8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Tural Abbaslı: "Əslində onu siyasətə biz gətirmişik... siyasətdən birdəfəlik gedəcəyinə dair öhdəlik də götürmüşdü”
"Cəmil Həsənli Milli Şuranın sədri postuna siyasətçi kimi deyil, Rüstəm İbrahimbəyovun dublyor aktyoru kimi seçildi"
"Biz adı müsavatçı olub, lakin müsavatçılığın nə olduğunu bilməyənlərdən deyilik"
"Düşünmürəm ki, bu gün boykot qərarı verən partiyaların üzvlərinin böyük əksəriyyəti bu qərarla razıdır"
Dünəndən, yəni martın 12-dən etibarən növbədənkənar prezident seçkiləri ilə bağlı namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi vaxtı başa çatıb. Qeyd edək ki, namizədliyini irəli sürmüş Ağ Patiya başqanı Tural Abbaslının da qeydə alınması üçün tələb olunan imza vərəqələri və digər zəruri sənədlər artıq MSK-ya təqdim edilib. Məhz elə bu səbəbdən də Tural Abbaslı ilə həm seçkiyə hazırlıq prosesi ilə əlaqədar, həm də hazırda siyasi arenadakı mövcud durum, eləcə də boykotçular tərəfindən ünvanına səsləndirilən fikirlərlə bağlı söhbətləşdik.
- İlk öncə rəhbərlik etdiyiniz siyasi təşkilatın seçkiyə hazırlıq, imzatoplama prosesi ilə maraqlanmaq istərdik. Namizədliyinizin qeydə alınması üçün lazım olan imzalar toplanıbmı?
- Qeyd edim ki, biz prezident seçkilərinə hazırlığa 2017-ci ilin son aylarından başlamışdıq. Çünki bir ara belə bir söhbət ortaya çıxmışdı ki, ola bilsin 2017-ci ilin son aylarında prezident seçkiləri keçirilsin. İlham Əliyev bunu təkzib edənə qədər bu söhbətlər yayılmışdı. Biz də yeni partiyayıq və hələ o zaman seçkilərdə iştirak etmək niyyətində idik. Bu səbəbdən də digərlərindən daha sürətlə hazırlaşmalıyıq. Çünki digər partiyalar 15 ildən artıqdır ki, siyasi arenadadır, onların regionlarda adamları var. Biz isə yeni təşkilat olduğumuzdan seçkiyə hazırlıq işlərinə digərlərindən daha çox vaxt sərf edəcəyimizdən öncədən prosesə başlamışdıq. Beləcə, prezident seçkilərinə hazırlıqla bağlı müəyyən işlər gördükdən sonra hakimiyyət seçkinin vaxtından öncə keçirilməyəcəyini bəyan etdi. Bununla da daha rahat olduq. Bildiyiniz kimi, namizədin qeydə alınması üçün təxminən, 45 minə yaxın imza toplanmalıdır. Bu da hardasa 900 vərəq edir. Odur ki, ilk olaraq imza yığacaq şəxslərin siyahısı üzərində işləməyə başladıq. Lakin seçkilərin vaxtının qəfil ertələnməsi ilə nagahan yaxalandıq. Ancaq təqribi ilkin hazırlığımız olduğu üçün prosesə qoşulduq. Düzdür, bir qədər çətin oldu. Çünki imza vərəqələri tək Bakını deyil, 125 dairənin 61-ni əhatə etməlidir. Həmçinin bu miqyaslı iş üçün verilən vaxt da çox azdır. Buna görə də həm öz resurslarımızdan, həm də 18 ildir siyasətdə olduğumuz üçün digər siyasi təşkilatlarla olan əlaqələrimizdən istifadə etdik, keçmiş partiyadakı dostlarımızla danışdıq, imza vərəqlərini aramızda bölüşdürdük. Artıq imzatoplama kampaniyası yekunlaşıb, 43 mindən artıq imza yığılıb. Sənədlər artıq Mərkəzi Seçki Komissiyasına təqdim edilib.
- Qeyd etdiniz ki, imza toplama kampaniyasında digər partiyalar da sizə yardım edib. Konkret söhbət hansı siyasi təşkilatlardan gedir?
