8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Nazirliyin qanunvercilik baş idarəsinin anlaşılmaz cavabı...
Müraciət etmək hüququ Konstitusiyanın 57-ci maddəsi ilə təminat verilən əsas insan və vətəndaş hüquq və azadlıqlarındandır. Dövlətin ən yüksək hüquq qüvvəsinə malik olan Ana Qanununun sözügedən maddəsinin I hissəsində hər bir müraciətə qanunla müəyyən olunmuş qaydada və müddətlərdə yazılı cavab verilməli olması yazılıb. “Vətəndaşların müraciətləri haqqında” 30.09.2015-ci il tarixli qanunun 3.0.11-ci bəndində yazılı müraciətin kağız üzərində və ya elektron formada tərtib olunmuş müraciət olduğu; 3.0.12-ci bəndində elektron müraciətin müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilən və ya rəsmi internet saytı vasitəsilə daxil edilən müraciət olduğu doğrulanıb. Qanunun 7.6 maddəsinə görə, elektron müraciətə müraciət edənin göstərdiyi elektron ünvan vasitəsilə ELEKTRON QAYDADA və ya müraciət edənin XAHİŞİ İLƏ poçt vasitəsilə yazılı cavab verməklə baxılır.
Konstitusiyanın, qanunun tələblərini vurğulamaqda amacımız dövlət orqanlarının, onların vəzifəli şəxslərinin qanunvericiliyə, konstitusion hüquqa sayğısızlığını diqqətə çatdırmaqdır. Hansısa dövlət qurumunun Konstitusiyadan, qanundan bilgisizliyi mümkündürmü? Təbii ki, ritorik sualdır. Di gəl, hətta hüququn, qanunun qorunmasına təhkim edilən qurumların müraciətlərə baxmaqda qanunsuzluqları ciddi rahatsızlıq doğurur. Bəyəm prokurorluğun, məhkəmənin texniki heyətinin, ədliyyə orqanlarının qanundan soraqları yoxdur? Vətəndaş elektron qaydada müraciət etdiyi halda, niyə poçtla cavab verilir? Hələ bu cavabın mahiyyətcə qanunsuzluğunu bir yana qoyaq.
Ədliyyə Nazirliyinin qanunvericilik baş idarəsinin rəisi Elçin Nəsibovun poçtla 04.09.2024-cü ildə göndərdiyi 28.08.2024-cü ildə imzalanan elektron sənədin surətindən nəsə anlamaq mümkün deyil. Bəlkə ədliyyə naziri, bağlantılı qurumlar, oxuyanlardan kimsə anlaya bildi, görəsən baş idarə rəisi Mülki Prosessual Məcəllənin 151-153-cü maddələrini köçürməklə nə demək istəyir? Bu cavab vətəndaşın hansı müraciətinədir? Deyəsən, hansısa məhkəmə özbaşınalığı ilə bağlıdır. Axı (mərkəzi) icra hakimiyyəti orqanı olan Ədliyyə Nazirliyinin məhkəmə hakimiyyətinin funksiyasına aid olan məsələyə baxması Konstitusiyaya ziddir. Aha, bəlkə də “it ilində”ki sorğuya “əjdaha ilində” verilən gecikmiş cavabdır, nə bilək, nə anlayaq? Anladıq ki, ƏN-in elektron poçtuna müraciətlərə qadağa qoyulub, axı həmin hökumət poçtundan müraciətlərə ki qadağa yoxdur! Niyə qanunvericiliyin tələbinə uyğun vətəndaşın elektron poçtuna cavab verilmir?
Görəsən, baş idarə rəisi özü bu cavabından nəsə anlaya bilir? Sualln cavabını elektron qaydada gözləyirik.
Məğrur BƏDƏLSOY