8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Suriya qoşunlarının Fəratın sol sahilində Deyr-əz-Zor bölgəsində möhkəmlənmək cəhdi hələlik uğurla nəticələnməyib. Bununla yanaşı Bəşər Əsəd qoşunlarının, habelə Rusiya hərbi qruplaşması və "Vaqner” özəl hərbi şirkəti (ÖHŞ) bölmələrinin amerikalılarla yeni qanlı toqquşma təhlükəsi böyükdür.
Bu haqda ABŞ-ın keçmiş Rusiya səfiri Entoni Makfol Münhendə güvənlik üzrə konfransda bildirərək vurğulayıb ki, Amerika qoşunları "Suriyada uzun müddət qalacaq, belə ki ruslarla toqquşma bir də ola bilər”.
ABŞ dövlət katibi Reks Tillerson oxşar, amma daha diplomatik mövqe səsləndirib və bildirib ki, ölkəsi Suriyada "müddətsiz” 2 min nəfərlik kontingent yerləşdirəcək. Tillerson Suriyada sonrakı sabitləşməni hədəf adlandırıb.
Məlum olduğu kimi, ABŞ aviasiyası fevralın 8-ə keçən gecə Kanoko zavodu bölgəsində "Vaqner” ÖHŞ dəstələrinə zərbə endirib. Vaşinqton açıqca sərgiləyir ki, Rusiyanın dəstəklədiyi Əsəd hakimiyyətdə qalınca Dəməşqin özünün energetik aktivlərini qaytarması çətin olacaq.
RF hökuməti ÖHŞ əməkdaşlarının ABŞ zərbələrindən həlakından sonra çaşqınlıq sərgiləyir. Bu, təkcə opponentlərin Vladimir Putini və RF-nin başqa rəhbərlərini Rusiya muzdlularının kütləvi həlakıyla bağlı faktları gizlətməyə görə tənqid etdikləri seçkiqabağı daxili-siyasi mübarizəylə deyil, həm də hərbi elektorat arasındakı əhvali-ruhiyyə ilə bağlıdır. Şənbə günü Moskvada bir çox bölgələrdən nümayəndələrin gəldiyi Ümumrusiya zabitlər toplantısı keçirilib. Toplantı iştirakçıları həlak olanların xatirəsini sükut dəqiqəsiylə yad ediblər. "NG”-yə məlum olub ki, toplantı nümayəndələrindən bəziləri Moskva hərbi hospitallarındakı Suriyada yaralanmış ÖHŞ döyüşçülərinə baş çəkiblər. Dəqiq rəqəm göstərilmir, amma danışırlar ki, onlar çoxdurlar.
Moskvanın Suriyanın özündə də aydın planı görünmür. RF-nin Türkiyəyə motivləşdirilməmiş güzəştlərə getdiyi ilə bağlı suallar meydana çıxır. Türkiyə qoşunlarının Moskvanın sanki sükutla təqdir etdiyi Afrini işğalının ardınca Ankara İdlibdə öz mövqeyini gücləndirib. Türkiyə KİV-ləri dünən məlumat verib ki, Ankara Afrin kantonundan cənuba İdlib deeskalasiya zonasında (DZ) öz müşahidə məntəqələrini yerləşdirməyi başa çatdırıb. Müşahidəçilər iddia edirlər ki, türklər həmçinin Moskvanın protektoratı altında yerləşməli olan (ki, Astanada razılaşdırılıb) DZ də tutublar. İddia olunur ki, Rusiya hərbçilərinin yerləşməli olduğu Hələb-Hamə M5 trasından cənubdakı əraziyə hazırda türk qoşunları nəzarət edir.
Yaranmış durum Dəməşqi qane etmir. Tillersonun keçən həftə Türkiyəyə baş tutmuş səfərindən sonra Qərbdə Suriyada Türkiyə-Amerika alyansı haqda danışmağa başlayıblar. O cümlədən Vaşinqton və Ankaranın Suriyanın şimalında birgə hərbi kontingent yerləşdirmək imkanı haqda yazırlar. Guya belə bir təklifi Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu ifadə edib, Amerika dövlət katibi isə bunu təqdir edib. Çavuşoğlu bildirib ki, kürd Xalq özünümüdafiə dəstələri (YPG) Mənbici tərk edərsə, Türkiyə bölgədə ABŞ-la birlikdə tədbirlərə hazırdır. Amerikalılar bununla, demək olar, razılaşıblar və rəsmi məlumatlara görə, danışıqların ilk raundu martın ortalarında baş tutmalıdır. Tillerson qeyd edib ki, ABŞ Türkiyənin öz sərhədlərini qorumaq hüququnu tanıyır, amma Ankaranı son dərəcə kəskin addımlardan çəkinməyə çağırıb. Lakin bu gün Suriya ərazisinin artıq yarıdan çoxu Türkiyənin nəzarətindədir.
Hərbi Elmlər Akademiyasının müxbir üzvü, polkovnik Eduard Rodyukov qeyd edir: "Dəməşqdə həm Türkiyə, həm də Amerika qoşunlarını işğalçı sayırlar (onlar ölkənin bütün şərq ərazisini əldə saxlayırlar). Lakin Bəşər Əsəd rejimi Ankarada və Vaşinqtonda qeyri-legitim elan olunub. Əsəd Moskvanın müttəfiqidir və biz Suriyaya qoşun yeridərək ölkədə qanuni hakimiyyəti dəstəkləməyi öhdəmizə götürmüşük. Bu, çox da uğurlu alınmır”.
"ABŞ və Türkiyə Tillersonun Ankara səfəri zamanı Suriyanın ərazi bütövlüyünün saxlanmasına sadiqliyini bildirsə də, onların gerçək fəaliyyəti yerli hökumətlərin saxlanması və möhkəmlənməsinə yönəlib. Yəni onlar bölücülüyü becərirlər, – tarix elmləri doktoru, hərbi ekspert Vladimir Popov hesab edir. – Bu, İdlibdə Türkiyəyönlü deyilən müxalif hökumət, Şərqi Suriyada isə neft-qaz aktivlərini Əsəd rejiminə vermək istəməyən kürd özünümüdafiə qüvvələri və ərəb tayfalarıdır”.
Popov diqqəti buna yönəldir ki, Suriyada Türkiyə-Amerika hərbi ittifaqının yaradılması karbohidrogenlərin Ərəbistan yarımadasından işğal edilmiş ərazilər üzrə Türkiyəyə və ardınca Avropaya nəqli üçün yaxşı zəmin yaradır: "Bu, RF-nin maraqlı olduğu və Rusiya qruplaşmasının Suriyaya yeridilməsinin gizli motivlərindən biri olan "Türk axını” qaz kəmərini, demək olar, gərəksiz edir”.