8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Xəbər verdiyimiz kimi, “Hürriyyət” qəzetinin, eləcə də eyniadlı “Hurriyyet TV” və Hurriyyet.az saytının baş redaktoru Vüqar Məmmədov Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 1 ay müddətinə azadlıqdan məhrum edilib.
Hurriyyet.az xəbər verir ki, dünən günorta saatlarında Vüqar Məmmədov və istefada olan polkovnik, hərbi ekspert Elnur Məmmədov “Hurriyyet TV”-dəki çıxışları ilə əlaqədar olaraq Baş Prokurorluğa dəvət olunub. Hər ikisi müstəntiqin dəvətini qəbul edərək Prokurorluğa gedib və orada ifadə veriblər. Bundan sonra V.Məmmədov və E.Məmmədov polis maşınına mindirilərək, Nərimanov Rayon Məhkəməsinə aparılıblar. Burada hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə Vüqar Məmmədov və Elnur Məmmədov qanunsuz və əsassız olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388.1.1.1-ci maddəsi ilə (İnformasiyadan istifadə edilməsi, onun yayılması və mühafizə edilməsi qaydaları əleyhinə olan inzibati xətalar) 1 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, baş redaktorun həbsi ilə bağlı dünən axşam saatlarına Baş Prokurorluq da açıqlama yayıb. Prokurorluğun Mətbuat xidmətindən verilən açıqlamada bildirilir:
““Hürriyyət” qəzetinin baş redaktoru Məmmədov Vüqar Tofiq oğlu və Məmmədov Elnur Teymur oğlu tərəfindən "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri pozularaq internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi faktı üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Aşkar edilmiş hüquqpozmalarla bağlı hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsilə (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) inzibati xəta haqqında iş üzrə icraat başlanaraq toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib”.
Məlumat üçün bildirək ki, Vüqar Məmmədovun konkret olaraq hansı “qadağan edilən informasiyanı” yaydığı açıqlanmır. Üstəlik, dünən, təxminən saat 18:00-da baş redaktor barəsində həbs qərarı çıxarılsa da, indiyədək məhkəmə qətnaməsi vəkilinə təqdim olunmayıb. Bu baxımdan da, da biz “Hürriyyət” olaraq Vüqar Məmmədova qarşı irəli sürülən ittihamlarla hələ tanış ola bilməmişik.
Lakin istisna olunmur ki, V.Məmmədovun həbsinin arxasında heç də qeyd olunan ittihamlar dayanmır. Çünki baş redaktor dəfələrlə açıq və ya dolayı şəkildə həbs ediləcəyi ilə bağlı təhdid almışdı. Buna baxmayaraq o, heç vaxt öz yolundan dönmədi və hər zaman həqiqətləri dilə gətirdi.
Yeri gəlmişkən, dünən V.Məmmdəov və E.Məmmədovun hansı rayon məhkəməsinə aparılmasının saatlarla gizli saxlanılması da baş redaktorun sifariş əsasında həbs olunduğunu deməyə əsas verir. Əlbəttə, biz onun konkret olaraq hansı məmurun sifarişi ilə həbs edildiyini deyə bilmərik, bu barədə əlimizdə hər hansı fakt yoxdur. Lakin Vüqar Məmmədov zaman-zaman “Hurriyyet TV”-də bir çox yüksək səlahiyyətli məmurun qanunsuz əməllərini ortaya çıxardığından, həmçinin, ona qarşı irəli sürülər ittihamlar tamamilə qondarma və hüquqi cəhətdən əsassız olduğundan, baş redaktorun sifarişlə həbs olunduğu qənaətindəyik. Həm də ona görə ki, V.Məmmədov hansısa verilişində heç vaxt dövlət əhəmiyyətli informasiyaların yayılmasına şərait yaratmayıb və “Hurriyyet TV”-də belə bir fakt tapmaq qeyri-mümkündür...
Bu baxımdan, Vüqar Məmmədovun həbsini sifariş verən şəxs və ya şəxslərə, eləcə də icraçılara demək istəyirik ki, “Hürriyyət”in sonuncu əməkdaşının qoluna qandal vurulanadək, bizi yolumuzdan döndərə, həqiqətləri dilə gətirməyimizə, yazmağımıza mane ola bilməyəcəksiniz. Çünki biz Prezident İlham Əliyevin “həqiqətləri üzə çıxarın”, - deyə dəfələrlə media nümayəndələrinə etdiyi müraciətlərdən güc alırıq və hesab edirik ki, ölkə başçısı bir sıra rüşvətxor və korrupsioner məmurların öz çirkin əməllərini ört-basdır etmək üçün azad sözü boğmalarına imkan verməyəcək və qanunsuz olaraq həbsə atılan Vüqar Məmmədovun tezliklə azadlığa çıxmasına göstəriş verəcək.
“Hürriyyət”