İrəvanda panika: Razılıq verilib, Bakı “Qisas-3”-ə başlayır


Azərbaycan Ordusunun “Qisas-3” əməliyyatına başlaya biləcəyi haqda məlumatlar Ermənistan cəmiyyətində ciddi panikaya səbəb olub.

Sozcu.info xəbər verir ki, Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, Azərbaycanın rus sülhməramlıların müvəqqəti nəzarətində olan hissəsindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Ordumuzun vaxtaşırı atəşə tutulması, “müdafiə” işləri görməsi və s. Bakının səbrini daşırır və bunu ermənilər də bilir. Ona görə də “Qisas-3” əməliyyatını hər an gözləyirlər.

Erməni mediasına açıqlama verən hərbi ekspert David Karapetyan bildirib ki, 10 noyabr 2020-ci il bəyanatında Qarabağda erməni hərbi birləşmələrinin olmaması barədə maddə var: “Söhbət Ermənistan vətəndaşı olan və Ermənistanda qeydiyyatda olan, Qarabağın “hərbi hissələri”ndə xidmət edən vətəndaşlardan gedir. Ancaq orda Qarabağın “müdafiə ordusu” haqda heç nə yoxdur”.

Karapetyan bildirib ki, hazırda İlham Əliyev Qarabağdakı erməni silahlıların (Karapetyan onu “müdafiə ordusu” adlandırır – red.) tərk-silah olunmasını, “hökumət sisteminin” bütün strukturlarının buraxılmasını tələb edir.

Karapetyan xatırladıb ki, Azərbaycanın növbəti tələbi Qarabağdakı erməni icmasının Ağdamdan ticarətə başlamasıdır:

“Əliyev bu yaxınlarda növbəti hücum ehtimalının olduğunu açıqladı və hətta sorğu da keçirildi ki, Azərbaycan əhalisinin 80 faizi “Qisas 3” adlı əməliyyatın tərəfdarıdır. Bu barədə Azərbaycan dövlət telekanalı məlumat yayıb. Onlar açıq elan edirlər ki, “Qisas-3” əməliyyatına hazırlaşırlar. Təbii ki, bu, təzyiq mexanizmidir. Düşünürəm ki, kollektiv Qərb Azərbaycana hələ ki, genişmiqyaslı hərbi əməliyyatlara başlamağa icazə verməyib”.

O bildirib ki, Azərbaycan sülhməramlıların Qarabağda silah daşıdığını, Ermənistanın üçtərəfli bəyannamənin bəndlərini pozduğunu, hələ də Zəngəzur dəhlizinin açılmadığını qeyd edirsə, bu, Azərbaycan rəhbərliyinin hücum planı ilə hərəkət edəcəyinin mesajıdır - Bakı buna görə cavab gözləyir:

“Ona görə də Araik Arutyunyan deyib ki, biz bütün ssenarilərə hazır olmalıyıq. Çünki Azərbaycan tələb edir ki, təkcə ordu deyil, ümumiyyətlə, hakimiyyət sistemi ləğv olunsun. İndi problem ondadır ki, sülh müqaviləsi ilə bağlı müxtəlif geosiyasi mərkəzlər tərəfindən aparılan bu müzakirələrin regionumuzda gedən proseslərlə heç bir əlaqəsi yoxdur. Təhlükəli ssenarilərin qarşısını almaq üçün burada intensiv iş aparılmalıdır”.

O, Rusiyanın hazırkı zəif vaxtından Azərbaycanın istifadə edib-etməyəcəyi sualına da cavab verib:

“Rusiya nə qədər zəifləmiş olsa da, Azərbaycan razılıq və konsensus olmadan orada ruslardan ayrı hərbi əməliyyatlar apara biləcək gücdə deyil. Azərbaycan uzaqgörən siyasət yeridir, sülhməramlıların Qarabağı tərk etmələrini tələb etmək üçün onların müddətinin bitməsini gözləyir. İndi onların problemlər yaratması üçün o qədər də yaxşı vaxt deyil.

Amma bu bir faktdır ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistanla həmsərhəd Naxçıvanda hava hücumundan müdafiə sistemi, artilleriya sistemləri, raket sistemləri, helikopterlər və pilotsuz uçuş aparatlarından istifadə etməklə komanda qərargah təlimləri keçirir. “Yaşıl işıq” yandırılıb-yandırılmayacağından asılı olmayaraq, onlar nəyəsə hazırlaşır və hazırdırlar. “Yaşıl işığ”ın yanması siyasi və diplomatik pərdəarxası razılaşmaların nəticəsi olacaq. Və ikinci: ABŞ-ın Ermənistandakı səfiri çox diqqətəlayiq bir açıqlama verdi. O əmindir ki, Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycanın tərkibində qoruna bilər. Bu artıq müəyyən mənada yaşıl işıqdır, bilmirəm bu söhbətin daha hansı kulis təzahürləri var, amma bu, çox təhlükəli bəyanatdır.

Problem ondadır ki, indi bütün fövqəlgüclərin rəhbərləri yekdilliklə Qarabağ xalqının (Qarabağdakı erməni icması nəzərdə tutulur – red.) hüquqlarının və təhlükəsizliyinin Azərbaycanın tərkibində qorunub saxlanıla biləcəyini bəyan edir.

Erməni tərəfi isə bütün bu ssenarilərdən asılı olmayaraq, Marqaranın infrastrukturunu qaydaya salmaq üçün işləri tezliklə başa çatdıracağını bəyan edir, Türkiyə tərəfinin də razılaşmaya sadiq qalacağına böyük ümidlər bəsləyir və yayda bunu həyata keçirəcəklər. Paşinyan hətta Ərdoğanla telefon danışığı da edib, diplomatik pasportlara malik üçüncü ölkə vətəndaşları üçün quru sərhədinin açılmasına dair razılaşma məsələsini müzakirə edib. Yəni bütün bunların fonunda kontekstin iki yerə bölünməsi təəssüratı yaranır”.



Oxşar Xəbərlər

Xəbər lenti