Fövqəladə Hallar Nazirliyində nə baş verir?

 

Fövqəladə Hallar Nazirliyində nə baş verir?

 


 

"Fövqəlnazir”in komandasında "yarpaq tökümü” başlayıb

Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Oqtay Bayramovun işdən ayrılması ilə bağlı mediaya verdiyi açıqlama diqqətləri bu quruma çevirdi. Oqtay Bayramov istefasını ailə məsələləri ilə əlaqələndirsə də, FHN-in ictimaiyyətlə əlaqə idarəsinin rəisi Səbuhi Ağayevin də işdən çıxarılması haqqında məlumatlar üzə çıxandan sonra bu qurumda hansısa proseslərin getdiyi məlum oldu. Daha sonra Fövqəladə Hallar Nazirliyinin Kadr Siyasəti Baş İdarəsinin rəisi, general-mayor Sevda Şirinovanın da tutduğu vəzifəsindən uzaqlaşdırması haqqında məlumat yayıldı və az sonra bu məlumat qeyri-rəsmi şəkildə təkzib olundu. Xanım generalın işdən çıxarılıb-çıxarılmaması tam aydın olmasa da, FHN-nin informasiya işinə cavabdeh iki şəxsin işdən kənarlaşdırılması artıq hansısa proseslərin getdiyindən xəbər verir. Qeyd edək ki, FHN-nin informasiya işinin yüksək səviyyədə təşkil olunduğunu iddia etmək mümkün deyildi. Ümumiyyətlə, Kəmaləddin Heydərovu ictimaiyyətə açıq məmur hesab etmək olmaz. Bu amil Dövlət Gömrük Komitəsinin də, sonralar Fövqəladə Hallar Nazirliyinin fəaliyyətində hiss olunub. Doğrudur, FHN-nin ictimaiyyətə tam açıq olmaması bu qurumun yarıhərbiləşdirilmiş struktur olması ilə izah edilir. Ancaq Kəmaləddin Heydərov Dövlət Gömrük Komitəsinə rəhbərlik edəndə eyni vəziyyət mövcud idi. Ölkədə tez-tez texniki və ya təbii qəzalar baş versə də,  FHN-nin bununla bağlı cəmiyyətə ətraflı və operativ məlumat verməsi faktiki olaraq olmayıb. Bu isə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin də, ictimaiyyətlə əlaqə idarəsinin də öz vəzifəsini tam yerinə yetirmədiyi anlamına gəlir. Mümkündür ki, bu qurumların işdən azad olunmasında bu amil də rol oynayıb. Ancaq istisna deyil ki, "Fövqəlnazir”in komandasında "yarpaq tökümü” başlayıb. Əgər, yaxın günlərdə Fövqəladə Hallar Nazirliyinin Kadr Siyasəti Baş İdarəsinin rəisi, general-mayor Sevda Şirinovanın istefası ilə bağlı məsələ doğru çıxsa, o zaman "Fövqəlnazir”in komandasında "yarpaq tökümü”nün artıq reallıq olduğunu söyləmək mümkün olacaq.

Bütövlükdə isə "Fövqəlnazir”in komandasında "yarpaq tökümü”nün başlanması ehtimalı çox böyükdür. Məsələ ondan ibarətdir ki, 17 yanvar 1995-ci ildən Dövlət Gömrük Komitəsinin sədri, 06 fevral 2006-cı ildən Fövqəladə hallar naziri olan Kəmaləddin Heydərov ən nüfuzlu və geniş təsir imkanlarına malik məmurlardan sayılırdı. Hətta bir neçə il öncə Kəmaləddin Heydərov Artur Rasi-zadənin vairisliyinə əsas namizəd hesab olunurdu. Ancaq ötən ildən başlayaraq Kəmaləddin Heydərov Baş nazir postuna əsas namizədlər siyahısından çıxarıldı. Az sonra onun "fövqəlnazir” statusu da əlindən alındı. Bundan əvvəl ölkəyə gələn əcnəbi dövlət xadimləri bir qayda olaraq Fövqəladə Hallar Nazirliyində də qəbulda olurdular. Ötən ilin ikinci yarısından başlayaraq bu ənənəyə son qoyulmağa başlandı. Artıq bu ənənədən indi əsər-əlamət də qalmayıb. Digər tərəfdən Kəmaləddin Heydərovun ailə biznesi olan Gilan Holdinqə daxil olan bir sıra müəssisələrin sahiblərinin dəyişməsi haqqında cəmiyyətdə xəbərlər dolaşır. Bu məlumat və yuxarıda qeyd olunanlar Kəmaləddin Heydərovun karyerasının qürub dövrünün artıq başladığını göstərir. Ziya Məmmədovun və digər "vurulmuş” oliqarxlarla bağlı proseslər göstərir ki, yarpaq tökümü dərhal başlayır. Məsələn, Ziya Məmmədov hələ nəqliyyat naziri olduğu vaxtda Cavid Qurbanov onun komandasını tərk etmişdi. Çünki, hər kəs Ziya Məmmədovun karyerasının qürub çağına qədəm qoyduğunu bilirdi. İndi də, eyni proses Kəmaləddin Heydərovun ətrafında baş verir. Bir zamanlar "fövqəlnazir”in qəbulunda saatlarla gözləyən məmurlar indi ondan məsafə saxlamağa çalışırlar. Onlar Kəmaləddin Heydərovla yaxın münasibətlərə malik olmadıqlarını göstərməyə çalışırlar. Hakimiyyət dahlizlərində gəzən söz-söhbətə görə Əmək və əhalinin sosial müdafiəsi nzairi Səlim Müslümov artıq Kəmaləddin Heydərovun komandasını tərk edib və əks düşərgəyə keçib. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun komandasında olan nazir, komitə sədri və icra başçılarının da əks düşərgədə himayədar axtardığı haqqında məlumatlar var. Belə görünür ki, Kəmaləddin Heydərovun komandasında həqiqətən "yarpaq tökümü” başlayıb.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov üçün əlavə problemi sabiq deputat, iş adamı və bəstəkar Hüseyn Abdullayevin prezidentliyə nazmizəd olmaq istəyi və bununla bağlı siyasi faəliyyətə başlaması yarada bilər. Məsələ ondan ibarətdir ki, Hüseyn Abdullayevin biznesi Kəmaləddin Heydərov Dövlət Gömrük Komitəsinin sədri olanda sürətlə yüksəlib. Hətta Hüseyn Abdullayevin biznesin o zaman Kəmaləddin Heydərovun himayədarlıq etməsi haqqında iddilar da vardı. İstənilən halda Hüseyn Abdullayevin qopardığı "fırtına” Bakının siyasi dairələrində təsirsiz qalmayacaq. Hətta mümkündür ki, onun və Rəsul Quliyevin seçkidə iştirak qərarı hökumətdə ciddi kadr dəyişiklilərini sürətləndirsin.

Hakimiyyət daxilində hansısa ciddi proseslər gedir və bu, Fövqəladə Hallar Nazirliyində baş verən müəmmalı olayların əsas səbəbidir. Prezident seçkiləri yaxınlaşdıqca isə, bu olaylar intensiv xarakter alacaq. Cəmiyyətin bununla bağlı məlumat almaq istəyini nəzərə alıb, mövzunu diqqətdə saxlamağa çalışacağıq.

A. Nəbiyev,

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti