TURAN birliyi: Tarix yazan Lider cənab İlham Əliyevin strateji missiyası

21-ci əsrin üçüncü onilliyində dünyanın siyasi və iqtisadi xəritəsində dərin dəyişikliklər baş verir. Bəşəriyyətin çoxqütblü sistemə keçidi, milli maraqların daha kəskin şəkildə müdafiəsi və regional ittifaqların güclənməsi fonunda türk dünyası da öz gücünü və həmrəyliyini möhkəmləndirmək yolunda mühüm addımlar atır. Bu prosesin lokomotivi isə heç şübhəsiz ki, Azərbaycan Prezidenti İlham Əliyevdir. O, yalnız ölkəsini modern və güclü dövlətə çevirməklə kifayətlənməyib, həm də türk birliyinin ideoloji və strateji arxitekturasını formalaşdıran liderlərdən birinə çevrilib.

TURAN — yəni türkdilli xalqların birliyi ideyası — Ziya Gökalp, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu kimi maarifçi fikir adamlarının əsərlərində XIX əsrin sonları, XX əsrin əvvəllərində öz konturlarını tapmışdı. Lakin bu birlik siyasi baxımdan yalnız XXI əsrin ikinci onilliyində real mahiyyət kəsb etməyə başladı. Bu reallığın yaranmasında isə Azərrbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin regional gücə çevrilməsi və Türkiyə ilə strateji müttəfiqliyin dərinləşdirilməsi həlledici rol oynadı.

Prezident İlham Əliyevin çıxışlarında türk birliyi ideyası sadəcə mədəni yaxınlıq kimi yox, geosiyasi və iqtisadi perspektiv kimi təqdim olunur. O, türk dövlətləri ilə əlaqələrin inkişafını yalnız protokol səviyyəsində deyil, konkret təşəbbüslər, sənədlər, nəqliyyat layihələri və təhlükəsizlik mexanizmləri vasitəsilə həyata keçirir.

Məsələn:

2009-cu ildə Türk Dövlətləri Təşkilatının (TDT) təməlini qoyan Naxçıvan Sazişi imzalananda, Prezident İlham Əliyev Azərbaycanı bu təşkilatın əsas üzvü kimi təqdim edirdi;

2021-ci ildə isə Şuşa Bəyannaməsi ilə Türkiyə ilə münasibətlər yeni zirvəyə – müttəfiqlik səviyyəsinə yüksəldi.

Dövlətimizin başçısı İlham Əliyevin türkdilli dövlətlər liderləri ilə müntəzəm görüşləri, ortaq layihələrə verdiyi dəstək və təşkilati islahatlara öncüllük etməsi, TDT-nin yalnız bir siyasi forum deyil, real mexanizmləri olan ittifaqa çevrilməsini təmin edir.

Möhtərəm Prezidentimiz İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Sammitində söylədiyi müdrik və uzaqgörən fikirlər bu birliyin gələcək nəsillərə və onların uğurlu sabahlarına hesablanmış dəqiq konturları idi: “Türk dünyası bizim ailəmizdir. Bu ailənin güclənməsi isə ümumi gələcəyimizin təminatıdır.” 

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə yalnız ərazi bütövlüyünün bərpası deyil, həm də türk dünyasının birliyinə gedən yolun açılması idi. Müharibə dövründə Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək, bu iki qardaş ölkənin tarixində yeni səhifə açdı. Bu səhifənin ən dolğun sətirləri isə 2021-ci ilin iyununda imzalanmış Şuşa Bəyannaməsi oldu. Sənədin əhəmiyyəti aşağıdakı məsələlərdə əks olunur:

Strateji müttəfiqlik rəsmiləşdi;

Ordu quruculuğunda inteqrasiya prioritet elan olundu;

Enerji, nəqliyyat və təhlükəsizlik məsələlərində ortaq strategiyalar müəyyənləşdirildi.

Bəyannamənin Şuşada imzalanması isə dərin simvolik məna daşıyırdı: Türk dünyasının mədəni paytaxtlarından biri olan bu şəhər bu gün artıq bütün dünyaya “Turanın Qapısı” kimi təqdim olunur.

Prezident İlham Əliyevin irəli sürdüyü daha bir qlobal təşəbbüs son illərdə beynəlxalq səviyyədə müzakirə olunan Zəngəzur dəhlizi yaxın gələcəkdə türk dünyasını birləşdirən strateji nəqliyyat və logistika arteriyası rolunu oynayacaq. Bu dəhliz Azərbaycanın əsas hissəsini Naxçıvan və daha sonra Türkiyə ilə birləşdirəcək və Orta Asiyanın türkdilli dövlətlərinə Avropaya çıxış imkanı yaradacaq.

Azərbaycan–Türkiyə–Qazaxıstan–Özbəkistan arasında multimodal nəqliyyat marşrutları;

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Zəngəzur dəhlizi ilə tamamlanması;

Orta dəhlizin inkişafı üçün siyasi və maliyyə təşəbbüsləri.

Bunlar  “Zəngəzur dəhlizi təkcə nəqliyyat layihəsi deyil, həm də Türk dünyasının fiziki birliyidir.” deyən Prezident İlham Əliyevin Türk birliyi çərçivəsində iqtisadi inteqrasiyanı dərinləşdirmək istiqamətində konkret fəaliyyətləridir.

İlham Əliyevin liderliyində Azərbaycan yalnız siyasi və iqtisadi baxımdan deyil, həm də mədəni diplomatiya vasitəsilə Türk dünyasına xidmət edir. Bakı şəhərində keçirilən Türk Mədəniyyəti Günləri, Türk Akademiyasının tədbirləri, Türkdilli ölkələr arasında təhsil mübadiləsi proqramları bu prosesin tərkib hissəsidir. Cənab Prezidentimiz İlham Əliyev ortaq ədəbiyyat, musiqi, tarix və dillə bağlı layihələrə xüsusi dəstək verir.

Azərbaycanın təşəbbüsü ilə Şuşa şəhəri 2023-cü ildə “Türk dünyasının mədəni paytaxtı” elan olundu. Bu hadisə bir daha göstərdi ki, Azərbaycan yalnız siyasi yox, mədəni olaraq da türk dünyasının önündədir.

Bir sözlə Prezident İlham Əliyev bu gün yalnız Azərbaycanın deyil, bütün türk dünyasının aparıcı liderlərindən biri kimi tanınır. Onun strateji baxışı, uzaqgörənliyi və prinsipial mövqeyi sayəsində Türk Dövlətləri Təşkilatı real siyasi struktur kimi möhkəmlənir, Zəngəzur dəhlizi isə yaxın gələcəkdə bu birliyi fiziki olaraq tamamlayan nəqliyyat-logistika arteriyasına çevriləcək.

Azərbaycanın müstəqil siyasəti, Türkiyə ilə qardaşlıq ittifaqı,  Mərkəzi Asiya dövlətləri ilə iqtisadi əlaqələri və mədəni təşəbbüsləri İlham Əliyevin liderliyində TURAN ideyasını müasir dünyaya təqdim edir — bu dəfə yalnız ideya kimi yox, reallıq kimi!



       Yengibar Əliyev,


ARETN-nin akademik Y.H.Məmmədəliyev 

adına Neft-Kimya Prosesləri İnstitutunun şöbə müdiri,

YAP Xətai rayon təşkilatının Xocalı prospekti 

30 ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini




Oxşar Xəbərlər

Xəbər lenti