ABŞ RUSİYANI İNTERNETDƏN MƏHRUM EDƏ BİLƏR

ABŞ RUSİYANI İNTERNETDƏN MƏHRUM EDƏ BİLƏR

 

Natiq Cəfərli: "Dünya internet şəbəkəsi ilə əlaqənin kəsilməsi Rusiya üçün fəlakət olar"

Ramil Məmmədli: "Rusiyanın beynəlxalq internetə çıxışında problem yaranarsa, o zaman hərbi orqanlara bağlılığı olan qurumların işində axsamalar baş verəcək"

"Putinin sözügedən bəyanatı lokal internet məkanının yaradılmasına hesablanıb"

Rusiya prezidenti Vladimir Putin həyəcan təbili çalaraq, bildirib ki, ölkəsinin dünya internet şəbəkəsi ilə əlaqəsinin kəsilməsi təhlükəsi nəzəri cəhətdən mövcuddur. Hadisələrin bu cür inkişafına hazır olmağın vacibliyini vurğulayan Putinin sözlərinə görə, Rusiya özü özünü kəsməyə hazırlaşmır: "Fikrimcə, onlar bunu etməzdən əvvəl yüz dəfə düşünəcəklər, lakin nəzəri cəhətdən hər şey mümkündür. Buna görə də heç kəsdən asılı olmayan seqmentlər hazırlamalıyıq. Mən tərəfdaşlarımızın adından danışıb onların ağlında nə olduğunu deyə bilmərəm". Rusiyanın dünya interneti ilə bağlantısının kəsilməsinin Qərbə böyük zərər verəcəyini iddia edən Putin qeyd edib ki, bu zərər həm iqtisadi, həm də siyasi olacaq: "Eləcə də xüsusi xidmət orqanlarının maraqlarına ziyan vurulacaq. Axı onlar orada otururlar, bu onların ixtirasıdır, hər şeyi eşidirlər, görürlər və nə dediklərinizi oxuyurlar, bu informasiyanı toplayırlar, belədə isə bunu edə bilməyəcəklər".

Rusiya alternativ internetin yaradılması istiqamətində gərgin iş aparır

Məsələnin maraqlı tərəfi onadır ki, Kreml rəsmiləri bir neçə dəfə Rusiyanın özünün dünya ilə internet bağlantısını kəsmək niyyətində olduğunu bəyan ediblər. Belə ki, Rusiya prezidentinin internetin inkişafı üzrə müşaviri Qerman Klimenko ötən ilin mart ayında NTV kanalına müsahibəsində ölkəsinin texniki cəhətdən beynəlxalq internet şəbəkəsindən çıxmağa hazır olduğunu deyib. Bu prosesin ağrısız olmayacağını vurğulayan Klimenko bildirib ki, bir texnologiyadan digərinə keçərkən hər zaman problem yarana bilər: "Həmkarlarımız bizi sistemdən çıxaracaqlarsa, bunun ağrısız olub-olmayacağını bilmirəm. Deyilir ki, ağrısız olacaq, lakin mən əminəm ki, bu belə deyil. Kiminsə haradasa nəyisə söndürüləcək. Kimsə məlumatlarını xaricdə qoruyur və ya hansısa saytın domeni xaricdən alınıb. Buna görə müəyyən çətinliklər olacaq. Lakin ümumilikdə proqram və aparat təminatında heç bir problem yoxdur". Putinin müşavirinin sözlərinə görə, Rusiya prezidentinin sərəncamı ilə məmurlar üçün hazırlanan internet şəbəkəsinin Rusiya seqmenti işləyir.

