8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Rövşən Ağayev: "Bizim hökumət yaşayış minimumunun tərkibini səbətlər üzrə elan etmir”
Prezident İlham Əliyev "Minimum aylıq əməkhaqqının artırılması və "Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə" sərəncam imzalayıb.
Sərəncamla minimum aylıq əməkhaqqının məbləği 2019-cu ilmartın 1-dən 180 manat müəyyən edilib. Amma Azərbaycanda indiyədək minimum aylıq əməkhaqqının məbləği 130 manat idi.
Qeyd edək ki, 2019-cu il üçün ölkə üzrə yaşayış minimumu 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat müəyyən edilməsi nəzərdə tutulur. Yəni bu ildən minimum əməkhaqqı və yaşayış minimumu üzrə eyni məbləğ müəyyən olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuata açıqlamasında bildirilib ki, minimum əməkhaqqının artımı birbaşa olaraq 600 minədək insanı əhatə edəcək. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əmək haqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əmək haqqında isə 25 faiz artım özünü göstərəcək. Minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu il üzrə isə (10 ay ərzində) 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək. Bu mühüm sosial əhəmiyyətli tədbir, eyni zamanda, əmək münasibətlərinin leqallaşdırılması istiqamətində sağlamlaşdırıcı təsir göstərəcək.
Nəzərə çatdıraq ki, minimum əmək haqqının artımı ilə bağlı qərar müxtəlif qrupların maaşlarını artırsa da, bəzi qrupların xərclərini də artıracaq. Söhbət xüsusilə də xırda sahibkarlardan və fərdi torpaq payçılarından gedir. Belə ki, 2018-ci ilin sonlarında təsdiqlənən və 2020-ci ilin yanvarından qüvvəyə minəcək sosial sığorta qanunvericiliyinə görə, tikinti və ticarət sahələrində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar minimum əmək haqqının 50%-i, iqtisadiyyatın yerdə qalan sektorlarında çalışan fərdi sahibkarlar isə minimum əmək haqqının 25%-i qədər aylıq sosial ayırma etməlidirlər. Yeni artım onların xərclərini 12-25 manat aralğında artıracaq. Fərdi torpaq mülkiyyətçiləri və ailə kəndli təsərrüfatlarının üzvləri də (I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından "Əmək pensiyaları haqqında” Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) minimum əmək haqqının 6%-i qədər sosial ayırma etməlidirlər. Məsələn, ailə kəndli təsərrüfatları öz üzvlərinin hər biri üçün indiyədək 7.8 manat ödəməli idi, indən sonra isə bu məbləğ 10.8 manat olacaq. Minimum əmək haqqının artımı 4 nəfərlik ailə kəndli təsərrüfatı üçün hər ay 12 manat il ərzində 144 manat əlavə xərc yaradacaq.
"15 ildən sonra yaşayış minimu minimumunun dəyəri ilə minimum əməkhaqqı bərabərləşdi”
Minimum əməkhaqqının artırılması ilə bağlı iqtisadçı Rövşən Ağayev "Hürriyyət”ə dedi ki, Azərbaycanda son 15 ildə minimum əməkhaqqı yaşayış minimumuna bərabər olmayıb, həmişə yaşayış minimumu minimum əməkhaqqından çox olub: "İlk dəfə 2007-ci ildə yaşayış minimumu rəsmi şəkildə hesablanıb, elan olundu. O vaxtkı yaşayış minimumunun dəyəri minimum əməkhaqqından 16% çox idi. Sonrakı illərdə, 2008-2014-cü illərdə yaşayışın dəyəri daha çox artdı, minimum əməkhaqqı isə daha az artdı, nəticədə 2014-cü ilin yekunlarına görə yaşayış minimumunun dəyəri rəsmi minimum əməkhaqqından 28% çox idi. Amma indi ilk dəfə olaraq, 15 ildən sonra yaşayış minimu minimumunun dəyəri ilə minimum əməkhaqqı bərabərləşdi, 180 manat oldu. Bu baxımdan yanaşsaq, bu, çox normal addımdır. Çünki yaşayış minimumunun dəyəri ilə minimum əməkhaqqı arasında fərq olmamalıdır. Ona görə ki, bu, əməkhaqqının minimum dəyəridir və o maaşı alan hər bir insan yaşayış minimumunun dəyərini təmin etməlidir. Amma burada başqa nüanslar var. Yəni biz bu qərarın doğru olduğunu, rəsmi də olsa bərabərləşməni kənara qoyaq. Əslində, bu günlərdə rəsmi elan olunan yaşayışın minimumunun dəyəri nə qədər obyektivdir, nə qədər gerçəkliyi əks etdirir, bunun üzərində müzakirə aparmaq olar. "Niyə minimum əməkhaqqı birdən-birə 50 manat artdı” polemikası yanlışdır. Mən bu müzakirələri sosial şəbəkələrdə gördüm, bunu doğru hesab etmirəm”.