- Müsavat Partiyasının üzləri, eləcə də Ümid Partiyasındakı dostlarımız, hətta rəhbərlik səviyyəsində bu işdə bizə dəstək verdilər. Eyni zamanda, Vətəndaş və İnkişaf Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, ümumiyyətlə klassik müxalifət dediyimiz təşkilarların demək olar ki, əksəriyyəti bu kampaniyada təmsil olundu. Bəziləri bir az, bəziləri bir çox, əsas odur ki, bu işə can yandırıb yanımızda oldular.
Bu arada, düşünmürəm ki, bu gün boykot qərarı verən partiyaların üzvlərinin böyük əksəriyyəti bu qərarla razıdır. Sadəcə olaraq rəhbərliyin qərarı olduğundan, həm də özləri bəzi risklərə girmədilər. Amma hamısı şüuraltı başa düşür ki, prosesdə iştirak etmək lazımdır.
- Uzun müddət sıralarında, hətta rəhbərlik səviyyəsində təmsil olunduğunuz Müsavat Partiyası ilə bu gün münasibətləriniz nə yerdədir?
- Müsavatla aramızda heç bir problem yoxdur. Hətta anam bu gün də partiyanın Divan üzvüdür. Ümumiyyətlə, Müsavatın istər Bakıda, istərsə də bölgələrdəki sıravi üzvləriylə, eyni zamanda partiyanın rəhbər şəxsləri ilə münasibətlərimiz yüksək səviyyədədir. Bəlkə də bu gün özünü Müsavatın rəhbəri hesab edənlərdən partiya daxilində daha nüfuzluyam. Mənim nüfuzum özünə rəhbər deyənlərdən daha çoxdur. Çünki 18 illik siyasi karyeramın hardasa 15-16 ilini Müsavatda qoymuşam. Yəni bizim siyasi başlanğıcımız orda olub və bu gün partiyada təmsil olunanların bir çoxu gözümün qabağında Müsavata gəlib. Bir qisminin vəzifəyə qalxmasında mənim rolum olub. Nəzərinizə çatdırım ki, bizim Müsavatdan ayrılmağımıza səbəb partiyanın 95 faizinin yox, rəhbəri Arif Hacılının yanaşması idi. Gördük ki, onun yanaşması bizi qane etmir, vaxtımızı, enerjimizi aparacaq. O, seçildikdən sonra bir müddət partiyada qaldıq, çalışdıq ki, qurultaydan sonra formalaşan yeni şərtlər əsasında fəaliyyət göstərək. Çünki 15-16 ilini verdiyin partiyadan birdən-birə uzaqlaşmaq, yenidən sıfırdan başlamaq asan deyil. Biz partiyanın ideologiyasını - türkçülüyü, islamçılığı və müasirliyi özündə yaşadan kəsimik. Yəni adı müsavatçı olub, lakin müsavatçılığın nə olduğunu bilməyənlərdən deyilik. Əslində bu gün Ağ Partiyanın ideologiyası da dolayısıyla müsavatçılıqdır.
- Bildiyiniz kimi, Milli Şuranın sədri Cəmil Həsənli həm sizin, həm də prezident seçkilərinə qatılan digər partiyaların ünvanına xoşagəlməz ifadələr işlədib, müxalifət düşərgəsinə xəyanətdə ittiham edib. Bu məsələ ilə bağlı mövqeyinizi öyrənmək istərdik.
