Qatil əhmədləri elə televiziyaların belə proqramları yetişdirir... -Müsahibə


Zülfiyyə Eldarqızı: “Ailəsini, uşağını, ərini atıb gələn qadının saçını, qaşını düzəldib, iş tapıb onu ulduza çevirməməlidirlər, o  qadın Azərbaycan qadınını təmsil edə bilməz...”

Teatr, kino, mədəniyyət, təhsil, sosial həyat, cəmiyyət - bütün bunlar hamısı bir-birindən qidalanır, bir-biri ilə tamamlanır. Müsahibimiz sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış bədii qiraətçi, aktrisa, Azərbaycan Milli Konservatoriyasının müəllimi Zülfiyyə Eldarqızı ilə həm sənətdən, həm sosial həyatdan, həm televiziyalardan, həm təhsildən, həm də cəmiyyətimiz üçün aktual olan digər məsələlərdən danışdıq. 

- Bu günlərdə Milli Teatr Günü oldu. Sənət adamları mükafat aldılar və sair. Sizin necə, gözləntiləriniz oldumu? 

- Teatr günündə bəzi dostlarımız mükafatlanırıldılar, buna  çox sevindim. Dostlarımın uğurları məni həmişə sevindirir. Eyni zamanda “bir ili də teatrsız keçirdim” deyə kədərləndim. Milli Teatr Günündə səhnəni bir daha gördüm, bir daha oynadığım tamaşalar yadıma düşdü. Bilirsiz ki, səhnə adamı üçün sonda tamaşaçının alqışlaması, aktyorun tamaşaçı qarşısında baş əyməsi  insanın beynində  seratonini nə qədər  yüksəldir. Bu, insanın sağlamlığına çox xeyirlidir, xüsusən də sənət adamının. Hazırda teatrda çalışmıram deyə, heç bir gözləntim yoxdur. Çünki insan bir yerdə çalışar ki, onun müqabilində nə isə gözləyə bilər. 

- Teatra qayıtmaq istərdiniz?

- Əlbəttə. Həmişə demişəm ki, teatrdan uzaq düşmək mənə çox çətindir, yenə də o fikirdəyəm...

- Yəqin ki, teatrla bağlı yeni fikirləriniz olmamış olmaz...   

- Bəli, yeni fikirlərim var.  Düşünürəm, vacib deyil ki, teatrda işləyib tamaşa qurasan. Mən Tetar Xadimləri İttifaqının teatr truppasının rəhbəri Məhəmməd Verdizadə ilə danışdım. Onunla bir plan qurduq ki, bir tamaşa hazırlayaq. İki nəfərlik bir tamaşa olacaq. Hazırda əsərləri oxuyub təhlil edirik, uyğun  birini seçəcəyik. Təbii ki, son sözü rejissor deyəcək və o tamaşa ilə yenidən tamaşaçıların qarşısına çıxacağam.  

- Siz əvvəllər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedoqoji fəaliyyət göstərdiniz, indi də dugər iki ali məktəbdə müəllimliklə məşğul olursunuz. Bizimlə indiki tələbələri müqayisə etsək fərq nədədir? Tələbələrdən razısızmı? Razı deyilsizsə, səbəb nədir? 