"Sosial ödənişlər minimum əməkhaqqı əsasında deyil, vahid bir məbləğ kimi müəyyən olunmalıdır”
"Minimum əmək haqqının artımı ilə bağlı qərar müxtəlif qrupların maaşların artırsa da, tikinti və ticarət sahələrində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar minimum əmək haqqının 50%-i, iqtisadiyyatın yerdə qalan sektorlarında çalışan fərdi sahibkarların isə minimum əmək haqqının 25%-i qədər aylıq sosial ayırma etmələri, eyni zamanda fərdi torpaq mülkiyyətçiləri minimum əmək haqqının 6%-i qədər sosial ayırma etmələri nə dərəcədə doğrudur” sualına R. Ağayev belə cavab verdi: "O başqa məsələdir ki, bəzi ödənişlər artıb, bunun da çıxış yolu var. Məsələn, sosial sığorta ödənişləri artır. Ümiyyətlə, minimum əməhaqqı arasında cərimələrlə əlaqəni çoxdan kəsiblər. Siz İnzibati Xətalar Məcəlləsinə baxsanız, minimum əməkhaqqı ilə tətbiq olunan cərimələr yoxdur. Əsas burada problem nədir? Bir sosial sığorta ödənişləri qalıb. Hökumət yaxşı olar ki, o məsələni də həll etsin. Yəni sosial sığorta ödənişləri, ümumiyətlə, istənilən bir ödənişlə minimum əməkhaqqının bağlantısını kəssin. Yəni sosial ödənişlər minimum əməkhaqqı əsasında deyil, vahid bir məbləğ kimi müəyyən olunmalıdır, dövri olaraq ehtiyac yarandıqca, "Sosial sığorta haqqında” qanunu və həmin məbləği dəyişmək lazımdır. Necə ki, vergilərlə faizlər müəyyənləşir, mümkündür ki, sosial sığorta ödənişləri də ya gəlirlərin faizi ilə müəyyənləşsin, ya da vahid bir məbləğ olsun, tutaq ki, ayda 30, 50 manat olsun. Burada yeganə çatışmayan məqam odur ki, cərimələrlə minimum əməkhaqqının əlaqəsi kəsilsə də, hələ də bəzi ödənişlərin əlaqəsi qalıb, o əlaqəni götürmək lazımdır ki, narahatçılıq yaranmasın. Yəni minimum əməkhaqqının artımından ancaq qazananlar olsun, itirənlər olmasın”.