Nəzərinizə çatdıraq ki, bir müddət əvvəl yayılan məlumatlarda isə Rusiyanın Çinlə bərabər alternativ internetin yaradılmasını aktivləşdirəcəyi qeyd olunub. Mövzu ilə bağlı "Kommersant"da dərc olunan məqaləyə görə, Moskvanı bu istiqamətdə özəlliklə Çinin Kompüter Şəbəkələrini və İnformasiya Təhlükəsizliyini İdarə Mərkəzinin baş mühəndisi Fan Binsinin ideyaları maraqlandırır: "Binsin Çinə dost olan ölkələrdə tez-tez olur və onlara kibersuverenlik konsepsiyası haqqında danışır. O, Xantı-Mansiyskdə keçirilən 10-cu Beynəlxalq İT Forumunda iştirakı zamanı ABŞ-ı internetdə bütün kommunikasiyaların əvəzedilməz mərkəzi edən DNS kök sistemlərinin alternativinin "kök kəsilməsi" sistemi olduğunu dedi. Onun təklif etdiyi konsepsiyaya əsasən, bir neçə ölkə ilə birbaşa məlumat mübadiləsi yaratmaq mümkündür. Bunun nəticəsində istifadəçilərin sorğuları ABŞ-dakı DNS serverləri yox, birbaşa lazım olan istiqamətə göndərilir. Binsinin fikrincə, məhz bu sistem Şanxay Əməkdaşlıq Təşkilatı və BRİKS-in ərazisində istifadəyə verilməlidir. O, bunun ABŞ-ın dominant olduğu sistemə cavab olacağını qeyd edir".

Bu arada, Böyük Britaniyanın məşhur "The Guardian" qəzetinin müxbirləri Mark Bennets və Aleks Hernin məlumatına görə, Rusiya kiber təhdidlər qarşısında meydana çıxa biləcək risklərin müəyyən olunması üçün bir müddət dünya ilə internet bağlantısını kəsməyi planlaşdırır. Qanun layihəsinə əsasən, bütün daxili internet trafik milli şəbəkələr üzrə getməlidir. Rusiya hüdudlarını aşan istənilən trafik Rusiyanın Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsində nəzarət üzrə Federal Xidmətinin ("Roskomnadzor") nəzarətində olan, qeydiyyatdan keçmiş mübadilə nöqtələrindən buraxılacaq. Rəsmi versiyaya görə, qanun layihəsinin məqsədi Rusiya şəbəkəsini aqressiv kibertəhlükəsizlik strategiyasına malik, Rusiyanı əsas haker hücumlarının mənbələrindən biri adlandıran ABŞ-dan müdafiə etməkdir. Ancaq bəzi ekspertlər bu təşəbbüsün uğurlu olacağı təqdirdə yerli internet istifadəçilərinin dövlətin zərərli hesab etdiyi kontentə çıxışını məhdudlaşdırmaq üçün ölkənin internet senzurasının Çində olduğu kimi sabit qala biləcəyini qeyd edirlər.

Həmçinin, məqalədə qeyd olunur ki, Rusiya artıq Kremlin tanınmış tənqidçisi Aleksey Navalnı kimi müxalif liderlərin veb səhidələrini bloklamağa başlayıb. Rusiyanın "Aqora" hüquq müdafiə təşkilatının bu ay təqdim etdiyi hesabatda bildirilir ki, Rusiya şəbəkəsində azadlıq ötən 12 ay ərzində beş dəfə aşağı düşüb. Yaxın gələcəkdə planlaşdırılan təşəbbüs əsasən daxili internet xidmət provayderlərini sakitləşdirmək məqsədi güdür. Onlar qorxurlar ki, qanun layihəsi provayderlərin xərclərini artıracaq və daxili şəbəkənin etibarlılığına ziyan vuracaq. Xərclərin artması ən çox internet provayderlərin narahatlığına səbəb olur. Bildirilir ki, "RBC" agentliyinin proqnozuna əsasən, dövlət rabitə operatorlarına ildə 134 milyard rubla kimi kompensiya ödəməli olacaq, üstəgəl, trafiklə bağlı mübadilə nöqtələri reyestrinin yaradılıb, işə salınması üçün "Roskomnadzor"a daha 25 milyard rubl lazım olacaq. Lakin bu, arzuedilən nəticəyə gətirib çıxarmaya da bilər. Qanun daim operatorlardan şəbəkələrinin və real vaxt rejimində trafik marşutizasiyasının bütün sxemini "Roskomnadzor"a verməsini tələb edir. Operatorlar isə bunun mümkün olmadığını deyirlər. Yüksək vəzifəli dövlət məmurları təşəbbüsün bu və ya başqa şəkildə onlara zorla qəbul ediləcəyindən dolayı tez-tez əndişələrini dilə gətirirlər.