- Auditoriya mənim üçün yeganə zövq aldığım məkandır. Bu məkanda danışmaqdan, tələbəyə nəsə öyrətməkdən zövq alıram. Ümumiyyətlə, cəmiyyətə faydalı vətəndaş yetişdirmək məsələsində özümlə qürur duyuram ki, cəmiyyətə faydalı vətəndaşlar yetişdirə bilirəm. Bu gün təhsilimizdə problemlər çoxdur. İki ali məktəbdə dərs deyirəm, Bakı Dövlət Universitetində nitq mədəniyyətindən, Milli Konservatoriyada isə aktyorluq sənətindən dərs deyirəm. Ümumilikdə götürəndə, gənclərlə işləmək adama böyük zövq verir. Onların düşüncəsi tamamilə fərqlidir. İndiki gənclər bizim dövrün gənclərindən daha ağıllıdırlar, daha gözəl düşünə bilirlər. Amma bizdə olan kitaba maraq onların bəzilərində yoxdur. Bəziləri sanki kitabdan, mütaliədən uzaq düşüblər. Onları tamaşalara aparıram ki, heç olmasa Azərbaycan teatrının, Azərbaycan mədəniyyətinin nə olduğunu bilsinlər, bizim keçmiş və indiki böyük sənətkarlarımızı, mədəniyyətimzə xidmət edən insanları tanısınlar. Buna nə dərəcədə nail oluram, bu artıq gənclərdən, onların istəyindən asılıdır. Məni bir şey düşündürür. Mən onlarla söhbətlərdə klassik ədəbiyyatımızdan, nəsrimizdən, poeziyamızdan, böyük ədiblərimizdən danışıram. Amma təəssüf ki, bəzən elə tələbələrə rast gəlirəm, Mirzə Cəlilin, Hüseyn Cavidin əsərlərini tanımırlar. Bu gün Mirzə Cəlili, Mirzə Fətəli Axundovu, Hüseyn Cavidi və başqalarını tanımayan Azərbaycan gənci gələcəkdə Azərbaycançılıq məfkurəsinə yararlı ola bilməz.

- Bu yaxınlarda iki kino qurumu birləşdi, vahid kino ittifaqı yenidən fəaliyyətə başladı. Bunu necə qiymətləndirirsiniz?

- Əlbəttə, gücləri birləşdirmək lazım idi. Kinematoqrafiya İttifaqının yenidən bu şəkildə fəaliyyətinin qurulması bizi çox sevindirdi. Bir ölkədə iki kinematoqrafiya təşkilatının olmağının kinoya heç bir xeyri yox idi. Amma artıq iki qurum birləşdi. Xüsusən də xalq artistləri Rasim Balayev və Şəfiqə Məmmədovanın münasibətlərinin bərpa olunmasına da sevindik. Çünki uzun müddət idi ki, umu-küsü, qarşılıqlı ittihamlar vardı, bu da kinoya təsir edirdi, hər iki tərəfdən olan adamlar az qala bir-birinə qarşı düşmən mövqeyində dayanırdılar. Amma  buna son qoyuldu. Azərbaycan Kinematoqrafçılar İttifaqının adını dəyişib Kino Birliyi qoymaq istəyirdilər, amma mən də, xalq artisti Həmidə Ömərova da daxil olmaqla çoxluq buna   etiraz etdi. Qələbəmiz o oldu ki, ittifaqın adı olduğu kimi qaldı. İttifaq adı daha böyük səslənir, bütün mahiyyəti ifadə edir. Müsbət tərəflərdən biri də Həmidə Ömərovanın təklifi ilə Suğra Bağırzadənin idarə heyətinə üzv seçilməsi oldu.    Amma məni narahat edən bir məsələ oldu.

- Nəsə xoşagəlməz bir hal baş verdi?

- Gənclərə bir qədər soyuq yanaşıldı.

- Bildiyimiz qədər, idarə heyətinə gənclər də seçilib...

- Bəli, bir-iki gənc seçildi, amma onların sayı çoxluq təşkil etsəydi yaxşı olardı. 33 nəfərin içində yalnız iki-üç gənc olmağı həqiqətən də məni pərişan etdi, fikrimcə, gənclərin sayı çox olmalı idi. Orada dedim ki, gənclərin sayı çox olsaydı yaxşı olardı. Baxın, 83 yaşında bir operator hətta bizə etiraz olaraq durub dedi ki, mən Lətif Səfərovun dövründən bu ittifaqın üzvüyəm, kinoya kömək etmək istəyirəm. Mən hətta orada qeyd etdim ki, kinoya kömək etmək üçün mütləqmi Kinoittifaqın idarə heyətinin üzvü olmaq lazımdır? Kinoİttifaqın sıravi bir üzvü olaraq da kinoya töhfələr vermək olar. Mənə elə gəlir ki, artıq bu yaşda müəyyən insanların gənclərə yol açan vaxtıdır, kino sahəsində də çox istedadlı gənclərimiz var.  

- Zülfiyyə xanım, siz seriallara da çəkilirsiz. Hazırda çox populyar olan “Xəyanət” serialında Rəfiqə obrazını canlandırırsınız. Tamaşaçılardan reaksiya alırsızmı? 

