Ağdamın tarixi, elmi-arxeoloji əhəmiyyəti

"Ağdam" qədim türk dilində "Kiçik qala" mənasını verir: Bu sözün etimologiyası barədə müxtəlif versiyalar səslənir. Türk qəbilələri düşmənlərdən müdafiə olunmaq məqsədi ilə çox vaxt düzənlik yerlərdə kiçik qalalar inşa ediblər. Sonradan “Ağdam” kəlməsinin “işıqlı, ağ bina” anlamı qazandığı da bildirilir. Bu adın yeni məna kəsb etməsinin əsl səbəbini XVIII əsrdə Pənahəli xanın özünə ağ daşdan ev tikdirməsi ilə əlaqələndirirlər. Həmin ev bir-biri ilə həmahəng olan tikililərdən ibarət bütöv bir kompleks - ağ imarət idi. Digər bir versiyaya görə, Ağdam sözü Aquen (Aluen) yaşayış məskənin adının zamanla dəyişmiş formasıdır. Aluen Bərdənin yaxınlığında idi. Lakin Aluenin dəqiq yeri indiyə kimi heç kəsə məlum deyil. Govurqalanın yaxınlığındakı bir ərazi indi də "Əlvənd" dərəsi adlanır, bu da çox güman Aluen sözünün qismən dəyişilmiş formasıdır
Ən maraqlı cəhətlərdən biri də Aquen sözünün Ağdamla nə vaxt əvəz olunmasıdır. Qeyd etmək lazımdır ki, həm Aquen, həm də Ağdam toponomik adı türk mənşəli söz olub, coğrafi məkanla daha sıx bağlıdır. Aquen adının mənşəyi mənsub olduğu Alban dövlətinin adı ilə eyni kökdən qaynaqlanır. Aquen adındakı “aqu” sözü türk dillərində “equ”, “eyi” kimi işlənərək, “yaxşı”, “xoş”, “mülayim” mənasını daşıyır. Addakı “en” morfımi isə Alban adındakı “ban”, “van” sözləri ilə sinonim olaraq mənası “məkan”, “yurd” kimi ifadə olunur. Onda bu deyilən sözlərdən belə nəticəyə gəlmək olar ki, Aquen adının mənası “yaxşı, xoş, mülayim məkan, yurd" deməkdi.
Ağdam rayonu, 1930-cu illərdə Azərbaycan SSR-də yaradılmışdır. Rayonun yaradılması, bölgənin sosial-iqtisadi inkişafını və idarəetməsini asanlaşdırmaq məqsədini güdürdü. Həmin ildə Ağdam rayonu müstəqil bir inzibati vahid kimi təsis edildi. Bu dövrdə rayon, müstəqil kənd təsərrüfatı və sənaye istehsalını inkişaf etdirmək üçün yaradılmışdı. Rayon yaradıldıqdan sonra, burada kənd təsərrüfatı, xüsusilə üzümçülük və pambıqçılıq sahələrində geniş inkişaf baş verdi. Eyni zamanda, Ağdam mədəni və ictimai həyatın mərkəzi oldu. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir.
Ağdamın ərazisi qədim insanların yaşayış məskənləri üçün mühüm bir məkandır. Bu bölgədəki arxeoloji tapıntılar, tarixin müxtəlif dövrlərində insanların burada yaşadığını və fəaliyyət göstərdiyini sübut edir. Ağdam və ətrafında aparılan arxeoloji qazıntılarda müxtəlif dövrlərə aid yaşayış yerləri, məskənlər və mədəniyyət nümunələri aşkar edilmişdir. Bu, bölgənin minilliklər boyu insanların yaşadığı və inkişaf etdiyi bir yer olduğunu göstərir. Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Arxeoloji tədqiqatlar nəticəsində müəyyən oldu ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir, “misdaş” dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar. Burdan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur. Arxeoloqlar Üzərliktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur. Bu təpə, qədim insanların yaşayış mərkəzi olaraq tanınır və burada aparılan tədqiqatlar bölgənin tarixi və mədəni irsi haqqında əhəmiyyətli məlumatlar təqdim edir. Üzərliktəpə, neolit dövründən başlayaraq müxtəlif dövrlərdə insanların yaşadığı bir məkan kimi tanınır. Burada tapılan maddi mədəniyyət nümunələri, insanların gündəlik həyatını, məşğuliyyətlərini və mədəniyyətini əks etdirir. Tədqiqatlar zamanı burada qədim keramika, alət və digər mədəniyyət qalıqları aşkar edilmişdir. Bu tapıntılar, bölgənin tarixi inkişafını və insan fəaliyyətini göstərir. Son illərdə Üzərliktəpə və ətrafında daha geniş arxeoloji tədqiqatlar aparılır. Bu tədqiqatlar, bölgənin tarixi və mədəniyyətinin daha dərindən öyrənilməsi və qorunması məqsədini güdür. Üzərliktəpə, Ağdamın tarixi və mədəni irsinin zənginliyini nümayiş etdirən əhəmiyyətli bir yerdir. Bu cür abidələrin araşdırılması, Azərbaycanın qədim tarixinin daha yaxşı başa düşülməsinə kömək edir.
