İcra başçısı Baş Prokurorluqda hansı vəzifəli şəxslərə rüşvət göndərib? - Şok faktlar


Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin sabiq başçısı və Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi Məharət Mustafayevə qarşı dəlduzluq edilib.

Sozcu.info xəbər verir ki, Məharətə qarşı 1962-ci il təvəllüdlü Razin Qəhrəmanov dələduzluq edib, onun külli miqdarda pulunu ələ keçirib.

Razin 2018-ci ilin dekabrında tanışı Məharətlə Bakıda Zorge adına parkda görüşüb.

Bu zaman Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunan cinayət işi üzrə Məharətin barəsində sərhədkeçməyə qoyulmuş məhdudiyyətin götürülməsi, barəsində şikayətlərin qarşısının alınmasına köməklik göstərilməsinə dair müraciəti ilə əlaqədar yalan vəd verib.

Razin guya özünün Baş Prokurorluqda rəhbər vəzifədə işləyən şəxslərlə yaxın əlaqələrinin olmasını, həmin əlaqələrindən istifadə edərək Məharətin istintaqa dəvət edilməməsi, Baş İdarədə istintaq olunan həmin cinayət işi üzrə sərhədkeçməyə qoyulmuş məhdudiyyətinin götürülməsi və barəsində şikayətlərin qarşısının alınmasına nail olacağını deyib.

Bu məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu Baş Prokurorluğun yüksək səlahiyyətli vəzifəli şəxsinə 60.000 manat məbləğində rüşvət verilməli olduğunu deyib.

Həmin adla 2019-cu ilin yanvarında 20 Yanvar metrostansiyası yaxınlığında istintaqla müəyyən edilməyən kafedə 60.000 manat məbləğində pul vəsaitini Məharətdən alıb. Pulu şəxsi ehtiyaclarına sərf edib.

İstintaq orqanı tərəfindən Razinin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 32.4,312.2-ci (iştirakçılıq, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Razin ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Məharətlə Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi vəzifəsində işlədiyi müddətdə tanıyıb: “Məharətdən rüşvət qismində 60.000 manat pul almamışam. Ondan 10.000 manat pul borc pul almışam. Onu da sonralar qaytarmışam. Məharətə heç bir borcum yoxdur”.

Məhkəmədə təqsirləndirilən şəxsin verdiyi ifadəsi ilə istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yaranıb. Bu səbəbdən onun istintaqa verdiyi ifadəsi açıqlanıb.

Razin ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, zərərçəkmiş Məharəti Gəncənin Nizami (hazırda bu rayon ləğv olunub – red.) rayon icra hakimiyyətinin başçısı vəzifəsində işlədiyi müddətdə tanıyıb: “Məharət barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işi üzrə sərhədkeçməsinə qoyulmuş məhdudiyyətin götürülməsində köməklik göstərməyimi xahiş etdi. Məharət həmin vaxtı hansısa xəstəliyi ilə bağlı müalicə almaq üçün ölkə xaricinə getmək istəyirdi.

Mən tanışım Eldar Sultanova (Baş Prokurorluqda idarə rəisi olub – red.) bu xahişi deyə biləcəyimi söylədim. Ancaq Məharətin müvafiq xahişini Eldar Sultanova bildirmədim. Bunun səbəbini xatırlamaıram”.

Təqsirləndirilən şəxs deyib ki, səs yazısında adını çəkdiyi digər şəxs Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində işləyib: “Xatırlamadığım şəxslər vasitəsilə Məharətin xahişini həmin vəzifəli şəxsə də bildirmək istədim. Ancaq sonradan hansısa səbəbdən xahişi həmin vəzifəli şəxsə də demədim. Məharətin xahişi müqabilində ondan hansısa pul vəsaiti istəməmişəm və almamışam”.

Cinayət işi üzrə zərərçəkmiş Məharətin sözlərinə görə, 2018-ci ilin yay aylarında Korrupsiyaya qarşı Mübarizə İdarəsində onun barəsində cinayət işi başlanılıb: “İstintaq zamanı barəmdə sərhədkeçməyə məhdudiyyət qoyuldu. Mən də onkoloji xəstəliyimin müalicəsi üçün Azərbaycan Respublikasının hüdudlarını tərk edərək müalicə üçün İsrailə gedə bilmədim”.

Zərərçəkmiş qeyd edib ki, 2018-ci ilin dekabrında dəqiq xatırlamadığı gündə Razin ona zəng edib, görüşmək istədiyini bildirib: “Zorge adına bağda görüşdük. Görüş zamanı Razin barəmdə sərhədkeçməyə qoyulmuş məhdudiyyətin götürülməsi, barəmdə şikayətlərin qarşısının alınması, həmiçinin Korrupsiyaya qarşı Mübarizə İdarəsinə çağırılmamağım üçün 60.000 manat pul istədi. Həmin pulu Baş Prokurorluqda tanıdığı şəxsə verəcəyini, bununla da sərhədkeçməyə qoyulmuş məhdudiyyətin götürüləcəyini, barəmdə şikayətlərin qarşısının alınacağını, Korrupsiyaya qarşı Mübarizə İdarəsinə çağırılmayacağımı bildirdi. Mən də Razinin təklifi ilə razılaşdım”.

Zərərçəkmiş deyib ki, tanışıdan 10.000 manat, yeznəsindən 50.000 manat alıb: “Cəmi 60.000 manat pulu Məharətə 2019-cu ilin yanvarında 20 Yanvar metrostansiyasının yaxınlığında xatırlamadığım kafedə verdim. Lakin Razin vədinə əməl etmədi, məni aldatdı. Sonradan həmin pulun 10.000 manatını qaytardı, 20.000 manat pulu isə istintaq zamanı mənə verdi. 30.000 manat pul görə öhdəlik götürüb. Lakin hal hazıra kimi 30.000 manat pul qaytarmayıb”.

Məhkəmə araşdırması zamanı əlavə ifadə verən zərərçəkmiş bildirib ki, təqsirləndirilən şəxs ona dəymiş ziyam tam ödəyib. Bu səbəbdən o, təqsirləndirilən şəxsə qarşı şikayətçi deyil.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.

Ona 2 il sınaq müddəti olmaqla 5 il 6 ay müddətinə şərti cəza təyin edilib, həmçinin 8 min 700 manat miqdarında da cərimə olunub.

Qeyd edək ki, Razin bundan əvvəl Gəncə Ağır Cinayətlər Məhkəməsində mühakimə olunub. O, həmin məhkəmənin ilə 10 min manat miqdarında cərimə olunub.

Bundan əlavə, Məharət də əvvəllər korrupsiya cinayətlərində mühakimə olunub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Teleqraf.com




Oxşar Xəbərlər

Xəbər lenti