Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Mingəçevir şəhərində yerləşən Azərbaycan İstilik Elektrik Stansiyasında baş verən qəza və ölkənin iki gün işıqsız qalması ciddi problemlər yaratdı. Bu hadisə ölkəmizin enerji təminatında ciddi boşluqların olduğunu göstərməklə yanaşı, dövlət qurumlarının ekstremal vəziyyətlər üçün hazırlıqlı olmadığını, təhlükəli anlarda aciz duruma düşəcəyini ortaya qoydu.
Ölkə başçısı İlham Əliyevin ötən gün son hadisələrlə bağlı keçirdiyi müşavirədə istər enerji, istər səhiyyə, istərsə də digər sahələrdəki vəziyyətlə bağlı narazılığını dilə gətirməsi də ciddi hadisə kimi dəyərləndirilməlidir. Yəni, artıq Prezident səviyyəsində ölkənin strateji sahələrində ciddi problemlərin olduğu bəyan edilir. Təbii ki, bu narazılığın ardınca ciddi cəzaların veriləcəyi, aidiyyatı qurum rəhbərlərinin "vurulacağı” da istisna edilmir.
Bəs cəmiyyət, xüsusilə ictimai-siyasi düşərgə nə gözləyir? Baş verənlər necə qiymətləndirilir?
Bu və ya digər suallarımızı siyasi düşərgənin nümayəndələrinə ünvanladıq.
Mövzu ilə bağlı fikirlərini "Reytinq”lə bölüşən Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevdeyib ki, enerji problemi, yaxud başqa cür adlandırsaq Mingəçevir İES-də baş verən "yanğın”dan sonra yaranmış vəziyyət sistemin boşluğunu ortaya qoyub. Onun sözlərinə görə, bu hadisə ilə məlum oldu ki, hakimiyyətin analoqsuz inkişafdan, hakim komandanın müstəsnalığından danışdığı nağıllar Ovçu Pirimin gopundan başqa bir şey deyilmiş:
"Müharibə aparan dövlətin bütövlükdə bir yarımstansiyadan asılı olması, ölkənin təhlükəsizlik sisteminin bir "yanğın”dan çökməsi nə qədər zəif olduğumuzu göstərir. "Yanğın” sözünü dırnaqda yazmağımın səbəbi hadisələrdən təxribat versiyasına üstünlük verməyimdir. Möhtəşəm hərbi paraddan, türk şahinlərin performansından sonra Mingəçevir olayı, versiyamın doğruluq əmsalını yüksəldir. Lakin necəliyindən asılı olmayaraq, ölkənin daxili güvənliyi düzgün qurulsaydı, belə çöküşə şahidlik etməzdik. Görünən odur ki, mövcud sistem çürüyüb. Daxili ixtilaflar, mafioz qruplaşmalar, hakimiyyət şaqulunun pozulması narahatlığı artırır”.
Partiya sədri bildirib ki, hakimiyyət rıçaqlarının tam olaraq bir ələ keçirmək mübarizəsinə 2008-ci ildən başlansa da, hər dəfə düyün nöqtələrində daxili alternativlər bunun qarşısını alıb: "Yeni mərhələ 2016-cı il referendumundan sonra başlayıb. 11 aprel seçkiləri isə prosesi sürətləndirib. Ailəyə müqavimət göstərən regional qrup hər vəhclə nəzarəti əlində saxlamağa çalışır. Beynəlxalq faktor isə ixtilafın şiddətini artırır. "Köhnə qvardiya” vasitəsilə Azərbaycanı kontrolda saxlayan xarici qüvvələrdən biri, ölkəyə diqtə rıçaqlarını qorumaq niyyətini gizlətmir. Lakin artan gərginlik qətiyyətli olmağı tələb edir. Təəssüf ki, son müşavirə qətiyyət təməlinin zəif olduğunu ortaya qoydu”.