Dağlıq Qarabağ hadisələri başlayandan Ağdam burada cərəyan edən hadisələrin episentri olub. Mövcud dövlətini qədim Azərbaycan torpaqları üzərində qurmuş Ermənistanın Dağlıq Qarabağı işğal etmək məqsədi ilə 1988-ci ilin fevralından başladığı müharibəyə ilk olaraq məhz Ağdam rayonu cəlb olundu. Müharibənin ilk günlərindən ən böyük ağırlıqlar Ağdam əhalisinin üzərinə düşdü. 1988-ci ildə Emənistandakı dədə-baba torpaqlarından, daha sonra keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindəki isti ocaqlarından qovulan on minlərlə azərbaycanlı da işğal olunmazdan öncə Ağdam rayonunda məskunlaşmışdı.
1992-ci ildən rus ordusuna arxalanan Ermənistan Silahlı Qüvvələri Ağdama olan hücumları daha da intensivləşdirdi. Nəticədə 1993-cü il iyulun 23-də Ağdam şəhəri süquta uğradı. 
Ağdamın işğalı rayonun demoqrafik və sosial-iqtisadi vəziyyətinə ciddi təsir göstərdi. İşğal nəticəsində yüz minlərlə insan evlərini tərk etmək məcburiyyətində qaldı. İşğal dövründə Ağdamın mədəni irsinin bir çox abidələri, o cümlədən dini və tarixi yerlər ziyan gördü.
1992-ci ildə erməni silahlı birləşmələri respublikamızın ərazilərinin işğalına istiqamətlənmiş hərbi əməliyyatların miqyasını kifayət qədər genişləndirmişdilər. Lakin heç bir beynəlxalq təşkilat hamının gözü qarşısında baş verməkdə olan və beynəlxalq hüquq normalarını kobud şəkildə tapdalayan bu işğalçılıq əməllərinə obyektiv qiymət vermədi. Doğrudur, müxtəlif dövrlərdə BMT-nin, ATƏT-in, Avropa Birliyinin bu barədə müəyyən qətnamələri, bəyanatları meydana çıxdı, bununla belə, həmin sənədlər münaqişənin həqiqi səbəblərini dəqiq şəkildə qiymətləndirmir, təcavüzkarla təcavüzə məruz qalan tərəf arasında heç bir fərq qoymurdu. 1993-cü il iyulun 29-da BMT 853 saylı qətnamə qəbul etdi. Bu Qətnamə bölgədəki hərbi əməliyyatlara son verməyi, erməni qoşunlarının Ağdamı və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarınından geri çəkilməsini tələb edirdi. Qətnamə, həmçinin 822 saylı qətnaməyə də əməl edilməsini tələb edirdi. ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından da bu “hücum qətiyyətlə pislənmiş”, “işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış etmişdir”. Lakin Ermənistan tərəfi beynəlxalq qərarlara tabe olmaqdan yayındı.
İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədib. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirmişdir. Bu pozuntular, Ağdam rayonu da daxil olmaqla, işğal altında olan ərazilərdə baş vermişdir. Ermənistan, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi kimi qeyri-qanuni əməllər həyata keçirmişdir. Bu, bölgənin tarixi və mədəni irsinin silinməsinə yönəlmiş bir cəhd idi. İşğal dövründə, yerli əhalinin mülkiyyətinə qarşı genişmiqyaslı talan və dağıntılar baş vermişdir. Bu, insanların evlərini, torpaqlarını və digər mülklərini itirməsinə səbəb olmuşdur. İşğalçı qüvvələr, münaqişə zonasındakı əraziləri yandıraraq, ekoloji tarazlığı pozmuş və bölgənin iqtisadiyyatına ciddi ziyan vurmuşdur. 
2020-ci il 27 sentyabrda başalayan “44 günlük müharibə” 10 noyabr 2020-ci il tarixli bəyanat, Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış bir razılaşma ilə bitdi. Bu bəyanat, 2020-ci ilin sentyabrında başlayan müharibənin sona çatması və münaqişənin nizamlanması məqsədini güdürdü. Bəyanatın mühüm məqamlarından biri də işğalçı Ermənistan qüvvələrinin Ağdam rayonundan çıxarılması ilə bağlıdır. Bəyanat, atəşkəsin elan olunmasını və müharibənin dayandırılmasını təsdiqləyir. Bu, bölgədəki gərginliyin azaldılması üçün vacib idi. Bəyanatda, Ermənistan silahlı qüvvələrinin Ağdam rayonundan çıxarılması ilə bağlı konkret müddətlər müəyyənləşdirilmişdir. Bu, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə yönəlmiş bir addımdır. Bəyanat çərçivəsində, Rusiya sülh qüvvələrinin bölgəyə göndərilməsi planlaşdırılmışdır. Ağdamın azad edilməsi, Azərbaycanın tarixi və mədəni irsinin qorunması baxımından da önəmlidir.
2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin  5790 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. 
İşğaldan azad olunmuş Ağdam erməni vandalizmin şahididir.  Ağdamı Qafqazın Xirosiması da adlandırırlar. Ermənistan qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olub. 
2021-ci 28 may tarixində Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında Ağdam bərpa olunur. Şəhərin özündə 5 məhəllə nəzərdə tutulur. Hazırda 2-ci məhəllədə 66 binanın tikinti işləri başlayıb. Ağdam şəhərinə gələn ilin payızında ilk köç planlaşdırılır. Bundan sonra paralel olaraq digər məhəllələrdə də tikinti işləri aparılacaq. Hazırda Ağdamda 3 kənddə  - Kəngərli, Xıdırlı, Sarıcalıda bərpa-quruculuq işləri davam edir. Ağdam rayonunda digər kəndlər üzrə layihələndirmə işləri aparılır. 
Gülər Salmanova

Suraxanı rayonu, 270 nömrəli tam orta məktəbin tarix müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti