8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Onlar ilk öncə Seçki Məcəlləsi ilə tanış olmalıdırlar
Prezident seçkisi yaxınlaşdıqca dövlət başçısı postuna iddialı olduqlarını bəyan edənlərin də sayı artır.Onların demək olar ki çox böyük əksəriyyətinin dövlət başçısı olmaq potensialı bir yana, namizəd olmaq potensialları yoxdur. Azərbaycandan kənarda yaşayan, ancaq prezidentliyə iddialı olduğunu diləgətirənRəsul Quliyevin, Hüseyn Abdullayevin və Arif Məmmədovun dövlət başçısı olmaq şansı bir yana, heç namizəd olmaq potensialları yoxdur. Qeyd edək ki, 2013-cü ilin prezident seçkilərində iştirak etmək üçün Mərkəzi Seçki Komissiyasına müraciət edən və imza vərəqləri götürən 21 nəfərdən 10 nəfəri namizədliyin qeydə alınması üçün tələb olunan ən azı 40 min imzanı toplaya bilməmişdi. 6 nəfər isə ümumiyyətlə imza toplama kompaniyasını təşkil etmədən namizəd olmaqdan imtina etmişlər. O zaman namizədlikləri qeydə alınmış bəzi şəxslərə isə hakimiyyətin kömək etdiyi iddia olunurdu. Bunları ona görə qeyd edirik ki, dövlət başçısı postuna iddialı şəxsin geniş resursları olmalıdır. Məsələ ondan ibarətdir ki, Seçki Məcəlləsinin 181.1. maddəsinə görə "Siyasi partiya, siyasi partiyaların bloku və yaxud seçicilərin təşəbbüs qrupları prezidentliyə irəli sürdükləri namizədin müdafiəsi üçün 45 mindən az olmayan sayda seçici imzası toplamalıdırlar. 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza toplanmalıdır”. Üstəlik Məcllənin 181.2. maddəsinə görə "Bir seçici yalnız bir namizədin müdafiəsi üçün imza ata bilər”.
Belə ağır tələblərə cavab vermək üçün ciddi resurslar lazımdır. Həm də bu zaman söhbət ancaq maddi resurslardan getmir. İlk növbədə namizəd olmaq istəyən şəxs insan resurslarına malik olmalıdır. Həm də bu insanlar imza toplamağa qadir və bu işin öhdəsindən gələ biləcək təcrübəyə malik olmalıdırlar. Bunun üçün indi namizədliyini irəli sürən şəxslər hələ bir neçə ay bundan əvvəl təşəbbüs qrupunu yaratmalı, ora seçki prosesindən anlayışı və müəyyən təcrübəsi olan ən azı 100 nəfəri cəlb etməli idilər. Bu 100 nəfər namizədin irəli sürülməsi üçün təşəbbüs qrupunun yaradılması ilə yanaşı ən azı 60 seçki dairəsindən ən azı 50 imza toplayacaq özək yaratmalı idilər. Bunun üçün bir neçə ay öncədən işə başlamlı olan şəxslər, hətta bu gün də bu işləri görməyiblər. Əvəzində isə bir-birlərini təhqir etməklə məşğuldurlar. Məsələn, bu ilki prezident seçkisində iştirak edəcəyini iddia edən sabiq spiker Rəsul Quliyev onun kimi iddiada olan Hüseyn Abdullayev və keçmiş səfir Arif Məmmədovun prezidentlik şansları barədə danışarkən bu şəxslərin heç birində prezidentlik potensialını görmədiyini bildirib: "Açığı iqtidar nümayəndələrinin məni tənqid etmələrinə və haqqımda nəsə demələrinə məhəl qoymuram artıq. Amma özünü bu rejimə muxalif sayan və elə bir ciddi təhdidlə qarşılaşmamasına baxmayaraq, 22 ildir qaçıb Amerikada gizlənən birisinin haqqımda dediyinə çox üzüldüm”.
Bu üç şəxs qüvvələrini birləşdirsə bəlkə, üçündən birinin namizədliyini qeydə alınamsı üçün tələb olunan 40 imzanı toplaya bilərlər. Məsələ ondan ibarətdir ki, bu üç şəxs uzun müddətdir xaricdə yaşayırlar və Azərbaycana gəlməkdən qorxurlar. Özləri ölkəyə gəlməkdən qorxduqları halda onlar üçün kimin ən azı 40 min imzanı toplayacağı məlum deyil.
Əlbətdə, tarixdə elə hallar olub ki mühacirətdə olmasına baxmayaraq öz ölkəsində inqilab edən tarixi şəxsiyyətlər olub. Ancaq buna nail olan şəxslərin çoxsaylı tərəfdarları, təmsil etdikləri ideya olub. Məsələn, Lenin Rusiyada kommunist-bolşevik hərəkatının ideoloqu və lideri olub. İran islam İnqilabının lideri Ayətullah Xomeyninin bir neçə miyon tərəfdarı olub. Rəsul Quliyev, Hüseyn Abdullayev və Arif Məmmədov isə heç bir neçə yüz nəfərlik təşkilata da sahib deyillər.
Bundan başqa Rəsul Quliyev, Hüseyn Abdullayev və Arif Məmmədov informasiya texnologiyalarının verdiyi geniş imkanlardan da yararlanıb, özlərinin virtual şəbəkələrini yarada bilməyən şəxslərdir. Ölkədə güclü təşkilatları olmayan, güclü internet resursları olmayan bu şəxslər nəyə iddia edə bilərlər ki?
Çox güman ki, bu sualın cavabı onların özlərinə də məlumdur. Ancaq özlərinin "siyasətçi” olduqlarını başqa harada göstərə bilərlər ki? Görünür məhz bu səbəbdən də dərhal namizədliklərini irəli sürür və özlərindən başqa heç kimin dövlət başçısına layiq olmadığını bəyan edirlər. Hətta bununla da yetinməyib, namizəd ola biləcəyini iddia edən hər kəsi təhqir edirlər. Ancaq unudurlar ki, bu ilk növbədə özlərinin əleyhinə işləyir. Axı xalqın gözü tərəzidir.
Arzuman Loğmanoğlu,
"Yeni Sözçü” qəzeti