"The Guardian" yazır ki, Dövlət Duması çərşənbə axşamı qanunu ikinci oxunuşda qəbul edib. Qanun layihəsinin müəlliflərindən biri Andrey Klişas deyib ki, dövlət artıq xarici təcavüz halında Rusiyanın kibertəhlükəsizliyini təmin etmək üçün 20 milyard rubl vəsait ayırıb. "Rusiyanın qlobal şəbəkədən ayrılması o demək olacaq ki, biz artıq hamı ilə müharibəyə başlamışıq. Belə bir vəziyyətdə biz internet haqda deyil, nüvə qışı şəraitində kartof yetişdirmək barədə düşünməliyik", deyə "BBC"nin Rusiya xidmətinə açıqlmasında "Runet" üzrə ekspert Filipp Kulin deyib. Bəzi müxalifətçilər qlobal internetlə əlaqənin müvəqqəti bağlanma planına şübhə ilə yanaşıblar. Navalnının köməkçisi, informasiya texnologiyaları üzrə mütəxəssis Leonid Volkov bildirib ki, Rusiya artıq 2014-cü ildə internet bağlantısını dayandırmağa çalışıb, amma cəhdi uğursuz olub.

Yeri gəlmişkən, qeyd edək ki, bugünlərdə, Rusiyanın dövlət nəzarətində olan RT (Russia Today) telekanalının 2,5 milyard baxış sayı və dörd milyon abunəçisi olan, ingiliscə "In the Now" adlanan "Facebook" səhifəsi bloklanıb. Hadisədən dərhal sonra Vladimir Putinin sözçüsü Dmitry Peskov məsələyə münasibət bildirib və bunu mediaya təzyiq kimi dəyərləndirib. Peskovun sözlərinə görə, ABŞ-da mənzillənən "Facebook" sosial media nəhənginin bu addımı onun imici və etibarlılığına ciddi zərbə vurur: "Qeyri-dost ölkələr sosial media sektoru və digər platformalarda xidmət göstərən böyük şirkətlərdən yararlanaraq Rusiya mediasına təzyiq göstərirlər. Hesab edirəm ki, RT hüquqlarını qoruya biləcək və məsələ həllini tapacaq". Məlumat üçün bildirək ki, Vladimir Putin 2000-ci illərin ortalarında yaradılan "Russia Today" vasitəsiylə qərbpərəst siyasət yeritdiyini düşündüyü ABŞ və Britaniyanın media qurumlarının dominantlığını ilə mübarizə aparmaq istəyib. Görünən odur ki, adıçəkilən telekanalın "Facebook" səhifəsinin bloklanması Rusiyaya qarşı aparılan informasiya, o cümlıdən internet savaşının bir hissəsidir.

"Rusiyanın dünya internet şəbəkəsi ilə əlaqəsinin kəsilməsi atılacaq ən son addımdır"

ÐŸÐ¾Ñ Ð¾Ð¶ÐµÐµ изображение

Mövzu ilə bağlı "Hürriyyət"ə açıqlama verən Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, Rusiyanın dünya internet şəbəkəsi ilə əlaqəsinin kəsilməsi atılacaq ən son addımdır: "Yəni əlaqələrin o qədər kəskinləşməsi baş verməlidir ki, Rusiyanı qlobal internet xətlərindən ayırsınlar. Açığı, hələ dünyada belə presedent olmayıb. Hətta ABŞ-la münasibətləri çox gərgin olan Şimali Koreya və İran belə, hələ də qlobal internetə qoşulmuş vəziyyətdədir. Bu səbəbdən də belə bir ehtimal həddindən artıq zəif görünür". Natiq Cəfərli bu qənaətdədir ki, Rusiya prezidentinin sözügedən bəyanatı lokal internet məkanının yaradılmasına hesablanıb: "Belə ki, Rusiyada daxili lokal internetin yaradılması üçün müəyyən işlər görülür. Bununla da Rusiya hökuməti özü istədikdə, ən azından xəbər saytlarını, onlayn televiziyaları və müxalif mətbuatı qlobal internetdən ayıra, sosial şəbəkələri bağlaya bilər. Düşünürəm ki, Rusiya bu nöqteyi-nəzərdən müəyyən hazırlıq görəcək. Çünki Putinin bəyanatında "Biz buna hazırlaşmalıyıq" kimi bir cümlə də vardı. Bu ehtimal aşağı görünsə də, əgər bu, baş verərsə, o zaman Rusiya üçün fəlakət olar. Bildiyiniz kimi, banklarda bütün əməliyyatlar internet, SWİFT sistem üzərindən görülür. Bunun olmaması isə əməliyyatları dayandıra, ümumiyyətlə bank sektorunu çökdürə bilər. Bundan başqa, internet üzərindən əməliyyatların aparıldığı digər sahələr də var. Odur ki, Rusiyanın dünya internet şəbəkəsi ilə əlaqəsinin kəsilməsi xidmət sahələrinə, Rusiyada sürətlə inkişaf edən və son zamanlar ümumi ticarət dövriyyəsinin az qala 20-25 faizini əvəzləyən, dövriyyəsi milyardlarla ölçülən onlayn ticarətə, turizmə, avia şirkətlərə ciddi zərbə vura bilər. Ümumiyyətlə, internetin olmaması bir çox sahələrdə durğunluğa səbəb ola, onlayn sifarişlərə, qida sənayesinə, restoran və kafelərə böyük zərbə vura, milyardlarla itkiyə gətirib çıxara, hətta Rusiya iqtisadiyyatının donmasına belə, gətirib çıxara bilər. Ona görə də düşünmürəm ki, beynəlxalq aləmdə bununla bağlı hər hansı addım atılsın. Lakin Rusiya gələcəkdə sosial şəbəkələrin, internet medianın təsirlərini azaltmaq üçün özünün lokal internet şəbəkəsinin qurulması üçün müəyyən işlər görə bilər. Lakin bu, daha çox siyasi qərar olacaq, nəinki iqtisadi".

"Əgər Rusiya özü belə bir addım atarsa, onda internet məkanının məhdudlaşdırılması bir praktika kimi Azərbaycana da təsir göstərə bilər"

İqtisadçı ekspertin sözlərinə görə, Rusiyanın dünya internet şəbəkəsi ilə əlaqəsinin kəsilməsinin Azərbaycana ən böyük təsiri pul köçürmələri ilə bağlı olacaq: "Bildiyiniz kimi, Rusiyada yaşayan azərbaycanlılar müəyyən bank köçürmələri vasitəsi ilə ailələrinə yüz milyonlarla vəsait köçürdürlər. Yəni məsələnin bizə bu yöndə ciddi şəkilədə təsiri ola bilər. Bir də Rusiyadan gələn turistlərin sayında ciddi azalma müşahidə oluna bilər. Çünki onlar biletləri əsasən internet üzərindən əldə edir, eyni zamanda otellərin sifarişi də bu üsulla həyata keçirilir. Lakin buna rəğmən, katostrafik təsirlərin olacağını düşünmürəm. Yəni bank bağlansa, o zaman pulu fiziki yolla da göndərmək mümkündür. O cümlədən, turistlər də gəlib burda yerində otel sifariş verə bilərlər. Amma təbii ki, çətinliklər olacaq. Onu da qeyd edim ki, əgər Rusiya özü belə bir addım atarsa, onda internet məkanının məhdudlaşdırılması bir praktika kimi Azərbaycana da təsir göstərə bilər. Yəni belə bir presedent yarana bilər. Nəticədə digər ölkələrdə, o cümlədən Azərbaycanda bundan istifadə etmək istəyi yarana bilər".

"Dünya internet şəbəkəsi ilə əlaqənin kəsilməsinin Rusiyaya hərbi baxımdan hər hansı narahatlıq yaradacağı inandırıcı deyil"

ÐŸÐ¾Ñ Ð¾Ð¶ÐµÐµ изображение

Dünya internetinin söndürülməsinin Rusiya üçün hərbi təsirlərinə gəlincə, bu barədə mövqeyini "Hürriyyət"lə bölüşən hərbi-siyasi icmalçı Ramil Məmmədli bildirdi ki, hərbi rabitə vasitəsi internetə bağlı olmadığından bu səhədə elə də ciddi problemlər yaşanmayacaq: "Hərbi əlaqə vasitəsi ayrıca bir rabitə xəttidir. Həmin xətt vasitəsi ilə bütün hərbi qurumlar bir-biri ilə əlaqə saxlayır. Bundan başqa, Rusiyanın kosmik fəzada peykləri mövcuddur. Həmin peyklərin bir hissəsindən isə öz hərbi məqsədləri üçün istifadə edir. Qeyd edim ki, Azərbaycanın da belə bir peyki mövcuddur. Həmin peyklər vasitəsi ilə həyata keçirilən proseslər internet üzərindən aparılmır. Buna görə də dünya internet şəbəkəsi ilə əlaqənin kəsilməsinin Rusiyaya hərbi baxımdan hər hansı narahatlıq yaradacağı inandırıcı deyil. Lakin ümumilikdə bir çox qeyri-hərbi sistemlər internet üzərindən aparıldığına görə, bu, Rusiya üçün müəyyən problemlər yarada bilər".

"Düşünürəm ki, Putin məsələni çox dramatikləşdirib"

Ramil Məmmədli "İnternetin kəsilməsinin Rusiyanın xüsusi xidmət orqanlarının işinə necə təsir göstərəcək" sualına cavab olaraq qeyd etdi ki, bir çox məsələlər digər rabitə vasitələrinin üzərindən həyata keçirilir: "İnanmıram ki, Rusiya xüsusi xidmət orqanları bütün prosesləri yalnız internet üzərindən həyata keçirirlər. Təxmin edirəm ki, bir çox məsələlər digər rabitə vasitələrinin üzərindən həyata keçirilir və həmin rabitə vasitələri də kifayət edir. Lakin ümumilikdə götürdükdə, bir çox hallarda ənənəvi rabitə vasitələrindən istifadə olunmur. Bu baxımdan, Rusiyanın beynəlxalq internetə çıxışında bir problem yaranarsa, o zaman hərbi orqanlara bağlılığı olan bir çox qurumların işində axsamalar baş verəcək. Məsələn, elektron poçt vasitəsi ilə əlaqələrin qurulması, pult ötürülmələri və bu kimi sistemlərin böyük əksəriyyəti internet resursların köməkliyi ilə həyata keçirilir. Bu baxımdan, sözegedən sahədə problemlər yaşana bilər".

Hərbi-siyasi icmalçı hesab edir ki, Rusiya dünya internet şəbəkəsi ilə əlaqəsinin kəsilməsinə cavab olaraq güc tətbiq etməyəcək: "Kremlin hərbi vasitələrlə, silah gücünə hər hansı bir məsələni həll etməsi mümkün deyil. Əslində, bunun nəticəsi də ola bilməz. Düşünürəm ki, Putin məsələni çox dramatikləşdirib. İnanmıram ki, Qərb ölkələri Rusiyaya qarşı bu cür addım atsın. Çünki Rusiyada Avropanın bir çox şirkətləri fəaliyyət göstərir və onlar da prosesləri internet vasitəsi ilə həyata keçirirlər. Bu baxımdan, məsələ bir qədər dramatikləşdirilib".



Oxşar Xəbərlər

Xəbər lenti