"Ölkədə gəlirlər artırsa, yaşayış standartları da dəyişməlidir”
R. Ağayevin fikrincə, minmum əməkhaqqının müntəzəm infliyasiyaya uyğun olaraq indeksləşdirilməsi çox doğru addımdır: "Amma burada vacib məsələ nədən ibarətdi? Biz yaşayış minimumunun dəyərinin hesablanmasını 15 il əvvəl qəbul etmişik. Yəni bu o vaxtı idi ki, yaşayış minimumu standartlarını qəbul etmişdik. Əslində, yaşayış minimumu standartları minimum yaşayış standartı deməkdir ki, bu həddən aşağı yaşamaq olmaz. Sadəcə, biz bunu 15 il əvvəl qəbul etmişik, həmin vaxtı da 1992-ci ildə qəbul olunmuş standartların üzərində qurulub. Qanunvericilikdə yenilənmə getməyib, amma minimum istehlak səbətinin tərkibi, istər ərzaq, istər qeyri-ərzaq səbəti baxımından heç bir dəyişiklik baş vermədi. Halbuki, 25 ildə çox şey dəyişib. Yəni biz artıq böyük neft pulları hesabına, iqtisadiyyatın böyüməsi hesabına Dünya Bankının gəlir təsnifatında aşağı gəlirli ölkədən orta, yüksək gəlirli ölkəyə çevrilmişik. Yəni yaşayış minimum standartları qəbul olunan 20 il ərzində ciddi dəyişiklik baş verdi. Bu təsnifat dəyişirsə, ölkədə gəlirlər artırsa, yaşayış standartları da dəyişməlidir. Minimum yaşayış standartlarını bu yeni şərtlərə, ölkənin gəlir qrupundakı yerinə uyğun müəyyənləşdirmək lazımdır. Baxmaq lazımdır ki, həmin ölkələrdə minimum istehlak səbətinin strukturunda, ərzaq istehlakında vəziyyət necədir. Məsələn, bir müqayisə edim. Bu gün Azərbaycanda adambaşına minimum ət 32,9 kq qəbul olunub, amma qonşu Rusiyada, Qazaxstanda, hansı ki, bu ölkələr Dünya Bankının gəlir təsnifatına görə bizimlə eyni qrupdadırlar, onlarda 40 kiloqramdan yuxarıdır. Yən onlarda bizdən ət istehlakı minimum 25-30% yüksəkdir. O cümlədən bu meyvə-tərəvəz istehlakında da özünü göstərir. Bizdə adabaşına 78 kq göstərilir, 1 aya təxminən 11 kq düşür. Amma bu, Rusiyada 100 kiloqramın üzərindədir. Ona görə də "minimum əməkhaqqı niyə 50 manat artdı” müzakirəsi getməkdənsə, biz yaşayış minimumuzu, standartlarımızı yeni şərtlərə, ölkənin iqtisadi imkanlarının yaratdığı şəraitə uyğun necə təkmilləşdirməliyik, bu müzakirəni bunun üzərində aparmalıyıq. Biz bir neçə ölkəni nümunə kimi götürməliyik ki, yaşayış və istehlak minimumlarının tərkibi ilə bizim istehlak səbətinin minimim tərkibi arasında hansı fərqlər var. Bu fərqləri aradan qaldırmaq üçün hökumətə təkliflər verilməlidr və hökumət bu istiqamətdə işləməlidir”.
"180 manat rəqəmin içərisində bunun nə qədəri qidadır?”
R.Ağayevin fikirincə, bizim hökumətin yanlışlarından biri də odur ki, yaşayış minimumunun tərkibini səbətlər üzrə elan etmir: "Məsələn, ərzaq səbətinin rəsmi dəyəri nə qədərdir? Yoxdur. Xidmətlər səbətinin dəyəri minimum nə qədər olmalıdır? Yoxdur. Yaxuddakı qeyri-ərzaq səbətinin dəyəri, hansı ki, gündəlik evdə işlənən əşyalar, geyim, bunların dəyəri nə qədərdir? Yoxdur. Yəni bizdə qanunvericiliyə görə 3, ərzaq, xidmətlər və qeyr-ərzaq səbəti var. Çox heyif ki, bunların heç birini hökumət ayrılıqda təsdiq etmir. İndi təsdiq etmiş olsaydı, daha yaxşı olardı ki, biz qida səbəti ilə minimum əməkhaqqının müqayisəsinə baxa bilərdik. Amma bu gün bizim əlimizdə məlumat yoxdur ki, bizim hökumətin dediyi 180 manat rəqəmin içərisində bunun nə qədəri qidadır? Məsələn, Türkiyədə bunu ayrıca təsdiq edirlər. Türkiyədə bu gün yaşayış minimumu 6500 lirədir, amma minimum qida səbəti 2200 lirədir. Yəni faktiki olaraq yaşayış minimunun dəyəri qida səbətindən 3 dəfə çoxdur. Yəni belə çıxır ki, qida cəmisi 35% təşkil edir. Azərbaycanda isə rəsmi statisikaya görə, qida xərclərinin ev təsərrüfatının xərclərində payı 50%-dir. İndi 50 %-dən çıxş etsək, belə çıxır ki, Azərbaycanda yaşayış minimunun tərkibində 90 manat bir nəfərin qida xərcinə çıxır. Günə təxminən 3 manat düşür. Mən bu rəqəmə bir az şübhə edirəm ki, bir adam gündə 3 manata yaşaya bilir. Yəni söhbət minimum qidadan gedir. Ona görə də bu müqayisəni, müzakirəni həll etmək üçün hökumət mən dediyim təklifə baxmalıdır. Yəni ərzaq, qeyri-ərzaq və xidmətlər səbətinin minimum dəyərini yaşayış minimumunun tərkibində ayrıca təsdiq etməlidir”.