- Serial sektoru işə düşəndən bu sektordayam, hər il çəkilirəm. Amma hesab edirəm ki, “Xəyanət”dəki obrazım bütün obrazlarımı üstələdi.

- Nə mənada?

- Rəfiqə obrazı çox uğurlu oldu. Nəinki mənim obrazım, bütövlükdə serialın özü, yaradıcı və texniki heyət uğurludur. Rejissor işi, ssenari, qoyulan mövzu, aktyor oyunu və sair hamısı bir-birini tamamlayır. Serialın mövzusu da bütün cəmiyyəti düşündürən, bütün ailələrdə müzakirə olunan xəyanət mövzusudur. Bunu gizlətsək də, xəyanət edənlər, xəyanət var. Biz cəmiyyətə mesajlar ötürməyə çalışırıq ki, xəyanət edənin sonu nə ilə nəticələnir, o hansı çətinliklərə düşür, başına nə gəlir, özünə və ətrafına nə qədər ziyan vurur. Bəzən bizi ittiham edirlər ki, siz xəyanəti təbliğ edirsiz. Xeyr, elə deyil. Biz məsələyə başqa bir bucaqdan baxırıq. 

- Sizin obrazınıza gələk. Rəfiqə obrazına görə tənqidlərə də tuş gəlirsiniz. 

- Küçədə, tədbirdə, bir sözlə harada məni görürlərsə ancaq bu serialdan danışırlar, mesencerimə yazırlar. Bəzi tamaşaçılar məni qınayırlar ki,  niyə Rəfiqə övladlarını xoşbəxt olmağa qoymir? Mən elə sizin qəzet vasitəsilə bildirmək istəyirəm ki, heç bir ana övladlarının bədbəxt olmasını istəməz. Ana öz təcrübəsindən çıxış edərək bu işə mane olmaq istəyir. Ana görür ki, övladları sevir, amma sevilmirlər, sevgi qarşılıqlı olmalıdır, həyat müştərəkdir. Rəfiqə övladlarının onları bədbəxt edə biləcək seçimlərinə mane olur. Bilmirəm, sonda nə olacaq, amma hiss edirəm ki, tamaşaçı sonda Rəfiqənin haqlı olduğunu biləcək. 

- Rolunuza görə sizi qınayanlardan incimirsiz ki?

- Qətiyyən. Demək inandırıcı oynamışam ki, tamaşaçı ona inanıb. 

Onu da qeyd edim ki, bu serialda çox istedadlı gənclərlə işləyirik. Mənim oğlumu Elşən Talıbov, qızımı Ülviyyə Xəlilbəyova oynayır. 

- Ülviyyə ilə üzdən də oxşayırsınz.

- Bunu hamı deyir. Ssenaristimiz Gəray Həsən də çox istedadlı gəncdir. Yəni bu heyətdə təmsil olunan gənclərin hamsı çox istedadlıdır. Aktyor heyəti çoxdur, hamının adını çəkə bilmirəm. 

- Ən çox tənqid edilən məqam serailların mövzusudur. Tamaşaçılar sual verirlər ki, nə üçün bizim serialların mövzusu nümunəvi insanların həyatları ilə bağlı olmur, yalnız xəyanət və sair işıqlandırılır?

- Türkiyədən bir rejissor gəlmişdi, biz onunla görüşdük. Bu sualı həmin rejissora Ayaz Salayev də verdi. O dedi ki, bugünkü tamaşaçılar üçün nümunəvi, müsbət hadisələr, maarifçilik maraqlı deyil. Ona görə də, bizim təkcə seraillarımızda deyil, eyni zamanda TV-lərdə də reytinq gətirən mövzulara üstünlük verilir. Tamaşaçı kütləsi maarifçi verilişlərə maraq göstərmir, ancaq intriqa, qalmaqal axtarır, insanların şəxsi həyatına qarışmaq istəyir, bunlar üçün başqalarının şəxsi həyatı da maraqlıdır.  Türkiyə seriallarında da intriqalar, ailə-məişət məsələləri, qaynana – gəlin münasibətləri kimi mövzular üstünlük təşkil edir. Sadəcə, Türkiyədə sosial-məişət mövzuları ilə yanaşı Türkyənin tarixi, siyasi həyatı ilə bağlı da filmlər çəkirlər. Çünki onlarda kinoya böyük vəsaitlər qoyulur. Mənə elə gəlir ki, bizdə də belə olmalıdır, ümid edirəm ki, olacaq da. 

