8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Elnarə Akimova
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı
Yeni Azərbaycan Partiyasının yalnız Zəfər amilində deyil, bu gün ölkənin adı ilə bağlı olan hər bir dəyərli məqamda, uğur və nailiyyətlərdə birbaşa rolu və missiyası var. Və bu missiyanın da məhək daşına çevrilməsində bütöv bir ömür nisar etmiş qüdrətli şəxsiyyətin, təməlini qoyduğu müasir Azərbaycanın obrazını yaratmış olan Ulu Öndər Heydər Əliyevin böyük siyasi gücü! Partiyanın öz obrazının hüdudları və hüdudsuzluğu məhz bu parametrdə görünür, gerçəkləşir.
Məlumdur ki, 21 noyabr 1992-ci ildə Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının yaradılması, böyük dövlət xadimi Heydər Əliyevin bu partiyanın Sədri seçilməsi ilə yeni qurulmuş gənc respublikanın siyasi həyatında böyük dönüşün əsası qoyuldu. Partiyanın hansı zərurətdən yaranması dövrün çətinliyindən doğmuşdu, məşhur bir ifadəni bir balaca dəyişib desək, Yeni Azərbaycan Partiyasını zəmanə özü yaratmışdı. 1990-cı illərin xaotik mənzərəsi hamımıza məlumdur. Biz həmin illərin sərt və kataklik prosesləri içindən çıxmış insanlarıq. Ölkə daxilində yaranmış hərc-mərclik, hərbi hissədə ard-arda qazanılan uğursuzluqlar, torpaq itkiləri, ölkənin ağır sosial böhranla sınağa çəkilməsi insanlarda sarsıntılı ovqat, depressiv durum yaratmışdı. Belə bir dönəmdə bir qrup ziyalı ümid yeri kimi məhz, Ulu Öndər Heydər Əliyevə müraciət etdi. Ümummilli Lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasına və bu partiyanın fəaliyyətində iştirak edəcəyinə ilk münasibətini 1992-ci il oktyabrın 16-da ona bu münasibətlə müraciət edən bir qrup Azərbaycan ziyalısına oktyabrın 24-də verdiyi cavabda belə dəyərləndirmişdir: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək, yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə bir partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram”.
Həmin cavabda Ulu Öndər Heydər Əliyev bildirirdi ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyi əldə etməsi təxminən səksəninci illərin əvvəllərindən başlanmış, keçmiş Sovet İttifaqında və bütün dünyada gedən ictimai-siyasi proseslərin zəruri nəticəsi olaraq meydana çıxmışdır. Bu mənada o, müstəqilliyimizi ayrı-ayrı təşkilatların və təsisatların adına bağlamağın düzgün olmadığını bildirirdi. Yeni Azərbaycan Partiyasının Sədri kimi Ulu Öndər Heydər Əliyevlə ilk müsahibəni 1992-ci il dekabrın 13-də Moskvada çıxan “Nezavisimaya qazeta” dərc etdi. Rus jurnalistin ilk sualı əslində yeni yaradılmış partiyanın siyasi xəttinin, daha doğrusu, onun liderinin siyasi görüşlərinin dünya miqyasında həssaslıqla müşahidə olunduğuna dəlil idi. Müxbir sual verirdi ki, “Yeni Azərbaycan adlı siyasi partiyanın yaradılması və sizin həmin partiyaya sədr seçilməyiniz təkcə respublikanızın kütləvi informasiya vasitələrində deyil, onun hüdudlarından xeyli kənarlarda da böyük əks-səda doğurmuşdur. Bəzi müşahidəçilər sizin partiyaya Azərbaycan Xalq Cəbhəsinə müxalif olan partiya kimi baxırlar. Bununla əlaqədar olaraq Yeni Azərbaycan Partiyasının əsas məqsəd və vəzifələrini bilmək istərdim”.
Bu, əslində həmin dönəmdə təkcə Rusiya ictimaiyyətinin deyil, dünyanın cavab tapmaq istədiyi sual idi. Ulu Öndər Heydər Əliyevin cavabı isə hədsiz dərəcədə korrekt və ümummilli məzmunda olmuşdur: “Yeni Azərbaycan Partiyası parlament tipli partiyadır və qəbul etdiyi proqramına uyğun olaraq, aşağıdakıları özünün məqsədləri hesab edir: Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi; milli, dini və dil mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarının bərabər hüquqlara malik olduğu sivilizisiyalı, demokratik, hüquqi dövlət yaradılması. Lakin ön planda Azərbaycanın qarşısında duran ən mühüm və təxirəsalınmaz problemlərin həlli dayanır – hər şeydən əvvəl, respublikanın geniş miqyaslı xarakter almış müharibə vəziyyətindən çıxarılması, Qarabağ probleminin həll olunması, habelə ağır sosial iqtisadi böhranın dəf edilməsi. Partiyanın Siyasi Şurasına Azərbaycanda yaşayan bütün xalqların və etnik qrupların nümayəndələri – ruslar, yəhudilər, talışlar, ləzgilər, kürdlər və başqalarlı daxildirlər. Partiyanın roluna gəldikdə isə onun lap əvvəldən müxalifət kimi yaradıldığını söyləmək, zənimcə, düzgün deyildir. Bu partiyanın rolunun dar mənada başa düşülməsidir. Partiya özünün qarşısına daha miqyaslı məqsəd və vəzifələr qoyur”.