- Partiyamızda təmsil olunan şəxslərin əksəriyyətini siyasi arena artıq 10 illərdir tanıyır. Hazırda Ağ Partiyanın rəhbərliyində beynəlxaql təşkilatlar, "Amnesty International” tərəfindən tanınmış 4 vicdan məhbusu var. Yəni biz təsadüfi adamlar deyilik. Gəncliyimizi siyasətdə qoymuş, siyasətə hobbi kimi deyil, peşə kimi yanaşan insanlarıq. Cəmil Həsənlini isə heç vaxt siyasətçi kimi qəbul etməmişik. Hətta 2013-cü ildə biz Milli Şuranın sədrliyinə onun namizədliyini verərkən Azərbaycan siyasi arenasında Cəmil Həsənlinin adı heç bir məna kəsb etmirdi. Yalnız 2005-ci ildə partiyanın qərarına tabe olmayıb parlamentdə oturduğuna görə partiyadan qovulan orta statistik tarixçi, alim kimi yadda qalırdı. O, nəinki Biləcəridən, hətta yaşadığı ərazidən - Yasamaldan o tərəfə tanınmırdı. O zaman mən Müsavat Partiyasının Divan üzvü, Milli Şuranın təsisçilərindən, Cəmil Həsənli kampaniyasını sıfırdan başlayanlardan biri, onun vəkili idim. Əslində Müsavat, AXCP və Milli Şura olaraq onu siyasətə biz gətirmişik. Həmin dönəm Cəmil Həsənli bizim qarşımızda öhdəlik götürmüşdü ki, əgər seçilərsə, o zaman 2 il müddətinə parlament seçkiləri keçirəcək və daha sonra prezidentlikdən istefa verəcək. Eyni zamanda, siyasətdən birdəfəlik gedəcəyinə dair öhdəlik də götürmüşdü, heç bir partiyanın üzvü belə, ola bilməzdi. Qeyd edim ki, Cəmil Həsənli Milli Şuranın sədri postuna siyasətçi kimi deyil, sırf bitərəf ziyalı kimi seçilib. Bildiyiniz kimi, o zaman Milli Şurada Müsavat-AXCP maraqları, qarşıdurması vardı. Buna görə də Cəmil Həsənli Rüstəm İbrahimbəyovun dublyor aktyoru kimi Milli Şuraya sədr seçildi. Sadəcə olaraq, o, bu rola o qədər aludə oldu ki, artıq özünü böyük siyasi xadim hesab edir. Əgər bununla bağlı bir sorğu keçirilsə, onda Milli Şura Cəmil Həsənlini namizəd elan etdiyi günə qədər cəmiyyətdə onun adının xatırlanmadığını müəyyənləşdirmək olar. Eyni üsulla bizim, prezident seçkilərinə qatılan müxalifət partiyaları və onların rəhbərləri ilə bağlı da sorğu keçirmək olar. O zaman hər şey aydın olacaq. Cəmil Həsənli eyforik vəziyyətdədir, onu o qədər atmosferə salıblar ki, artıq kiməsə müxalifət lisenziyası verə biləcəyini düşünür. O, elə zənn edir ki, kimisə müxalifət saya və ya kimisə saymaya bilər. Guya ki, onun fikri kimlər üçünsə önəmlidir. Qeyd etdiyim kimi, mən 18 ildir ki, siyasətlə məşğulam və bu illər ərzində beynəlxalq təşkilatlarla, Azərbaycan hökumətinin nümayəndələri ilə də görüşümüz, debatımız olub, siyasi partiyaların rəhbərləriylə, digər dövlətlərin siyasiləri ilə diskusiya aparmışıq. Lakin buna rəğmən, heç bir halda asmosferə girməmişik, daim yerimizi, həddimizi, hüdudumuzu bilmişik. Adam iki gün bir gecə iki ingilis, bir fransızla görüşüb, indi elə bilir ki, bütün dünyanın nəzəri Cəmil Həsənlidədir və artıq müxalifət lisenziyası paylayır. O, öz keçmişini, 5-6 il öncə nələrlə məşğul olduğunu unudub. Onun sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin hüquqlarını müdafiə komitəsinin rəhbəri kimi redaksiyalara pul daşımasından, parlamentdə mövcud hakimiyyətin təhsil sisteminə verdiyi töhfələrin tərifindən tutmuş, yazdığı kitabların ön sözündə nazirlərə təşəkkürünədək "qəhrəmanlıq"ları var. Buna rəğmən, o, ömrünü müxalifətçiliyə qoyan şəxslərə deyir ki, onlar bizi satıblar. Mən Cəmil Həsənli adda adamı ilk dəfə "Azadlıq" radiosunda bizi Rəsulzadənin ad günü ilə bağlı canlı efirə dəvət edərkən gördüm. Onu verilişə alim, məni isə Müsavat Partiyasının gənclər təşkilatının rəhbəri kimi çağırmışdılar. Həmin vaxt mən Rəsulzadədən, o isə Zərdabidən danışırdı. Rəsulzadənin adını belə, çəkməyə cəsarət etmirdi. Deyəsən, o zaman deputat idi. Yəqin ona görə, ehtiyat edirdi. Buna görə də bu adamın dediklərini ciddiyə almıram. Təəssüf edirəm ki, biz vaxtikən gəncliyimizi vəda edib belələrini tanıtmışıq. Əgər biz zamanında belələrini yox, özümüzü tanıtsaydıq bu gün bu məsələləri diskusiya etməzdik. Ümumiyyətlə, bu gün Azərbaycan siyasəti adından danışanları - Cəmil Həsənli və hakimiyyətdə təmsil olunan bəzi Hadı Rəcəbli kimiləri, yaxud da siyasəti söyüş səhnəsinə çevirən mühacirləri gördükdə təəssüf hissi keçirməmək mümkün deyil. Siyasət bu deyil. Siyasət hər cəmiyyətin elitar peşəsidir, burada səviyyə, qırmızı xətlər, norma və dəyərlər olmalıdır. Siyasətdə "Atam mənə kor deyib, gələn gedəni vur deyib" prinsipi olmamalıdır.