- Televiziyalar çox tənqid olunur. Hətta bu yaxınlarda belə bir xəbər yayıldı ki, mənəvi dəyərləri aşağılayan bəzi verilişlərə görə bəzi telekanal rəhbərlərinə xəbərdarlıq edilib. Siz də sosial verilişlərdə iştirak edirsiz. Bu barədə nə deyə bilərsiz?  

- O xəbəri bu yaxınlarda mən də oxudum. Bəli, mən də sosial verilişlərə gedirəm, amma şousuz, yalan-palansız sosial verilişlərdə oluram. O verilişlərdə oluram ki, o verilişin mahiyyəti həqiqətən də insanlara yardım etməkdir. O verilişdə maddi imkanı olmayan insanlar həqiqətən də müalicə olunurlar, çünki orada həkimlər iştirak edir, insanların başqa probelmləri həll olunur. Burada insanlara təmənnasız yardım edilir. Amma bəli, bəzi verilişlər var ki, adam baxanda əsəb keçirir. Bu yaxınlarda Əhməd adlı bir gənc   bütün ailəsini qətlə yetirdi. Bu hadisə bütün cəmiyyətin əhval-ruhiyyəsinə təsir etdi. Hesab edirəm ki, şoular düzəldən, kriminalları teatrlaşdıran bəzi verilişlərin insanların alt şüuruna yeritdikləri nəticəsində bu gün əhmədlər meydana çıxır. Mənə elə gəlir ki, gözünü qırpmadan qanlı qətllər törədən Əhmədlər bəzi verilişlərin “məhsuludur”, belələrini onların apardığı ziyanlı təbliğat yetişdirir. Bəzi verilişlərə doğrudan da müdaxilə edilməlidir. 

- TV-lərdə sizi daha nələr narahat edir?

- Əslində bu tip verilişlər dünyanın hər yerində var. Sadəcə, bizdə bu verlişləri reytinqə görə çox əcaib hala gətirirlər. Normal sosial verilişlər böyük kütlə tərəfindən izlənilir. Çünki bu verilişə üz tutan adamlar müəyyən qurumlarda vəzifələrdə oturub, amma insanları incidən rəhbərlərdən dolayı verilişlərə gəlib TV-lərdən imdad diləyirlər. Aparıcılar da o insanların səsini-ününü lazım olan  yerlərə çatdırırlar. Xəstə, imkansız adamlara kömək edirlər. Amma bəzi verilişlərdə azərbaycan kişisi mağmın, rəzil, bivec kimi təhqir olunur ekspertlər tərəfindən. Bəzi ekspertlərin özlərinin natamamlıq kompleksi var. Onlar danışığını bilmir, yazıq adamların üstünə bağırır, qışqırırlar.Yəni belə verilişləri hazırlayanlar papaqlarını qarşıya qoyub düşünməlidirlər, özlərinə çəki-düzən verməlidirlər... Ailəsini, uşağını, ərini atıb gələn qadının saçını, qaşını düzəldib, iş tapıb onu ulduza çevirməməlidirlər, o  qadın Azərbaycan qadınını təmsil edə bilməz...

- Şuşaya da getdiniz...

- Bəli, çox qəribə hisslər yaşadım. Şuşaya çatmamış qayaları gördüm, onların o qayalarla necə çıxdıqlarını təsəvvür etdim və mənə dəli bir hönkürtü gəldi, bir xeyli ağlayıb fatihə verəndən sonra Şuşaya çataçatda mənə bir qürur hissi gəldi. Cıdır düzünə getdik, orada qayanın üstündə Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, ilahi” şeirini oxudum. Mənə o qədər xoş təsir bağışladı ki... Şuşada hiss etdim ki, havada şəhidlərin qanının qoxusu var. Bu yaxınlarda Zabuxda keçirilən toyu gördüm. Nə qədər kövrəldim, sevindim  ki, artıq mənim Laçınımda 30 ildən sonra ilk toy səsi ucaldı.

İradə SARIYEVA



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}