Seçki bülletenlərinin çapına başlanıldı


2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar seçki bülletenlərinin çapına başlanılıb.

Sozcu.info xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov avqustun 15-də Komissiya üzvləri və Katibliyin təmsilçiləri ilə birlikdə çap prosesinin gedişi və bununla bağlı yaradılmış şəraitlə tanış olub.

MSK sədri seçki bülletenlərinin əsas seçki sənədlərindən biri olduğunu və vətəndaşların öz konstitusion hüquqlarını reallaşdırmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O diqqətə çatdırıb ki, seçki bülletenləri qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada çap edilib.

Məzahur Pənahov həmçinin Seçki Məcəlləsinə əsasən seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblərin MSK-nın qərarı ilə müəyyən olunduğunu və Milli Məclisə seçkilərdə 6 516 567 seçki bülleteni hazırlanacağını bildirib. MSK sədri seçki bülletenlərinin çapı və aidiyyəti üzrə aşağı seçki komissiyalarına paylanılması ilə bağlı zəruri tövsiyələrini də diqqətə çatdırıb.

Proseslə tanışlıqdan sonra Məzahir Pənahov həm seçki bülletenlərinin çapı, həm də ümumiyyətlə Milli Məclisə seçkilərə hazırlıqların gedişi barədə media mənsublarına açıqlama verib, fikirlərini bölüşüb və jurnalistlərin suallarını cavablandırıb.

Qeyd edək ki, seçki bülletenlərinin çap prosesi zəruri təhlükəsizliyin təmin edilməsi şərti ilə beynəlxalq təşkilatlar, seçki müşahidə missiyaları, media nümayəndələri və seçkilərin iştirakçısı olan bütün maraqlı subyektlər üçün tamamilə açıq həyata keçirilir.



Oxşar Xəbərlər

Xəbər lenti