"MDB ölkəsi içərisində biz minimum əməkhaqqının səviyyəsinə görə 7-ci yerdəyik”
R. Ağayev diqqətə çatdırdı ki, MDB statistika qurumunun 2018-ci ildə hazırladığı sənəd var:"Həmin sənəddə müxtəlif ölkələri göstəriblər. 11 MDB ölkəsi içərisində biz minimum əməkhaqqının səviyyəsinə görə 7-ci yerdəyik. Yəni 6 ölkə bizdən öndədir, 4 ölkə isə geridədir. Öndə olan ölkələrin siyahısına Rusiya, Qazaxstan, Gürcüstan, Ermənistan, Belarus və Ukrayna daxildir. Amma bizdən geridə olan ölkələr Orta Asiya ölkələridir. Tacikstan, Özbəkistan, Qırğızsıztan bizdən geridir”.
"500 manat 4 nəfərlik ailənin layiqli yaşamasına yetir, yoxsa yetmir?”
"Bu artımı sosial tələbatlarının ödənilməsi, layiqli həyat səviyyələrinin təmin edilməsinə imkan verirmi” sualını R. Ağayev belə cavablandırdı: "Mən ona görə deyirəm ki, biz layiqli həyat səviyyəsinin standartlarını müəyyyənləşdirməliyik. Birinci də minimum standartlardan başlamalıyıq. Əgər 20 ərzində Azərbaycan Dünya Bankının standartında aşağı gəlirli ölkədən orta, yüksək gəlirli ölkə qrupuna keçibsə, biz yaşayışın yeni standartlarını müəyyənləşdirməliyik. Ən azı yaşayışın minimum standartları müəyyən olunmalıdır və layiqli yaşayış standartları nədən ibarətdir, onu hər kəs görməlidir, onun ən azı bir dəyəri olmalıdır, Sonra biz deməliyik ki, bəli, bu minimum istehlak səbətinin tərkibi yeni şərtlərə, ölkənin statusuna uyğun dəyişdirilib, hesablanıb, onda biz görə bilərik ki, indiki 180 manat yaşayış minimumu bu tələbə cavab verdi. Amma bu hesablanmalıdır, ortaya qoyulmalıdır. Müstəqil ekspertlər, hökumət qurumları birgə şəkildə yaşayışın yeni standartlarını müəyyənləşdirməlidir. Beynəlxalq Əmək Təşkilatının "ləyaqətli əməkhaqqı” termini var. "Ləyaqətli əməkhaqqı” o əməkhaqqı səviyyəsinə deyirlər ki, onun iki kriteriyası var. Birncisi, işçi aldığı əməkhaqqından məmnundur, ixtisas, peşə səviyyəsinə uyğundur. İkincisi, aldığı əməkhaqqı ailəsinin və özünün layiqli yaşayışına təminat verir. Biz indi özümüz hesablayaq, görək ki, 180 manat alırıqsa, tutaq ki, bir ailədə 2 nəfər 200-250 manata işləyirsə və iki uşaqları varsa, 4 nəfər adam 500 manata yaşaya bilər, yoxsa yox? Biz o suala cavab verək, görək, 500 manat 4 nəfərlik ailənin layiqli yaşamasına yetir, yoxsa yetmir? O suala cavab verə bilsək, hökumətin dediyi arqumentlərə cavab olacaq”.