Şəkidəki məktəbdə zəhərlənənlərlə bağlı – Açıqlama

Şəki rayonunun Qudula kənd orta məktəbində baş verən zəhərlənmə ilə əlaqədar TƏBİB-in tabeliyindəki “113” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub, dərhal həkim briqadaları cəlb edilib. 27 (20 qadın, 7 kişi) nəfər TƏBİB-in tabeliyindəki Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Bu barədə TƏBİB-dən Yeniavaz.com-a məlumat verilib.
Məlumata görə, hazırda tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində onlara zəruri tibbi xidmət göstərilir.
Bundan əlavə Şəkidə qeydə alınan hadisə ilə əlaqədar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə də məlumat daxil olub. Hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı Agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək.
Baş Prokurorluğun Mətbuat xidmətindən isə bildirilib ki, Şəki rayonu, Qudula kənd tam orta məktəbində 27 nəfər şəxsin - 24 şagird və 3 müəllimin zəhərlənməsi faktı üzrə Şəki rayon prokurorluğunda araşdırma aparılır. Zəhərlənmənin səbəbinin müəyyən olunması məqsədilə zəruri nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib, eləcə də araşdırma üzrə əhəmiyyət kəsb edən digər hərəkətlər aparılıb. Hazırda araşdırma davam etdirilir.



***15:04
Bu gün günorta saatlarında Şəki rayonunun Qudula kənd orta məktəbinin 24 şagirdi və 3 müəlliminin zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət etməsi barədə Şəki Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Məlumata görə, faktla bağlı araşdırmalara başlanılıb və hadisənin başvermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.
Qeyd edilib ki, xəstəxanaya müraciət edən şəxslərə lazımi tibbi yardım göstərilib və vəziyyətləri normaldır.



Oxşar Xəbərlər

Xəbər lenti