Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini RƏDD ETDİ – ŞOK DETALLAR


Sumqayıt Apellyasiya Məhkəməsində Ramiz Mehdiyevin kürəkəni, eks-deputat İlham Əliyevin şikayətinə baxılıb.

Musavat.com xəbər verir ki, hakim Almaz Süleymanova İlham Əliyevin Mansur İbrahimova, Şabran Notariat Kontoruna və digərlərinə qarşı torpaq sahəsinin alqı-satqı müqaviləsinin ləğvinə dair qarşılıqlı iddiasını qanunsuz və əsassız hesab edib.

İlham Əliyevin şikayəti təmin olunmayıb. Hazırda İlham Əliyevə qarşı Sumqayıt Kommersiya Məhkəməsində hakim Fərman Həmidlinin sədrliyi ilə şabranlı sahibkar Mansur İbrahimovun iddiasına baxılır.

Mansur İbrahimov məhkəməyə şikayətində İlham Əliyevin zəbt etdiyi, ona məxsus 52 hektar bağ torpaq sahəsinin geri qaytarılmasını tələb edir. Sahibkar deyir ki, İlham Əliyev deputat olduğu günlərdə, 2011-2019-cu illər ərzində ona məxsus olan Şabran rayonu, Gəndab, Aygünlü və Dəvəçi kəndləri ərazisində yerləşən ümumilikdə 52 hektar bağ torpaq sahələrini zəbt edib:

“Bu məsələ ilə bağlı Daxili işlər Nazirliyinə şikayət etmişdim. Şikayətim əsasında 5 aya yaxın araşdırıma aparıldı. Nazirliyin Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən 24 oktyabr 2022-ci il tarixli №006-247661222 saylı məktubun icrası ilə əlaqədar qoyulmuş suallar Ağır cinayətlərin istintaqı şöbəsinin, xüsusilə mühüm işlər üzrə baş müstəntiqi Cövdət İsgəndərovun və “Turaz” MMC-nin icraçı direktoru Zahir Ələskərovun iştirakı ilə araşdırıldı.

“Turaz” MMC-nin Şabran rayonu ərazisində istifadə olunan torpaq sahələri GPS aləti vasitəsilə ölçüldü və həmin sahələrin kimin mülkiyyətində olması baradə məlumatların - xəritə üzərində cizgiləri və mülkiyyətçilərin adlı siyahısı tərtib olundu. Bilindi ki, İlham Əliyev mənə məxsus 83 hektar bağ torpaq sahəsini zəbt edib. Hazırda 83 hektarın 52 hektarlıq bağ hissəsi ilə bağlı iddiaya baxılır.

DİN-in bu araşdırmasına qədər, 2020-ci ilin sentyabrında Şabran Rayon Məhkəməsində mənim İlham Əliyevə qarşı zəbt olunmuş bağ torpaq sahələrimin geri qaytırılmasına dair iddiama baxılıb şikayətim təmin olunmuşdu. Məhkəmə qaydasında qət olunmuşdu ki, İlham Əliyev mənim torpaqlarımdan çıxarılmalıdır. İlham Əliyev həmin qətnamədən apellyasiya şikayəti verdi. Şikayətə hakim Gülnarə Tağızadənin sədrliyi ilə baxıldı və İlham Əliyevin şikayəti qanunsuz və əsassız olduğundan rədd edildi. İ.Əliyev bu dəfə Ali Məhkəməyə şikayət verdi və işin kommersiya xarakterli olmasını əsas gətirməklə kommersiya instansiyasına verilməsini tələb etdi. Bütün bu şikayətlər, qarşılıqlı iddialar hüquqdan, qanunlardan sui-istifadə, sırf məhkəmələrin süni şəkildə uzadılmasına xidmət edən addımlardır. Məhkəmələrin gedişində İlham Əliyevin ətrafı açıq şəkildə deyirdi ki, məhkəmələri özləri uzadırlar ki, vaxt udsunlar, zəbt olunan torpaqların mümkün qədər çoxu onların istifadəsində qalsın. Hər ötən il mənim torpaqlarımda əkib-becərdiyim ağaclardan meyvələri yığıb satır, külli miqdarda gəlir əldə edirlər. Buna görə də heç bir əsası olmayan şikayətlərlə məhkəmələri uzadırlar.

İlham Əliyevin Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etdiyi qarşılıqlı iddia da bu qəbildən idi. Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Almaz Süleymanova İlham Əliyevin bu şikayətini də rədd etdi. Vaxt, zaman isə gedir. İllərdir ki, zəbt olunan torpaqlarımı Azərbaycan dövləti mülkiyyətimə qaytara bilmir. İlham Əliyev bu gün də özünü qanunlardan üstün bilir”.

