Gürcüstanın turizm uğuru: viza rejiminin ləğvi, ucuz uçuşlar və daha nələr...


Keçən ilin statistik göstəricilərinə görə, Gürcüstan turizmdən 4,4 milyard dollar gəlir əldə edib. Turizm gəlirləri Gürcüstanın ÜDM-də ciddi paya malikdir. Qonşu ölkə pandemiyadan sonra turizm sahəsini bərpa edə bilən bir neçə ölkədən biridir.

Sozcu.info xəbər verir ki, bu fikirləri Musavat.com-a turizm eksperti Ceyhun Aşurov bildirib.

Ekspert qeyd edib ki, Gürcüstan pandemiyadan öncəki göstəriciləri xeyli müddət əvvəl əldə etməyə nail olub:

5RREU8AJWYR7sKRvzuGWm6UsU9vXlnrK.jpg (54 KB)

“Bunun qeyri-adi uğur sirri yoxdur. Sadəcə Gürcüstan özünü son dövrlərdə sırf turizm mərkəzi kimi mövqeləndirə bilib. Bununla bağlı ciddi PR addımları atır, müxtəlif sərgilərdə iştirak edir. Ölkəyə əlçatanlıqla bağlı çevik qərarlar verir. Ölkədə əsas gəlir mənbələrindən biri turizm olduğu üçün Gürcüstan bütün baryerləri aradan qaldırmağa çalışır. Təbii ki, ölkənin xristian ölkəsi olma amili də var ki, bu, üstünlük yaradır. Tarixi abidələr, kilsələr, şərab marşrutlar Avropalı turistləri cəlb edir. Amma Gürcüstanda turizmin bu dərəcədə inkişaf etməsinin əsas səbəbi bu ölkənin turistlər üçün maksimum açıq olmasıdır. Bütün Avropa və bir çox ölkə üçün viza rejimi aradan qaldırılıb. Pandemiyadan sonra quru sərhədlərini ən tez açan ölkələrdən biri Gürcüstan oldu. Eyni zamanda ölkə ərazisində 3 beynəlxalq hava limanının olmasına baxmayaraq, regionun ən ucuz hava daşıyıcıları Kutaisi aeroportundan Avropaya uçuşların həyata keçirir. 2019-cu ilə qədər Azərbaycandan Gürcüstana 1.5 milyon vətəndaş səfər edirdi. Bu, təkcə, qohum, dost ziyarəti, Gürcüstana turist səfərləri deyildi. Gürcüstandan tranzit ölkə kimi istifadə edib, xüsusilə Avropa ölkələrinə gedən soydaşlarımız çox idi. Bu amillər Gürcüstanı çox cəlbedici edir. Gürcüstan bütün vasitələrlə xarici ölkələrlə birbaşa uçuşları bərpa edir və bunu mümkün qədər ucuz formada həyata keçirməyə çalışır”.

Ekspert vurğulayıb ki, gürcülər tarixi abidələrini turizm məhsulu halına sala bilirlər:

“Bundan başqa, qış turizmi, yay turizmi, bir sözlə turizmin çeşidlənməsi də sahənin inkişafına təkan verir. Səhv etmirəmsə, ölkəyə 6 milyondan çox turist səfər edir. Bu isə ölkə əhalisinin sayından 2 dəfə çoxdur. O cümlədən sürətli və çevik islahatlar aparılır. Ölkəyə gələn turistlərin sayının artması yerli sahibkarları müxtəlif növ gecələməyə yerlərinin tikilməsinə təşviq etdi. Beləliklə, Gürcüstanda hotellərin sayı qısa müddətdə artdı. Onu qeyd etmək lazımdır ki, Dövlət Proqramı çərçivəsində sahibkarlara məhz tikinti, turizm məqsədli sərmayə üçün təşviqlərin sayı da az deyil. Kompleks yanaşma sayəsində Gürcüstan turizm ölkəsinə çevrilib. Gürcüstan Qafqazda ən çox turist qəbul edən ölkədir”.



Oxşar Xəbərlər

Xəbər lenti