- Sizcə, Cəmil Həsənlinin seçkiyə qatılanlarla bağlı dedikləri onun özünün fikirləridir, yoxsa kənardan kimlərsə ona bu və digər formada təsir edərək, belə bir açıqlama ilə çıxış etməsinə nail olub?
- Əslində mən nəyin necə baş verdiyini yaxşı bilirəm. Lakin indi desəm ki, yox özünün fikri deyil, lider hesab etdiyinin fikridir, o zaman sabah onun lider hesab etdiyi deyəcək ki, Tural bəy, hardan bilirsiniz. Yəni inkar etsə, mən bunu sübut edə bilməyəcəm. Ancaq belə bir misal var: Görünən köyə nə bələdçi. Təbii, hamımız bilirik ki, Milli Şura nədir, AXCP nədir, Cəmil Həsənli və Əli Kərimli kimdir. Onların kim olduğu hamıya bəllidir. Buna görə də nələrisə təkrarlamağa ehtiyac yoxdur. Bununla yanaşı, qeyd etməliyəm ki, Cəmil Həsənlinin siyasi analizi, dəyərləndirmə keyfiyyətlərinin olduğuna inanmıram. O, tarixçi adamdır. Arxivlərdən tarixi faktları toplayıb bir kitab kimi çap edə bilər, ancaq siyasi səhnəni analiz edib situasiyanı dəyərləndirmək, vəziyyətə uyğun addımları müəyyənləşdirmək, yeni fikirlər demək qabiliyyəti yoxdur. Lakin yenə də seçkilərə gedənlərlə bağlı ifadələri Cəmil Həsənli səsləndirdiyinə görə, belə qəbul edək ki, onun fikridir.
Diqqət yetirin, bu gün seçkiyə gedənlər satqın adlandırılır. Halbuki Cəmil Həsənli deputat olduğu dönəmdə də eyni iqtidar və eyni Mərkəzi Seçki Komissiyası idi, indi də eynidir. Mən seçkiyə qatıldıqda da demişdim ki, bu iqtidar hakimiyyətə gəldiyi gündən heç bir seçki ədalətli, demokratik keçirilməyib. Hətta 2005-ci ilə qədər seçki kampaniyasının müddəti uzun idi. 2005-ci ildən sonra isə 6 aylıq seçki müddətini 3 aya endirdilər. Təbliğat-təşviqat kampaniyası 60 gündən 23-24 günə düşdü. Məhz həmin vaxt, yəni 2000-2010-cu illərdə Cəmil Həsənli deputat olub. Adam iki dəfə deputat kreslosunda əyləşib, indi isə seçkiyə qatılanları ittiham edir. Odur ki, boykotçuların mövqeyində heç bir arqument yoxdur. Məsələn, 2008-ci ildə seçkiləri boykot edənlər 2013-cü ildə seçkiyə qatılıb, 2018-də yenidən boykot edirlər. Bu məntiqsizdir. Çünki eyni şərtlərlə keçirilən prosesdə gah iştirak edirsən, gah da boykot edirlər. Seçki həmin seçki, onu keçirən həmin qurumdur, deməli, sənin özün üçün nəsə fərlidir, problem səndədir. Ümumiyyətlə, bu halda ortaya maraqlı sual çıxır. Görəsən, bu gün prezident seçkilərini boykot edənlər parlament seçkilərində iştirak edəcəklər? Məntiqlə parlament seçkilərinə də qatılmamalıdırlar. Gözləyək görən nə olacaq. Lakin indidən sizi əmin edirəm ki, hamısı deputatlığa namizədliyini irəli sürəcək.
(ardı var)
Söhbətləşdi: Vazeh BƏHRAMOĞLU