Mansur İbrahimov deyir ki, 2011-ci ildə İlham Əliyev Kərim Məmmədov və Məhəmməd Balaqadaşov vasitəsilə onunla tanış olub. O zaman İlham Əliyev ona şəriklik təklif edib. Şərti də bu olub ki, o, sərmayə qoyacaq, Mansur İbrahimov isə şirkətin genişlənməsini təmin edəcək:

“Söhbətimiz Kərim Məmmədovun bacısı Minavər Əsədovanın evində oldu. O zamanlar bəzi maneələr vardı, İlham Əliyevin təklifi ilə razılaşmalı oldum. İlham Əliyev “Turaz” MMC-yə 50 faiz ortaq oldu. Lakin şərikliyimiz elə ilk gündən baş tutmadı.

Çünki İlham Əliyev vəd etdiyi vəsaitləri şirkətə vermədi, əksinə, şirkətin mühasibatlığını məhv elədi. Deyirdi ki, mənə mühasibatlıq yox, “uçotçik” lazımdır. Mən isə bununla razılaşmırdım, deyirdim ki, hər bir manatın qeydiyyatı olmalı, mühasibatlığı aparılmalıdır. Uzun müddət münasibətlərimiz gərgin oldu, bağlardan yığılan meyvələrin satışı, hesabatı məndən gizlədilirdi. Bu işlərə Kərim Məmmədov və onun qaynı Zahir Ələsgərov baxırdılar. Mən öz şirkətimdə sırf hüquqi hesabatlara nəzarət edə bilirdim. Ümumiyyətlə, mənə maaş belə verilmirdi. İlham Əliyev cibində deputat mandatı qayınatası Ramiz Mehdiyevə güvənir, mənim sıfırdan qurduğum şirkəti beləcə ələ keçirmişdi. Ayın yarısından çoxunu Şabranda keçirir, hər gələndə başının dəstəsi ilə məclis qururdu. Məni öz şirkətimdə kənar bir şəxsə çevirmişdilər. Qanunsuzluqlarına etirazlarımı da qulaqardına vururdu. Açıq şəkildə məni həbslə hədələyirdi. Başa düşürdüm ki, şikayətlərimin heç bir nəticəsi olmayacaq. Ona görə də “Turaz” MMC-də İlham Əliyevin özbaşınalığı ilə bağlı şikayət etməmişdim. 2019-cu ilin avqustunda İlham Əliyev mənim digər şirkətim “Dostluq MK” MMC-yə də əl qoymağa çalışırdı. Görürdüm ki, həmin MMC-nin də bağ torpaq sahələrini ələ keçirəcək. Mənə təklif etdi ki, “Dostluq MK” MMC-dəki 50 faiz payımı ona 3 milyon manata satım. Düşündüm ki, şirkətin 50 faizini ona satmaqla vəziyyətdən çıxaram, digər sahələrdə işimi genişləndirərəm. Lakin İlham Əliyev alqı-satqı müqaviləsi ilə MMC-nin 50 faizini alsa da, pulu ödəmədi. Bu günə qədər də mənə 3 milyon manatı ödəməyib. Hazırda bu işlə bağlı Ali Məhkəmədə əlavə kassasiya şikayətim var. Bundan başqa, Ali Məhkəmədə “Turaz” şirkətindəki şərikliyimizlə bağlı da şikayətim var. Şikayətin mahiyyəti budur ki, mən şirkətə 2 milyon 578 min 220 manat vəsait qoymuşam. Bu məbləği mən havadan demirəm, məhkəmə qərardadı əsasında təyin olunan məhkəmə mühasibatlıq ekspertizası müəyyən edib. İlham Əliyev həmin məbləği mənə ödəməlidir.

Sumqayıt Kommersiya Məhkəməsində İlham Əliyevə qarşı iddia tələbim budur ki, mülkiyyətimdə olan və “Turaz” şirkətinin 400 hektarlıq bağ torpaq sahələrinə qanunsuz olaraq qatılan 52 hektar bağ torpaq sahəm mənə qaytarılsın. Ümumilikdə isə qanunsuz olaraq “Turaz” şirkətinin 400 hektarlıq bağ torpaq sahələrinə mənə məxsus olan 83 hektar bağ torpaq sahəsi qatılaraq zəbt olunub. 52 hektar torpaq sahəsi dövlət reyestrində mənim mülkiyyətimdədir. Qalan 31 hektar isə müəyyən sənəd çatışmazlığına görə tam olaraq mənim mükiyyətimə qeydə alınmayıb. Buna görə də həmin 31 hektar torpaq sahəsi ilə bağlı hələlik iddia qaldırmamışam. İlham Əliyev mənə qarşı çox böyük qanunsuzluqlar edib. Ümidim Azərbaycan dövlətinə, dövlətimizin başçısına, Ali Məhkəmənin, Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovadır. İnanıram ki, Azərbaycan məhkəmələri nəhayət ki, mənim haqqımı bərpa edəcək, İlham Əliyev tərəfindən zəbt olunan torpaqlarımı mülkiyyətimə qaytaracaqlar”.


Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti