8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Xəbər verdiyimiz kimi, “Hürriyyət” qəzetinin, eləcə də eyniadlı “Hurriyyet TV” və Hurriyyet.az saytının baş redaktoru Vüqar Məmmədov iyulun 24-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 1 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Baş Prokurorluq tərəfindən baş redaktorun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388.1.1.1-ci maddəsi ilə (İnformasiyadan istifadə edilməsi, onun yayılması və mühafizə edilməsi qaydaları əleyhinə olan inzibati xətalar) ittiham olunduğu elan olunsa da, onun konkret olaraq hansı verilişi zamanı “qadağan olunan informasiyanı” ictimailəşdirdiyi açıqlanmırdı. Həmçinin, bu günədək məhkəmə qətnaməsi də V.Məmmədovun vəkilinə təqdim olunmadığından, biz “Hürriyyət” olaraq baş redaktora qarşı ittihamların detalları ilə tanış deyildik. Bununla belə, Vüqar Məmmədova qarşı ittihamların tamamilə qondarma olduğuna və onun sifariş əsasında həbs edildiyinə əmin idik. O cümlədən, baş redaktorun vəkili Bəhruz Bayramov da saytımıza açıqlamasında V.Məmmədovun tamamilə qanunsuz yerə həbs olunduğunu bildirmişdi. Nərimanov Rayon Məhkəməsi tərəfindən Bəhruz Bayramova təqdim olunan qətnamə də dediklərimizi bir daha sübut edir.
Qeyd edək ki, hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Əhmədov Fuad Səlim oğlunun, müdafiəçi - Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Xasayev Vüqar Nəriman oğlunun, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Məmmədov Vüqar Tofiq oğlunun iştirakı ilə keçirilən məhkəmə prosesində qeyd olunmuşdur:
“Məhkəmənin icraatına 24 iyul 2023-cü tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Fuad Əhmədov tərəfindən Məmmədov Vüqar Tofiq oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə qəbul olunmuş 24 iyul 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar daxil olmuşdur.
İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarda göstərilir ki, vəzifəli şəxs Məmmədov Vüqar Tofiq oğlu – “Hürriyyət” qəzetinin baş redaktoru (FİN 1B6X68K) - ölkə təcavüzə məruz qalandan sonra sülh müqaviləsi bağlanmadığı, “Müdafiə haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən faktiki olaraq müharibə vəziyyətində olduğu halda, ölkənin müdafiə qabiliyyətinin zəifləməsi, o cümlədən hərbi hazırlığının və döyüş qabiliyyətinin zəiflədilməsi “Milli təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun 7.8-ci maddəsinə əsasən ölkənin milli təhlükəsizliyinə hərbi təhdid hesab olunduğu halda, həmin qanunun 15-ci maddəsinə əsasən milli təhlükəsizliyinin təmin olunmasının digər sahələrlə yanaşı informasiya sahəsində də qorunduğu halda, 20-ci maddəsinə əsasən informasiya sahəsində milli maraqların müdafiəsinin və informasiya təhlükəsizliyinin təmin edilməsini zəruri olduğu, bunun üçün kompleks tədbirlərin görüldüyü halda informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi kimi “Youtube” sosial şəbəkəsində 03.10.2022, 05.07.2023 və 12.07.2023-cü il tarixlərdə “DƏHŞƏTLİ FAKTLAR”, “Polkovnik Elnur Məmmədovdan ŞOK AÇIQLAMALAR”, “Polkovnik Elnur Məmmədovdan NÖVBƏTİ ŞOK AÇIQLAMALAR” və digər başlıqlar altında video görüntülərdə böyük kütlə təşkil edən şəxslərə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrinin hərbi və iqtisadi potensialının, hərbi hazırlığının və döyüş qabiliyyətinin zəif olduğunu sistemli, ardıcıl və davamlı şəkildə bəyan etməklə ölkənin müdafiə qabiliyyətinin zəifləməsi barədə yayılması qadağan edilmiş informasiyanı yerləşdirməklə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-2.3.11-ci bəndi ilə yayılması qadağan edilən digər informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsinə yol verməklə Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qeyd olunanlar Məmmədov Vüqar Tofiq oğlunun izahatı və “Youtube” sosial şəbəkəsində olan səhifəsində yayılmış 03.10.2022, 05.07.2023 və 12.07.2023-cü il tarixli videogörüntülərlə təsdiq edilir. Məmmədov Vüqar Tofiq oğlu izahatından görünür ki, o, məqsədli şəkildə ictimaiyyətin böyük kütləsinə ordunun ağır vəziyyətdə olmasını, ölkənin müdafiəsinə cavabdeh qurumların hərəkətsiz olmasını, bunun nəticəsində ölkənin müdafiə qabiliyyətinin zəif olmasını iddia edir. “Milli təhlükəsizlik haqqında” Qanunun 7.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının milli təhlükəsizliyinə potensial və real, daxili və xarici təhdidlər əsasən ictimai həyatın siyasi, iqtisadi, sosial, hərbi, informasiya, ekologiya, elm, mədəniyyət və mənəviyyat sahələrində təzahür edir. Həmin qanunun 7.8.8-ci bəndinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrinin hərbi və iqtisadi potensialının, hərbi hazırlığının və döyüş qabiliyyətinin zəiflədilməsinə yönəlmiş fəaliyyət hərbi təhdid təşkil edir. Həmin qanunun 15.2-ci maddəsinə əsasən dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər, hüquqi və fiziki şəxslər siyasi, iqtisadi, hərbi, sosial, informasiya, ekologiya, elm, mədəniyyət, mənəviyyat və digər sahələrdə Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması məqsədi ilə həyata keçirilən tədbirlərdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada iştirak edirlər. Həmin qanunun 20.2.2-ci maddəsinə əsasən informasiya təhlükəsizliyinin və azadlığının təmin olunması Azərbaycan Respublikasının informasiya sahəsində milli təhlükəsizliyinin təmin olunması üçün görülən əsas tədbirlər sırasındadır. Həmin qanunun 8.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunması sistemi vahid dövlət siyasətinin hazırlanması, siyasi, iqtisadi, sosial, hərbi, informasiya, ekoloji, elm, mədəniyyət və mənəviyyat, habelə digər sahələrdə milli maraqların qorunması prosesinin kompleks fəaliyyət şəklində səmərəli tətbiqi üçün yaradılır. “Müdafiə haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən müharibə vəziyyəti Azərbaycan Respublikası silahlı hücuma və ya təcavüzə məruz qaldıqda elan olunur və müharibə edən tərəflər arasında sülh müqaviləsi bağlandıqda ləğv olunur. Məmmədov Vüqar Tofiq oğlu həmin xətanı Nərimanov rayonunun ərazisində törətmişdir. Odur ki, Məmmədov Vüqar Tofiq oğlu barəsində Azərbaycan Respublikası İXM-in 388-1.1.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmalı və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov rayon məhkəməsinə göndərilməlidir.
Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Əhmədov Fuad Səlim oğlu qərarı müdafiə edərək Məmmədov Vüqar Tofiq oğlu barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir.
Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Məmmədov Vüqar Tofiq oğlu özünü Azərbaycan Respublikası İXM-in 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilməyərək izahatında göstərdi ki, müsahibə alan zaman tərəfin hər hansı qanunsuz fikrini bildirməsinin qarşısını almaq kimi bir imkanı yoxdur. Efirdə bir dəfə də olsun qanunsuz çıxış etməmişlər. Əsas fikirləri ölkə başçısının sözünə dəstək olaraq orduda baş vermiş pozuntuları işıqlandıraraq onların qarşısını almaqdır. Heç vaxt məqsədləri ordunun və dövlətin nüfuzunu alçaltmaq olmamışdır. Sonda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Məmmədov Vüqar Tofiq oğlu qeyd etdiklərinin nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir.
Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Məmmədov Vüqar Tofiq oğlunun müdafiəçisi Xasayev Vüqar Nəriman izahatında göstərmişdir ki, hər kəsin ölkə başçısının çıxışlarından məlumatı var. Jurnalist kimi Vüqar Məmmədov da ölkə başçısının sözlərinə dəstək olaraq üzərinə düşən vəzifəni yerinə yetirir. Əməlində heç bir xəta tərkibi yoxdur. Qeyd etdikləri nəzərə alınaraq Məmmədov Vüqar Tofiq oğlunun barəsində inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir.
Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarından görünür ki:
Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev tərəfindən qəbul olunmuş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 24.07.2023-cü il tarixli qərardan görünür ki, Məmmədov Vüqar Tofiq oğlu barəsində Azərbaycan Respublikası İXM-in 388-1.1.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və toplanmış materialların baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Tərəflərin çıxışlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Məmmədov Vüqar Tofiq oğlunun Azərbaycan Respublikası İXM-in 388-1.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Məmmədov Vüqar Tofiq oğlunun informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi məhkəmə iclasında araşdırılan digər sübutlarla tam təsdiqini tapmışdır.
Azərbaycan Respublikası İXM-in 388-1.1.1-ci maddəsinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına, yəni: informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Məmmədov Vüqar Tofiq oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir.
Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.
Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır.
Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir.
Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır.
Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.
Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.
Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını qeyd edib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Məmmədov Vüqar Tofiq oğlu Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və sonuncuya həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir.
Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Məmmədov Vüqar Tofiq oğluna göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Xasayev Vüqar Nəriman oğluna məhkəmədə iştirak etdiyi 5 (beş) iş saatı üçün cəmi 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir.
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 30, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDI:
Məmmədov Vüqar Tofiq oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1 (bir) ay müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin.
Həbsetmənin əvvəli 24 iyul 2023-cü il tarixdən saat 19:10-dan hesablansın.
Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası DİN-ə bilavasitə tabe olan inzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilsin.
Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Xasayev Vüqar Nəriman oğlu tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Məmmədov Vüqar Tofiq oğlunun hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatı üçün cəmi 30 (otuz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün.
Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər”.Qətnamədə də əks olunduğu kimi, Vüqar Məmmədov məhkəmədəki çıxışında heç bir qanun pozuntusuna yol vermədiyini və Prezident İlham Əliyevin jurnalistlərə çağırışına dəstə olaraq ordudakı neqativ hadisələri üzə çıxarmaqda maraqlı olduğunu bildirib. Eyni zamanda, məhkəmə prosesi zamanı da bunun əksi sübut olunmayıb. Belə ki, V.Məmmədovun konkret olaraq hansı “qadağan olunan informasiyanı” ictimailəşdirdiyi ortaya qoyulmayıb və bununla bağlı hər hansı irad bildirilməyib. Sadəcə, görünən odur ki, hakim ona verilən sifarişi yerinə yetirmək üçün faktlarla deyil, ümumi sözlərlə Vüqar Məmmədovu “ordu əleyhinə fəaliyyətdə” ittiham edərək, onun barəsində həbs qərarı çıxarıb.
İnanırıq ki, Apellyasiya Məhkəməsi “Hürriyyət”in baş redaktoruna qarşı bu ədalətsiz qərarı ləğv edəcək və V.Məmmədovun günahsız olduğu tez bir zamanda öz təsdiqini tapacaqdır.
Hurriyyet.az