaycan təbiəti” jurnalının redaktoru idi və jurnalın redaksiyası da "Azərbaycan” Nəşriyyatında, sağdan 2-ci mərtəbənin girəcəyində yerləşirdi. Növbəti görüşlərimin birində redaksiyaya iki nəfər daxil oldu. Bu anda M.Araz mənə tərəf üzünü tutub, pıçıltıya bənzər bir səslə "Camal Mustfayevdir, filosofdur” deyib ayağa qalxdı və Camal müəllimlə, yanındakı adamla (təəssüflər olsun ki, o adamın kim olduğunu bilmədim) çox səmimi, necə deyərlər, illərin sınanılmış dostları kimi görüşdü. Camal müəllim şən və həm də coçqun, şaqraq səsi ilə Məməd Araza dedi:

-Şair, biz tərəflərdə (qədim Borçalı ellərində – X.K.) sizin yaradıcılığınızı hamı sinə-dəftər bilir, sizi çox sevirlər. Sizin qələminizdən çıxan hər bir şeir xalqımızın milli sərvətidir.Yazın, yaradın, Allah sizə cansağlığı versin, qələminiz həmişə iti, sözünüz kəsərli olsun.

Camal müəllimin ürəkdən gələn və Borçalının havası, suyu qədər saf, təmiz olan, insanı duyğulandıran bu sözləri məni ilk baxışdan bu böyük insana bağladı, məndə ona qarşı bir vurğunluq hissi yaratdı. Camal müəlimgil redaksiyada çox dayanmayb çıxandan sonra Məmməd Araz dedi:

-Camal Mustafayev yaxşı filosof, mərd adamdr, riyadan, təmənnadan uzaq, sözünü məqamında  deməyi bacaran kişidir.

Məmməd əmi ilə (M.Araza hörmət əlaməti olaraq cavan qələm adamları "Məmməd əmi” də deyirdilər – X.K.) görüşüb nəşriyyatın həyətinə enəndə yenə də Camal müəllimlə rastlaşdım, xoş və ürəkdən gələn səmimi sözlərinə görə M.Arazın milyonlarla oxucularından bir kimi ona minnətdarlığımı bildirərək dedim ki, mən də Məmməd Araza bir şeir yazmışam. Camal müəllim o saat dedi:

-De görüm!..

Mən o vaxta qədər rayon qəzetndə dərc edilmiş, insafən də, oxucu marağına səbəb olan "Toğluqayanın Məmməd Araza məktubu” şeirimdən birinci bəndi—

                                                     Duman daşlarımdan uzaq düşübdü,

                                                      Heç bilinmir nə payızım, nə yazım.

                                                      Tale dizlərimi yaman bükübdü,

                                                      Niyə gəlməyirsən, Məmməd Arazım.

deyib əlavə etdim:

-Toğluqaya Şahbuz rayonunda qədim gələnəyə malik olan möhtəşəm bir dağın adıdır. Məmməd Arazgilin kəndi Nursu da bu dağın yaxılığında yerləşir. Və Məmməd Arazın uşaqlıq çağlarının oylaq yerləri Toğluqayanın ətəklərində keçdiyindən o dağın dilindən Məmməd Araza yazılan şeirdir, daha doğrusu, poetik bir məktubdur.

Sözümü qurtaran kimi Camal müəllim şeirin ardını istədi. Mən şeiri axra qədər deyəndən sonra üzünü mənə tutaraq dedi:

-Şair, (mənə ilk dəfə "şair” deyə müraciət edən də Camal müəllim oldu) sən bu şeiri, mən deyərəm, ver "Ədəbiyyat və incəsənət” qəzetinə, yubanmadan, onlar dərc edərlər.

