Bu gün, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
“Sabiq səhiyyə naziri Oqtay Şirəliyevin Azərbaycan səhiyyəsinə güvənmədiyi üçün Türkiyəyə müalicə almağa getdi haqqında səslənən fikirləri düzgün hesab etmirəm. Çünki insan istədiyi yerdə müalicə almaq haqqına sahibdir”.
Hurriyyet.az xəbər verir ki, bu sözləri yenisabah.az-a açıqlamasında tanınmış həkim, uroloq-androloq Vasif İsmayıl deyib.
O, Azərbaycanın keçmiş səhiyyə naziri Oqtay Şirəliyevin müalicə almaq üçün təcili şəkildə Türkiyəyə getməsinə toxunub.
Xatırladaq ki, eks-nazirin Türkiyəyə yollanması haqqında məlumatların dərc olunmasından sonra sosial şəbəkələrin Azərbaycan seqmentində bununla bağlı müzakirələr yaranıb. Belə ki, sosial şəbəkə istifadəçilərinin bir çoxu Şirəliyevi uzun illər rəhbərlik etdiyi səhiyyə sisteminə güvənməməkdə ittiham edib.
Məsələyə münasibət bildirən V.İsmayıl əlavə edib ki, sabiq nazirin səhhətindəki hansı problemlərə görə xaricə getdiyi naməlum olaraq qalır:
“Lakin buna baxmayaraq, bu gün Azərbaycanda səhiyyə sahəsində görülməli işlərin çoxu görülüb, amma hamısı deyil. Həmçinin görülən işlərin çoxu hazırda keyfiyyətlə həyata keçirilir ki, bu tərəfdən də heç bir problem yoxdur. Ola bilsin ki, Oqtay Şirəliyev Azərbaycana səhiyyəsinə güvənmir, yəni bu, ola bilər”.
Müsahibimiz onu da diqqətə çatdırıb ki, O.Şirəliyevin bir siyasi keçmişi və duruşu var:
“Ola bilər ki, onun hansısa həkimlərlə konflikti olsun, onlara güvənmisin və buna görə də Türkiyəni seçsin. Amma reallıq budur ki, onun zamanında Azərbaycan səhiyyəsində bir çox işlər görülüb. Hətta deyərdim ki, çox da yaxşı işlər olub. Amma, bununla yanaşı, səhiyyəmizdə nəzarətin zəifləməsi hadisəsi də baş verdi ki, bu da Oqtay müəllimə qarşı yaranan etirazlara səbəb oldu”.
Həmsöhbətimizin fikrincə, bütün bunlara baxmayaraq, Azərbaycan xalqının Azərbaycan səhiyyəsi haqqında söylədiyi iradların əksəriyyəti haqlı və əsaslıdır:
“Amma bu, o demək deyil ki, Oqtay Şirəliyev Azərbaycan səhiyyəsini pis günə qoyub Türkiyəyə qaçıb gedib və s. Biz bunu ümumi bir fikir kimi dilə gətirə bilərik, amma ola bilsin ki, onun xəstəliyinin spesifik xüsusiyyətləri var və buna görə də ölkə xaricinə çıxıb. Məsələn, onun çox ciddi qaraciyər çatışmazlığı varsa, artıq xaricdə müalicə almasına əsaslı səbəbləri ortaya çıxır. Çünki qaraciyər çatışmazlığı ilə bağlı problemi hələ də Azərbaycanda lazımi səviyyədə müalicə edə bilmirik və bu bizim səhiyyəmiz üçün mənfidir. Yəni elə məsələlər var ki, biz bunu yaxşı bacarmırıq. Ona görə də faktları biləndən sonra məsələyə münasibət bildirməyin tərəfdarıyam”.
Tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə isə elə situasiyalar var ki, biz bu reallıqları bilmirik:
“Hətta bəzi məsələlər var ki, bunun dəqiqləşməsinə ehtiyac duyulur. Lakin adi prosedurlardan ötrü ölkəni tərk etmək, hər halda yaxşı mənzərə deyil. Hələ nazir olmuş adam üçün heç...
Hesab edirəm ki, Azərbaycan səhiyyəsinin yetərincə imkanları var ki, problemlərini həll etsin. Amma biz reallığı bilsəydik, bu barədə daha detallı və obyektiv danışmaq olardı. Lakin təəssüflər olsun ki, bilmirik.
İlk növbədə, ona şəfa arzulayıram. O cümlədən bizim hər birimiz, xüsusilə də məmurlar çalışmalıdırlar ki, milli səhiyyəmizin imkanlarından yetərincə istifadə etsinlər ki, bu, həm də səhiyyəmizə güvən deməkdir”.
Qeyd edək ki, Oqtay Şirəliyev 2005-2021-ci illərdə Azərbaycanın səhiyyə naziri vəzifəsində çalışıb.