Ulu Öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının müxalifət partiyası deyil, cəmiyyəti, toplumu, o dönəmdə isə parçalanmaq təhlükəsi qarşısında qalan Azərbaycanı birləşdirmək missiyasını boynuna götürmüş ümummilli partiya olduğunu bəyan edirdi. Bu gün 32 yaşa adlamış Yeni Azərbaycan Partiyasının bioqrafik məzmununa da elə bu siyasi manifestin gerçəkliyindən baxmaq lazımdır. Bu kontekstdən baxanda isə görmək çətin olmur. Partiya keçdiyi 32 ildə hər zaman həm birləşdiricilik missiyasına, həm də dürüst ideoloji dövlətçilik mövqeyinə sadiq qalmışdır. Ona görə İkinci Qarabağ savaşının başlandığı dönəmdə Yeni Azərbaycan Partiyasının Ali Baş Komandanın, xalqın və ordunun yanında olması təəccüb doğurmamalıdır. Bu, onun illərlə gəldiyi yolun məntiqi sonucu idi.
Qeyd etdiyimiz kimi, Ümummilli Lider Heydər Əliyev partiyanın qarşısında dayanan əsas məqsəd olaraq, iki mühüm məqama vurğu salırdı: “Hər şeydən əvvəl, respublikanın geniş miqyaslı xarakter almış müharibə vəziyyətindən çıxarılması, Qarabağ probleminin həll olunması”. Birinci məsələni çox keçmədən özü həll etməyi bacarmışdı. Adını tarixə Xilaskar lider olaraq yazdıran Heydər Əliyevin həyаtа keçirdiyi siyаsət qlоbаl mаhiyyətinə görə bənzərsiz tаriхi mərhələdə Аzərbаycаnın gücünə və Аzərbаycаn ictimаi fikrinin təməl daşına çevrilmişdir.
Ulu Öndər Heydər Əliyev üçün hər zaman əsas amal milli birlik, milli vəhdət olmuşdur. Onun azərbaycançılıq təliminin ana yapısında dayanan başlıca məqam elə bundan qaynaqlanırdı. İqtisаdi cоğrаfiyаnı böyük quruculuq işləriylə, mənəvi cоğrаfiyаnı isə milli-mənəvi dəyərlərin Аzərbаycаnа qаytаrılmаsıylа gerçəkləşdirən Ulu Öndər Heydər Əliyevin atdığı bütün addımları milli məfkurənin gəlişməsinə imkan yaratmaq məqsədi güdürdü. Heydər Əliyev bu məqsədə doğru sovet hakimiyyətinin ən kəskin dövrlərində yüksək tribunada təmsil olunarkən irəliləmişdir, yüksək kürsülərdən Azərbaycanın sözünü deməyə cəsarət və hünər göstərmişdir. Bu gün ölkə başçısı, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin də siyasətində milli məfkurəyə istinad xətti konsepsiya, təlim səviyyəsində gerçəkləşir.
Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin yaratdığı məktəbdir. Bu məktəbin fundamental əsasları ilk növbədə, milli “mən”in qorunması istiqamətində monolit həmrəyliyin hökmfərma olmasında, dövlətçilik şüurunun oyaqlığında, ideoloji mövqedən sapmamaq əqidəsində özünü göstərir. Bu gün Heydər Əliyevin adı, arzu və əməlləri onun ideya və ideallarında yaşayır. Yeni Azərbaycan Partiyası sistem özəlliyinin, siyasi mədəni atmosferin yaradılmasında özül missiyasında olan bir partiyadır. Etiraf etmək lazımdır ki, siyasi mübarizə aparmaq, cəmiyyətdə baş verənlərə sivil davranış əsasında, mədəni şəkildə münasibət bildirmək bu partiyanın nüfuzunun saxlamasında əsas faktorlardan biridir. Xarici əlaqələrin qurulması və möhkəmləndirilməsi, müxtəlif din və dil mənsubluğuna malik şəxslərin, müxtəlif yaş qruplarına mənsub insanların burada təmsil olunması Partiyasının gücünün miqyasını göstərir. Amma ən böyük güc onun dövlətçilik ideyalarına sadiq olmasında, dürüst ideoloji mövqeyindədir. Bunu ölkə başçısı İlham Əliyev də çıxışlarında dəfələrlə səsləndirir: “Yeni Azərbaycan Partiyası özünü müxalifət adlandıran indiki qüvvələrdən fərqli olaraq, heç vaxt öz dövlətinə, xalqına müxalifətdə olmamışdır. Bizim partiyamız və onun üzvləri bütün dövrlərdə dövlətçiliyə sadiq olmuşdur”.
Bəli, Ulu Öndər Heydər Əliyevin özülünü qoyduğu Yeni Azərbaycan Partiyası illərdir bu böyük yolu öz rəhbərinə layiq olan əzmlə qət etməkdədir. Ona görə dil və din, mental və yaddaş, mənəvi-əxlaqi dəyərlər kontekstində ehtiva olunan sahiblik şüuru, bir yumruqda cəm olaraq milli birliyi qorumağı strateji xəttin əsas konsepsiyasına çevirmək əzmi İkinci Qarabağ savaşında qazandığımız Zəfərin cövhəri oldu. O zəfər ki, Ulu Öndər Heydər Əliyevin səsləndirdiyi əsas məramın hədəfi idi. Ümummilli lider bilirdi ki, bunun üçün zamana ehtiyac var. Güclənmiş, artmış, böyümüş Azərbaycan ardınca Zəfər himnini gətirəcəkdi. Necə ki, gətirdi. Bu gün həyata keçirilən layihələr, gerçəkləşdirilən əməllər sırası Ali Baş Komandan İlham Əliyevin – öz qəhrəmanının simasında ən yeni Azərbaycanın qazandığı qlobal uğurları, XXI əsrdə dünyaya səs salan, yeniləşən ölkəmizi görməyə imkan verir. Bu həm də Ulu Öndər Heydər Əliyev ideyalarının gerçəkliyi və qələbəsidir.