Mən şeri Camal müəllimin zəngindən sonra səhərisi günü "Ədəbiyyat və incəsənət” qəzetinin məsul işçısınə təqdim etdim, ancaq şeir, nədənsə, qəzetdə dərc edilmədi… Buna baxmayaraq, şeir ”Azərbaycan müəllimi” qəzetinin 1985-ci il 20 sentyabr tarixli sayında işıq üzü gördü və Məmməd Araz poeziyasının vurğunları çox az zamanda böyük oxucu auditoriyasının rəğbətini qazanan şeiri həmin ildə də, sərhədlərdən quş belə səkə bilmədiyi bir dövrdə, dost və qardaş Türkiyədə "Qardaş ədəbiyyatlar” dərgisində yayımlatdılar. Bu xəbər məndən çox hər bir vətən övladının uğuruna öz uğurlarından artıq sevinən Camal müəllimi fərəhləndirirdi. Çünki "Ədəbiyyat və incəsənət” qəzetinin Camal müəllimin xahişinə biganəliyi onda bir az mənəvi narahatlıq yaratmışdı…

 İlk görüşdən sonra Camal müəllimlə mənim şəxsi görüşüm illər sonra mümkün olsa da, amma hər əziz günlərdə, bayramlarda özümə həmişə mənəvi dayaq saydığım Camal müəlimə rayondan telefon açır, onu ürəkdən təbrik edirdim. İlk şeir kitablarım – "Ay işığında”(1998), "Anamdan məktub”(2001) işıq üzü görəndə ən çox sevinənlərdən biri Camal müəllim idi. Kitablarımı Camal müəllimə çatdırandan sonra o, kitabları zərgər diqqəti ilə oxuyaraq haqqımda "Şairə məktub” adlı çox dəyərli bir məqalə yazdı və bu məqaləni əməkdaşı olduğu Xəzər Universitetinin dərgisi "Xəzər-xəbər”də dərc etdirdi. Bu məqalə mənə yaradıcılıq ümidi verdi, mənim elmi-ədəbi mühitdə tanınmağıma şərait yaratdı.Yeri gəlmişkən deyim ki, bu əvəzsiz fikir və düşüncə adamı böyüklük göstərərək mənim kitablarımla bağlı dörd məqalə yazıb, dördü də zəngin düşüncənin, dərin elmi mühakimələrin məhsulu kimi qiymətli məxəzlərdir.Və həmin məqalələr bir sıra tanınmış imzaların məqalələri ilə yanaşı haqqımda nəşr edilən "Xanəli Kərimli-55:Şairə məktub”(2007), "Xanəli Kərimli-60: Sözün Əlincə qalası”(2011) və "Xanəli Kərimli-65: Bir ömrün işığı”(2016)  kitablarında öz şərəfli yerini alıbdır.

Qədim Şərq, yunan və Avropa mədəniyyətinə, tarixinə və fəlsəfəsinə dərindən yiyələnən Camal müəllim özlüyündə geniş elmi düşüncəyə, təfəkkürə malik olan bir fəlsəfə məktəbi idi. Onun 1999-cu ildə Xəzər Universitetinin nəşriyyatı tərəfindən işıq üzü görən "İdrakın şeiriyyəti” və 2013-cü ildə "Vətən” nəşriyyatında yayımlanan "Fəlsəfi-tarixi araşdırmalar” kitabları və yüzdən cox elmi məqalələri, tezizləri böyük bir erudusiyaya, təfəkkürə malik olan ağılın, düşüncənin və bənzərsiz  bir idrdkın məhsuludur. Camal müəllimin, xüsusilə, Zərdüştlük fəlsəfəsi ilə bağlı qələmə aldığı "Zərdüştlük Avropa fəlsəfəsində”, "Zərdüştçü yunan filosofu Heraklit”, "Zərdüştlüyün Demokritə təsiri”, "Hegelin əsərlərində zərdüştlük”, "Herderin zərdüştlüyə baxışları”, Volterin Zərdüşt haqqında qeydləri”, "Tarixin  fəlsəfəsi”ndə zərdüştlüyün şərhi” … və s.kimi ciddi fəlsəfi araşdırmaları qədim və zəngin ənənələri olan Azərbaycan fəlsəfəi fikir tarixində müsbət bir haldır. Yaxud da, tədqiqatçı filosofun çağdaş ədəbi proseslə bağlı vaxtaşırı qələmə aldığı bir sıra dəyərli məqalələri də ədəbi, elmi fikrin inkişafına əvəzsiz bir töhfədir.

…Camal müəllimlə mənim ikinci dəfə görüşüm 2001-ci ilin bir payız  günündə  Xəzər Universitetində oldu. Bu görüş həyatımın ən unudulmaz anlarından birinə çevrildı. Çünki bu görüşdə Camal müəllimin təşəbbüsü ilə universitetin rektoru, Azərbaycan elmi-ədəbi mühitinin də yaxşı tanıdığı bacarıqlı alim və təhsil təşkilaatçısı, şair Hamlet İsaxanlı və Xalq şairi, insanlığın səmimiyyət duzu, körpüsü olan həmişəyaşar sənətkarımız Zəlimxan Yaqub da iştirak edirdi. Biz o görüşdə avtoqrafla bir-birimizə kitamlarımızı bağışladıq, o xoş anları yaşadan xatirə şəkilləri çəkdirdik ki, o şəkillərdən nümunələr həm mənim haqqımda olan yuxarıda adlarını çəkdiyim kitablara, həm də filologiya elmləri doktoru, professor Teymur Əhmədovun böyük zöbqlə tərtibi və ciddi araşdırma işi olan "Azərbaycanın nəğməkar ürəyi” adlı ön sözü ilə işıq üzü görən "Zəlimxan Yaqub” (Bakı,2012)  fotoalbom kitabına salınıblar.

Onu da qeyd edim ki, mən bu görüşdən qabaq Zəlimxan Yaqubla Naxçıvanda tanış olmuşdum. 2000-ci ildə Zəlimxanın Naxçıvanda dövlət tərəfindən keçirilən 50 illik təntənəli yubileyində  məruzəçi kimi çıxış etmişdim. Bu görüşdə də o xoş, duyğusal anlar bir daha xatırlanmaqla bərabər, həm də, ümümiyyətlə, çağdaş dövr ədəbi proseslərdən də danışdıq.

2008-ci ilin yanvar ayının, səhv etmirəmsə, 28-də Bakıda Musiqili Komediya Teatrının binasında Camal müəllimin 80 illiyi ilə bağlı adına layiq çox möhtəşəm bir yubiley tədbiri keçirilirdi.Tədbirə Camal müəllimin şəxsi arzusu ilə mən də qatılmışdım. Azərbaycan elmi, ədəbi, ictimai mühitinin çox dəyərli nümayəndələrinin iştirak etdiyi yubiley tədbirini Zəlimxan Yaqub aparırdı. Təbrik üçün mənə də söz verdilər. Mən çıxışım zamanı dedim ki, biz qəhrəmanlıq deyəndə, adətən, iki növ qəhrəmanlığı-müharibə və əmək qəhrəmanlarını nəzərdə tuturuq və həmişə də bu qəhrəmanlıqları tərənnüm və təbliq edirik. Amma mənim nəzərimdə ən başlıca bir qəhrəmanlıq da var ki, biz o qəhrəmanlığı ya görmürk, ya da görmək istəmirik. Bu qəhrəmanlığın adı çoxlarına nəsib olmayan bütün ömrü boyu halal və əxlaqlı yaşamaq qəhrəmanlığıdır. Halal və əxlaqlı yaşamaqsa cəhənnəm əzabı  qədər məşəqqətli və dözülməzdir. İndi nə edək ki, cəhənnəm əzablarını çəkmədən də cənnətin qapılarını açmaq olmur. Camal Mustafayev bütün ömrü boyu halal və əxlaqlı yaşayan və cəhənnəm əzablarını görərək cənnətin qapılarını öz əməlləri ilə açan qəhrəmanlardandır (Təəssüflər olsun ki, yubiley tədbiri "İctimai televiziya”da yayımlanmağa hazırlananda  bu düşüncələrimi çıxışımdan çıxmışlar…).

 Və mən sözümü Camal müəllimə ünvanladığım "Zirvə ömrü” şerimlə bitirdim ki,həmin şeiri də indi Camal müəllimin müqəddəs ruhunun ucalığına bağışladığım bu yazımın son duyğuları kimi onu qəlbən sevənlərin diqqətinə çatdırıram:

                                           

                                              İldırım yenə də zirvəni vurdu.

                                             Çiçəyi çırtladı boz təpələrin.

                                             Zirvə nə titrədi,nə də yıxıldı,
                                             Heyrətin artırdı uca göylərin.

 

                                            Ayaqlar altında qalan təpələr.

                                            Qəzəbdən boğuldu,qəzəbdən yandı.

                                            Zirvə kölgəsinə sığınsalar da,

                                            Zirvəni əbədi qənimi sandı.

 

                                            Təpələr arxadır biri-birinə.

                                            Zirvələr tək- tənha,zirvələr yalqız.

                                            Təpələr bölüşür dərdı-sərini,

                                             Zırvələr içində çəkirlər yalnız...

 

                                            Zirvəlik özü də bir facədir,

                                            Dolaşır başının üstə buludlar.

                                            Ucalar ucanı sevməz dünyada,

                                            Ucadan ucaya hər an qorxu var.

 

                                            Olsa da nə qədər qara-qorxusu,

                                            Zirvələr həmdəmim, kəsimdir mənim.

                                            Min təpə ömürü yaşamaqdansa,

                                            Bir zirvə ömürü bəsimdir mənim.

 

Bu şeiri  deyərkən son iki misrasını tədbirin ahənginə uyğun dəyişərək Camal müəllimə xitabən:

                                          Min təpə ömrü yaşamaqdansa,

                                           Ay Camal müəllim!.

                                       Bir zirvə ömrü bəsindir sənin!!..-

kimi bitirdim.

Şeir qurtaran kimi Camal müəllimin şərəfinə zal sürəkli, gurultulu alqışlara  bələnəndə mən bir daha bu şəxsiyyətin simasında insanlığın, mənəviyyatın böyüklüyünü gördüm. Və bir daha dərk etdim ki, insan tutduğu "qondarma” vəzifəsindən asılı olmayaraq, ləyaqət və şərəflə yaşayanda daha böyük, daha əzəmətli, daha əyilməz olur. Bütün ömrü boyu "balığı at dəryaya, balıq biməsə də, Xaliq biləcək” həyat kredosu ilə yaşayan, kimsəni mənəvi və maddi sıxıntıda qoymayan Camal müəllim əməlləri ilə o anda da daha böyük, daha əzəmətli, daha əyilməz idi.

Camal müəlimin bütün yaradıcılığı boyu tədqiqat işinin başlıca obyekti insanlıq fəlsəfəsi idi. İnsana ilahi  varlığın təcəllası kimi baxan bu böyük filosof  insan əməllərində daima bir işıq, aydınlıq, xeyirxahlıq  axtarırdı. Ona görə də insan mənəviyyatının dərinliyinə vara-vara  insanlığın kamillik mərtəbəsinə  yüksələn Camal nüəllimin uca ləyaqətinə, mənəvi zənginliyinə, yenilməz şəxsiyyətinə əbədi hörmət və ehtiramın nəticəsi idi ki, qədim-qayım Borçalı elinin elmə, sənətə, maddi və mənəvi dünyamıza dərin qatlarla bağlı olan ziyalı oğulları on il bundan əvvəl milli yaddaşımızı qorumaq, onu daha da zənginləşdirmək naminə bir cəmiyyət yaratdılar və bu cəmiyyətə Camal Mustafayevin şərəfinə " Dədə Camal” adını verdilər. Cəmiyyət bu gün də xalqımızın maddi-mənəvi dəyərlərinin qorunmasında və təbliğində öz şərəfli vəzifəsini yerinə yetirməkdədir.

Camal Mustafayev təkcə vətəni Azərbaycanda deyil, onun hüdudlarından çox-çox uzaqlarda da ciddi elm adamı və filosof kimi  hörmət sahibi  idi. 2010-cu ilin mart ayının 14-16-da Pakistanın paytaxtı İslamabadda keçirilən "Sufizm və din” adlı beynəlxalq elmi konfransda iştirak edən Tacikistan Elmlər Akademiyasinin üç nəfər əməkdaşı biləndə ki, mən Azərbaycandan bu tədbirə qatılmışam, onlar məndən Camal müəllimi soruşdular, yaxın dostlar kimi onu tanıyıb-tanımadığımla  maraqlandılar. Onlardan biri, yanılmıramsa adı və soyadı Karomatullo Olimov idi, dedi ki, Camal müəllim mənim doktorluq işimin müdafiəsində birinci opponentim olub, o, sərq fəlsəfəsinin ustad araşdırıcısı, çox xeyirxah, alicənab kişidir. Və məndən xahiş etdilər ki, xoş sözlərini, salamlarını Camal müəllimə çatdırım. Mən Bakıya qayıdan kimi Camal müəllimə telefon açıb tacikli dostlarının salamlarını, ürəkdən gələn xoş sözlərini ona çatdırdım. Camal müəllim bu xəbərdən çox sevindi, çünki bu xəbər onun çoxsaylı xeyirxah, alicənab əməllərindən birinə verilən yüksək dəyər, yüksək qiymət idi. Onların hər üçünü də tanıyan Camal müəllim bir anlığa keçmiş xatirələrə qayıtdı və onlar haqqında ürəkdolusu danışdı.

Bütün ömrü boyu insana və insanlığa  xeyirxah əməlləri ilə xidmət edən Camal müəllim çox səbirli, təmkinli, şükürlü bir Allah adamı idi. Ömrünün son beş ilini yataq xəstəsi olanda da Camal müəllim Haqqa bağlılığını, şükranlılığını bir an da olsa azaltmadı. Həyatda sağlığında necə məğrur, əyilməz idisə, sağalmaz xəstəlik qarşısında da son ana qədər əyilmədi, ucalığını, aliliyini qoruyub saxladı. Hər həftə zəngləşib hal-əhvalını soruşanda "bu yazıya da şükür” deyirdi. Və "sənin səsini eşidəndə, mənə yaşamaq həvəsi gəlir, indi dünyanın, insanlığın etibarı çox azalıb, mənə daha zəng vurub əhvalımla maraqlananlar  tək-təkdir, demək olar ki, yoxdur”.

Mənsə  vaxtilə yazdığım və Camal müəllimin də zamanında təqdir etdiyi iki misramı təskinlik üçün yenidən ona xatirladıb dedim ki,ay Camal müəllim:

  Allah sevdiyinə bəxş edər dərdi,

  Ən cox sevdiyi də peğəmbərlərdi.

Siz Allahın sevib-seçdiyi əziz bəndələrindənsiniz ki, o, sizi həyatda hər cür imtahan etdiyi üçün və hər imtahandan da üzüağ, alnıaçıq çıxartdığı kimi, indi də dərdlə, xəstəliklə  sınağa çəkir, inşallah, hər şey yaxşı olar, Allah böyükdür.

Əziz Camal Mustafayevi sevənlər,  mən həmişə bu fikirdə olmuşam ki, zamanında dünyaya gələn böyük şəxsiyyətlər millətinə, qövmünə haqq yolunu göstərmək üçün göndərilmiş elçilərdir.Yazıqlar olsun ki, insanlıq insan fitrətindəki böyüklüyü, bir çox hallarda, zamanında dərk edib qiymətləndirə bilmir, yaxud da qiymətləndirmək istəmir…  Camal müəllim təkcə müəllim, filosof deyildi, o həm də, sözün böyük mənasında, ilahidən zamanında göndərilmiş təmiz insanlığın, saf mənəviyyatın, işıqlı əxlaqın və uca  ləyaqətin elçısi və ölçüsü idi. Ona görə də onun ruhu həmişə diri, Xalqın və Xaliqin yaddaşında yaşayan əbədi ruhdur.

P.S.Vəsiyyətinə görə doğulduğu Borçali elinin Qarayazı rayonunun Kosalı kəndində doğmalarının yanında torpağa tapşırılan Camal müəllimin qırxına bir ay qalır, yanvarın 12-si qırxıdır.Əbədiyyətə qovuşmamışdan bir neçə gün əvvəl Camal müəllimin evindən mobil telefonuma zəng gəldi. Telefonu açdım. Danışan Camal müəllimin min qayğısını, əzabını mərdanəliklə çəkən qızı idi:

-Xanəli müəllim, sizsiniz?!

-Bəli, mənəm.

-Mən Camal müəllimin qızıyam, atamın vəziyyəti ağırlaşıb, istəyir ki, sevdiklərinin son dəfə səsini eşitsin, telefonu qulağına tuturam, danışın…

Mən danışdım, ancaq  bu qəfil xəbərin boğurduğu qəhərdən nə danışdığımı, necə danışdığımı xatırlaya bilmirəm. Yadımda qalan yalnız Camal müəllimin isti, doğma səsi, bir də son nəfəsinin qırıq-qırıq akkordları oldu.

Allah rəhmət eləsin!

       Xanəli Kərimli ,

      filologiya üzrə fəlsəfə doktoru , 

     dosent, AYB-nin üzvü

      12.12.2017




Oxşar Xəbərlər

Xəbər lenti