8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Mənim üçün hər bir söz bir tarix, hər söz bir tarixi hadisə, bir yenilik, bir varlıq, bir unudulmaz zamandır. Dilimizdə öz işləkliyini itirib tarixin arxivinə qoşulan sözlər özləri ilə bərabər ifadə etdikləri anlayışı, məfhumu, tarixi də dəfn edib bizdən uzalaşırlar. Dilin ilbəil inkişaf etməsi, yeni sözlər qəbul edib müəyyən sözləri dilin alt qatına göndərməsi günün real hadisəsi kimi davam edib və davam etməkdədir.
Bizi əhatə edən ictimai mühit, müxtəlif qurumların yaradılması, yeni ictimai – siyasi münasibətlər dilimizə özləri ilə bərabər yeni sözlər, yeni terminlər, yeni ifadə vasitələri də gətirir. Bu gün Azərbaycan dilindən istifadə edənlərin hamısının başa düşdüyü, hamısının leksikonuna daxil olan elə sözlər vardır ki, ola bilsin ki, həmin sözlərin bəziləri qırx, əlli il bizdən sonra gələn nəsillər üçün tapmacaya çevriləcək, mənası anlaşılmayan bir dil vahidi olacaqdır.
Həsənoğludan başlamış, Nəsimi, Füzuli, Seyid Əzim və digərlərinin əsərlərində fəal surətdə işlənən əsl türk sözləri vardır ki, biz bugün həmin sözlərin mənasını anlamaqda çətinlik çəkirik.
Azərbaycan türkçəsində yazdığı əsərləri ilə fəxr etdiyimiz böyük ustad Məhəmməd Füzulinin zəmanəsinin ən sadə dilində yazdığı qəzəllərini tam anlamaq üçün bu gün lüğətlərin köməyi olmadan keçinə bilmirik.
Azərbaycan dilinin müqəddəs abidəsi olan "Kitabi -Dədə Qorqud” dastanlarının dilində öz zəmanəsi üçün bəlkə də, ümumişlək sözlər hesab olunan elə dil vahidləri var ki, bugünkü nəsil üçün onlar arxaik, mənası çətin başa düşülən anlayış kimi qarşıda dayanır.
Məsələn: "Küz almasına bənzər al yanaqlım” misrasında işlənən "küz” sözü, bəlkə də bu gün bu dildən istifadə edənlərin əksəriyyəti üçün çətin anlaşılan və mənası qaranlıq olan tək – tək dil vahidlərindəndir. Lakin Ordubadın Tivi kəndinin şivə sözləri sırasında bu gün də fəal şəkildə işlənən "küz” (körpə quzuların qatıldığı yer) "güzəm” ( quzulardan payızda qırxılan yun) "güzdək” ( yayda yonca və kiringan çoxillik yem bitkilərinin yayda biçiləndən sonra payızda yenidən cücərib biçilmə səviyyəsinə qalxmış forması) sözləri elə "Küz almasına bənzər al yanaqlım” misrasında işlənən "küz” sözünün müxtəlif anlayışlar ifadə edən müxtəlif variantlarıdır ki, həm "küz” (quzuların qatıldığı yer) həm "güzəm”, həm də "güzdək” sözlərinin ilk hecası ilə eynilik təşkil etməklə, məzmununda payız mənasını qoruyub saxlamaqdadır.
Dilimizdə işlənən elə ümumişlək sözlər vardır ki, biz həmin sözlərin bu gün ən fəal istifadəçiləriyik və biz həmin sözlərin ifadə etdiyi bütün məna çalarlarını öz nitqimizdə işlədir və bütün variantlarını aydın şəkildə başa düşürük. Mənə gün kimi aydındır ki, bizim bu gün öz leksikonumuzda işlətdiyimiz ümumişlək sözlərin bəziləri qırx, əlli ildən sonra kimlər üçünsə anlaşılmaz dil vahidinə çevriləcəkdir.
Biz bu gün klassik şairlərimizin əsərlərində rast gəldiyimiz sözlərin bəzilərinin mənasını aydınlaşdırmaqda çətinlik çəkirik. Düzdür, həmin sözlərin mənası əhatəsində olan sözlərin köməkliyi ilə qismən də olsa, başa düşülür. Ancaq biz həmin sözün işləndiyi misrada həqiqi, yaxud məcazi mənada işlənməsinin fərqini tam aydınlaşdıra bilmirik. Çünki biz həmin zamandan çox uzağıq. Ola bilsin ki, bu gün həm həqiqi, həm də məcazi mənada işlənən sözlərin ifadə etdiyi anlayışı bizdən sonra gələn nəsillər bizim başa düşdüyümüz kimi geniş və dəqiq, həqiqi və məcazi mənada başa düşə bilməyəcəklər. Buna görə də bu gün hər bir bölgənin – rayonun, kəndin sakinlərinin leksikasında elə sözlər işlənir ki, həmin sözlərin nə vaxt, hansı mənada işlənməsi konkret olaraq hansı mənanı ifadə etməsi yalnız kiçik bir dairədə başa düşülür. Əgər Azərbaycanın hər bir kəndində yalnız həmin kənd sakinləri tərəfindən başa düşülən beş söz olsa belə, bunun özü də böyük bir sərvətdir. Həm də yalnız, Azərbaycan türklərinin məxsusi ozlərinə aid olan bir sərvət. Əgər hər bir kəndin leksikasına daxil olan və yalnız həmin kəndin şivə xüsusiyyətlərini daşıyan sözləri Azərbaycanda olan kəndlərin sayına vursaq, onda biz on minlərlə yeni sözün sahibinə çevriləcəyik ki, bu sayda söz az qala müəyyən bir dilin orfoqrafiyasını təçkil edən sözlərin sayı qədər söz ehtiyatı olacaqdır.
Azərbaycan dilinin bü gün üçün arxaik saydığımız sözləri ola bilsin ki, əlli, yüz il bundan əvvəl dildə ümumiişlək söz kimi işlənmişdir. Məsələn: "us” sözü bugünümüz üçün dilimizdə tamamilə arxaik bir söz kimi qeyd edilir. Lakin Füzulinin dilində ola bilsin ki, "us” sözü tamamilə ümumişlək bir söz kimi işlənmişdir. Füzuli "Leyli və Məcnun” əsərində yazır:
Heyranlığı ol məqamə yetdi,
Kim, düşdü ayaqdan usu getdi,
Gül suyu səpib rəvan üzünə,
Leylini gətirdilər özünə.
(Füzuli, əsərləri II cild, səh. 73)
Tivi şivəsində işlənən səkil, sağal, murcax, sakkar kimi sözlərin hər birinin işlənmə məqamı, işlənmə dairəsi, aid olduğu sahələrin müxtəlifliyinə görə bir – birindən tamamilə fərqlənməkdədir. Məsələn: "səkil” sözü yalnız atlarla bağlı işlənən dil vahididir. Bir, iki, üç, yaxud dörd ayağının topuq hissəsinin rəngi ağ olan atlara səkil at deyilir. Sağ ayağı səkil, sol ayağı səkil at. Ağ rəngli atlarda səkil nişanəsi ola bilməz. Öz rəngi qırmızı, yaxud qara, ayağının hər hansı biri ağ olan at, qara ayağı səkil, yaxud qırmızı ayağı səkil at adlanır. Rəngi qara, ayaqları ağ olan qaramal – inək, öküz, dana və s. kimi heyvanların ayağı ağ olsa da, onlar səkil adlandırıla bilməz. Yaxud, rəngi qırmızı, qara, boz olub quyruğunun ucu ağ olan heyvanlar qoyun, erkək, quzu quyruğu sağal adlandırılır. Məsələn, qara quyruğu sağal qoç, qırmızı quyruğu sağal quzu və s. Quyruğunun ucu ağ olan heç bir ev heyvanı sağal təyinedicisi ilə fərqləndirilmir. Yalnız quyruğunun ucu ağ olan tülkülər sağal tülkü adlanır ki, bu ad Azərbaycan uşaq nağıllarının əksəriyyətində öz əksini tapmaqdadır. Məs: Bir boz quyruğu sağal tülkü hinə girdi və s. Quyruğunun ucu ağ at, keçi isə heç vaxt sağal adlandırıla bilməz. Tivi şivəsində işlənən "murçax” sözü Azərbaycan dilinə aid lüğətlərin – (orfoqrafiya və izahlı dilçilik lüğəti) heç birində öz əksini tapmayıb. Bu kənddə qoyunların boğazının altından sallanan iri üzüm giləsi boyda olub, qulaqdan sırğa sallanan kimi sallanan ət parçası murçax adlanır. Qoyun və quzuların boğazının altından sallanan bu ət xal həm bir, həm də iki ola bilər. Məsələn; itmiş qoyunları axtaranda qoyunu, erkəyi, quzusu itmiş adam qonşulardan öz heyvanının yerini soruşmaq üçün hündür bir yerə çıxıb "Ay qırmızı, murçaxlı qoyun görən” – deyə hay çəkir və hamı da bilir ki, murçax yalnız ağtüklünün -qoyun – quzunun boğazının altında ola bilər (lakin bəzən, qoyunların qulaqlarının üstündə də kiçik murçaxlara rast gəlmək olur).
Murçax yalnız ağtüklülərdə (qoyun qismində) olduğundan, murçaxlı keçi, murçaxlı çəpiş ifadələrini eşitmək qeyri – mümkündür. Tivililərin leksikonunda heyvandarlıqla bağlı fəal şəkildə işlənən sözlərdən biri də "sakkar” sözüdür. "Sakkar” sözü də Azərbaycan dili ilə bağlı lüğətlərin heç birində öz əksini tapmamışdır. Rəngi qara, qırmızı, boz və s. alnının ortasında ağ rəngdə xalı olan ağtüklü ( yəni qoyun, erkək, quzu və s) "sakkar” adlanır. Qırmızı sakkar qoyun, qara sakkar erkək, qumral sakkar quzuvə s. "Sakkar” təyinedicisi də yalnız qoyun qismindən olan heyvanlara aid edilir. Alnının ortasında ağ xalı olan qaramal, at isə "sakkar” deyil, "qaşqa” adlanır. Qara qaşqa dana, qaşqa inək, qaşqa öküz və s. Tivi yaylaqlarından axıb keçən çaylardan biri də "Saqqarsu” adlanır. Bu dağ çayı həmişə ağappaq köpüklü olduğundan uzaqdan baxanda Saqqarsu çayı ağappaq bir yola bənzəyir. Yaşıl sahillərin arası ilə həmişə dayanmadan sürətlə axıb gedən və uzaqdan dümağ görünən bu köpüklü dağ çayının adı da ola bilsin ki, bu bənzətmənin əks sədasıdır. Məsələn: Yayda köç yaylağa qalxanda Saqqarsu çayı oğlaqlar və quzular üçün keçilməz olur.
"Qırp” sözü Böyük Vətən müharibəsi illərində leksikonumuza daxil olan ən işlək sözlərdən biri olmuşdur. Bu söz ola bilsin ki, bir çox dialekt və şivələrdə işlənmiş olsun, ancaq bu gün qırp yığmaq istəyi ilə yaşayana, və bu sözü işlədənə rast gəlmək müşkül məsələdir. Böyük Vətən müharibəsi illərində kənd yerlərində yaşayam insanların əksəriyyəti qırp yığıb döyməklə ölümün pəncəsindən xilas olmuşlar. "Qırp” sözü hazırladığımız lüğətdə aşağıdakı kimi aydınlaşdırılır.
Qırp – buğda, yaxud arpa sünbülünün qırılıb yerə tökülmüş dənli hissəsi. Müharibə dövrü insanlar acından ölməmək üçün kolxoz taxıl biçinini qurtardıqdan sonra yerə tökülmüş sünbül qırıqlarını yığmağa gedərmişlər və bu yolla ölümün pəncəsindən xilas olmağa çalışarmışlar. Biçilərkən arpa və buğdanın qırılıb yerə tökülmüş sünbülləri həm "başaq”, həm də "qırp” adlanır. Lakin bu sözlərin ifadə etdikləri anlayışlar tamamilə bir – birindən fərqli xüsusiyyətlərə malikdirlər. Hər iki sözün ifadə etdiyi məna taxıl sünbülünün qırılıb yerə tökülən hissəsini əks etdirsə də, onların ifadə etdiyi anlayış bir – birindən kəskin surətdə fərqlənir. Qırılıb yerə tökülən bütöv sünbüllər "başaq”, sünbüllərin əzilib dənələnərək yerə tökülən hissələri isə "qırp” adlanır. Bu cür sözlərə təkcə Ordubad rayonunun Tivi kəndinin leksikasında deyil, Azərbaycanın digər rayon və kəndlərində yaşayan insanların da leksikasında rast gəlmək olar.
Bu qəbildən olan dialekt və şivə sözlərini toplayıb müəyyən lüğətlər şəklində çap etdirmək təkcə bu sahə ilə məşğul olan mütəxəssislərin deyil, ümumiyyətlə, Azərbaycan adlı bir torpaqda yaşayan hər kəsin müqəddəs borcu və şərəf işi sayılmalıdır. Mənə belə gəlir ki, dilə, dil vahidlərinə yanaşma və bu cür sözlərin toplanması sahəsində bu cür işlər ilk və son yox, axıb gedən çaylar kimi daimi olacaqdır. Çünki söz bizim özümüz, kimliyimiz və kimliyimizi təsdiq edən milli sərvətimizdir.
Sərdar Zeynal,
Filologiya üzrə elmlər doktoru