Daha təhlükəli hadisələr baş verə bilər
Ə. Əliyevin fikrincə, real administrativ resurslar regional qrupun inhisarındadır. Çünki Prezident planlara və situasiyaya mütənasib hərəkət etmir:
"Həmin müşavirədə heç bir sərtlik görmədim. İclasda kameraların qarşısında nazirlər göz içinə yalan danışır, günahı bir-birinin üzərinə atırlar, hadisənin mahiyyəti tam açılmır, günahkarın ən böyüyünə utanmaq təklifi verilir. Mənə görə dərhal bir neçə nazir istefaya göndərilməli, barələrində cinayət işi başlamalıydı. Bu olay həm də bir şans idi. Lakin bunun şahidi olmadıq.
Sözsüz ki, dövlət başçısında real vəziyyət barədə məlumat daha çoxdur. Amma elə işlər var ki, orada güzəşt, dostbazlıq olmamalıdır. Dövlət maraqları bunu tələb edir. Mən nə müşavirədə, nə də ondan əvvəl və sonra heç bir adekvat addım görməmişəm. Əgər sərtlik acıqlanmaqdan, üzə deyilən qırmızı yalanın təkzibindən ibarətdirsə, onda yeni Mingəçevirlərin, Gəncələrin, Quba və İsmayıllıların, pambıq zəhərlənmələrinin, ağlımıza gəlməyən hadisələrin şahidi ola bilərik”.
"Hakimiyyət bir neçə "kit” üzərində dayanıb”
VİP sədri bu hadisələrdən sonra yüksək vəzifəli məmurların "vurulacağını” gözləmir: "Yəqin Mingəçevirdə montyor, Gəncədə də bir xeyli dindarı həbs edib işləri qapayacaqlar. Hakimiyyət elitasından kiminsə cəzalanacağını gözləmirəm. Bunun psixoloji səbəbi var: Bu hakimiyyət bir neçə "kit” üzərində dayanıb. Bunlardan biri də dəstəbazlıqdır. Dəstəbazlıqda dəstə üzvləri güvənlikdə olmalıdırlar. Dəstə üzvləri istisnasız cinayətə bulaşıblar. Toxunulmazlıq hissi bu komandanın qanıdır. Çünki cinayəti edən şəxsin güvənliyi olmasa, cinayət edəndə düşünər. Onun düşünməməsi, əmrə müntəzirliyi üçün ən yüksək səviyyədə indulgensiyaya sahib olur. Kiminsə indulgensiyasına son qoyulsa, "gəmi”də panika başlaya bilər. Panika başlasa, "siçovul”lar qaçmağa, "gəmi”ni tərk etməyə çalışacaq. Bu isə hakimiyyətin sonu deməkdir. Ona görə də İlham Əliyev güvənlik "kit”ini narahat etmir: Nə edirsənsə, et, qorxma, heç nə ola bilməz!
Komandada o adamlar cəza alır ki, iki müqəddəsdən birinə, yaxud hər ikisinə iddiaya başlayır: neft və hakimiyyət. Qalan hallarda heç kəsə toxunulmur”.
Ölkənin enerji təhlükəsizliyində ciddi problemlər mövcuddur
ADP sədrinin müavini Taliyət Əliyev isə deyib ki, son günlər ölkənin enerji sektorunda baş verən qəza nəticəsində ölkənin qaranlığa qərq olması, əksər sahələrdə mənfi fəsadlara yol açılması və ciddi problemlər yaratması birmənalı olaraq göstərdi ki, ölkənin enerji təhlükəsizliyində ciddi problemlər mövcuddur. Onun fikrincə, ən narahatedici hal ondan ibarətdir ki, son illər ölkənin enerji təminatının yaxşılaşdırılması üçün bu sahəyə milyardlarla vəsait xərclənib:
"Baş verən qəzaya əsas kimi son günlər havaların həddindən artıq isti keçməsi göstərilib. Amma bu əsaslandırma bütün hallarda tənqidə dözümsüzdür. Qəza gecə saatlarında baş verib. Əgər istilərdən dolayı hədsiz yüklənmədən qəza baş verməli olsaydı, onda, məntiqlə gündüz saatlarına təsadüf eləməliydi. Çünki, gündüz saatlarında bütün müəssisələr işlədiyindən elektrik enerjisindən daha çox istifadə olunur. Bu baxımdan, ortada daha ciddi səbəblərin olması istisna deyil. Bu səbəblərin əsası kimi həmin sahəyə ayrılan milyardların təyinatı üzrə xərclənməməsi və korrupsiyaya uğramasıdır. Günü bu gün həmin sahəyə məsul olan şəxslərin maddi durumu və əmlakları araşdırılsa ortaya ciddi faktlar çıxar.
Biz müharibə vəziyyətində olan bir ölkəyik, enerji təhlükəsizliyimiz "havaların isti keçməsinə” dözmürsə, bu sahəyə məsul şəxslər özlərində zərrə qədər məsuliyyət hiss edirlərsə, istefa verməli idilər”.
Taliyət Əliyev qeyd edib ki, erməni tərəfi dəfələrlə Azərbaycanı Mingəçevir SES-i vurmaqla hədələyib. Bu baxımdan böyük enerji resurslarına malik olan ölkə kimi Azərbaycanın enerji təhlükəsizliyinin yalnız bir SES-dən asılı olması biabırçılıqdır:
"Məsələnin maraqlı tərəflərindən biri də bu hadisənin Azərbaycan ordusunun 20 minlik canlı qüvvə ilə genişmiqyaslı hərbi təlimlər keçirdiyi müddətdə baş verməsidir. Bu təlimlərdən də düşmən tərəfinin nə qədər ciddi narahat olduğu göz önündədir. Bütün qeyd etdiklərimdən dolayı hesab edirəm ki, baş verən hadisələr ciddi araşdırılmalı, ölkəmizin enerji təhlükəsizliyində olan boşluqlar aradan qaldırılmalı, baş vermiş qəzada subyektiv faktorların olub-olmaması dəqiqləşdirilməli və bu qəzada günahkar olan şəxslər məsuliyyətə cəlb olunmalıdır”.
Maraqıdır, bəs belə bir cəzalanmanın olacağı nə dərəcədə realdır?
Sualımızı cavablandıran ADP yetkilisi deyib ki, məntiqlə ciddi cəzalar olmalıdır, çünki bu, sıradan bir məsələ deyil, ölkənin enerji təhlükəsizliyindən söhbət gedir:
"Ölkə başçısının bu məsələyə münasibəti ortadadıır. Qəza ilə bağlı komissiya yaradılıb. Kənar təsirlər olmasa, komissiya qəzanın əsl səbəbini ortaya qoya biləcək. Yəqin ki, bundan sonra günahkarlar cəzalanacaq.
Baş vermiş hadisə nəticəsində nə qədər insan əziyyət çəkib, iqtisadiyyata zərər vurulub, ən böyük ziyan isə ölkənin enerji təhlükəsizliyinin imicinə dəyib ki, bunu bərpa eləmək asan deyil. Ölkə başçısı da bir qəza ilə ölkənin enerji sektorunun tam çökməsini qəbuledilməz sayıb. Bu baxımdan cəzalandırmalar qaçılmaz olacaq. Bir daha qeyd edirəm, bu, sıradan bir məsələ deyil. Ortadakı kiminsə taleyi deyil, dövlətin taleyidir”.
Enerji sektorunda yalan da var, talan da
AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Orucov isə "Reytinq”ə bildirib ki, Mingəçevirdəki "Azərbaycan İES”-də transformatorlardan birində baş verən qəza sıradan bir hadisə deyil. Onun qənaətincə, bu, həm ölkədəki ciddi böhranı, həm siyasi sistemin yarıtmazlığını, həm də Azərbaycanın bütövlükdə etibarlı qorunmadığını üzə çıxarıb:
"İndiyədək hakimiyyət belə acınacaqlı və çıxılmaz vəziyyətlə üzləşməmişdi. Nə də dövlət müdafiəsiz və təhlükəli durumda qalmamışdı. Fəlakət, qəza ola bilər. Fəlakətlərdən və qəzalardan da heç bir dövlət sığortalanmayıb. Lakin Azərbaycan İES-də baş verənələri dövlətin fəlakəti, iqtidarın isə qəzası olaraq qiymətləndirmək lazımdır.
Bir transformatorda yanğın bütün ölkəni iflic etdi. Sanki həyatı durdurdu. Son illər Azərbaycanın elektroenergetika sahəsinə milyardlara manat investisiya qoyulub, dotasiyalar verilib. Hələ onu da nəzərə almıram ki, ölkənin elektrik enerjisi tələbatının 85-90 faizi istiliklə işləyən stansiyalar ödəyir. Bu stansiyalarda da külli miqdarda üzvi maddələr, mazut, qaz və s. dünya standartları normasından iki dəfə artıq sərf edilir. Konkret desək, 1kvs. elektrik enerjisinin alınması üçün şərti yanaşaq 200-250 qram lazım olursa, Azərbaycanda 380-400 qram götürülür. Bu isə talançılıq, israfçılıqdır.
Son bir neçə il ərzində təkcə bu sahənin yenidən qurulmasına, bərpa-təmir, tikinti işlərinə 5 milyard manatdan çox sərmayə yatırılıb. İndi məlum olur ki, həmin vəsaitlər də mənimsənilib”.
Müsahibimiz hesab edir ki, baş verən qəza bütün dövlət strukturlarının səhlənkarlığını və təhlükəli vəziyyətə hazırsızlığını ortaya qoyub. Partiya yetkilisinin sözlərinə görə, yaranmış vəziyyət müharibə şəraitində olan bir dövlətin fövqəladə vəziyyətlərə və bu tipli qəzalara hazır olmadığını göstərir:
"Faktiki olaraq ölkə iki gün tam müdafiəsiz qaldı. Bu, fəlakətdir! Bütün dövlət Mingəçevirdəki İES-in qəzası qarşısında aciz qaldı, çökdü. Mingəçevirlə düşmənin təmas xəttindəki məsafə isə təxminən 100-150 km-dir. Yəni düşmənin xırda bir təxribatı, yaxud da hədəfi Azərbaycanın müdafiə və təhlükəsizlik qabiliyyətini, iqtisadiyyatını, sənayesini, sosial, ictimai, hətta məişət həyatını durdura bilər. Buna kimlər cavab verməlidir?! Hanı Azərbaycanın elektroenerji təhlükəsizliyi, milli təhlükəsizliyi? Dövlət və xalq beləmi qorunur?
Təbii ki, belə suallar çoxdur və buna cavab verilməlidir. Qəribəsi odur ki, heç kəs nə baş verdiyini, niyə baş verdiyini cəmiyyətə demir. Narahat və nigaran qalan milyonlarla vətəndaşa bunun izahı verilmir.
Prezident qəzanın baş verməsi və aradan qaldırması ilə bağlı sərəncam verdi və 4 iyulda müşavirə keçirdi. Təəssüfər olsun ki, ölkə vətəndaşları gözləntilərini ala bilmədi. Hər kəs məsuliyyəti yalnız bir nəfərin - "Azərenerji”nin rəhbəri Etibar Priverdiyevin üzərinə atdı. Halbuki bu qəzada əksər hökümət üzvlərinin məsuliyyəti var. Yaxşı olardı ki, Dövlət Təhlükəsizlyi Xidməti vaxtını "jurnalist ovuna” ayırmaqdansa, milli təhlükəsizliyimizin qorunmasına diqqət edəydi. İnformasiya texnologiyalarının sürətli inkişaf etdiyi indiki dövrdə informasiya təminatı sıstemini mühafizə etmək və qorumaq Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifəsidir. Yəni elektroenergetika sisteminin informasiya təminatı da qorunmayıb. İnternet, yaxud da digər texnologiyalarla bu sistemi dağıtmaq, qəzalı hala salmaq mümkünmüş”.
Ə. Orucov əlavə edib ki, hər bir müəssisədə, obyektdə təhlükəsizlik və fövqəladə, qəza halları ilə bağlı məsul şəxslər olmalı və hər kəs belə fors-major hallarda nə iş görəcəyi barədə təlimatlandırılmalıdır. Eyni zamanda, ehtiyat elektik enerji mənbələri, yanğısöndürmə xətləri və vasitələri, generatorlar və s. olmalıdır. Bunların heç biri demək olar ki, yoxdur. Xüsusən də, həyatı əhəmiyyətli müəssisələrdə və obyektlərdə, o cümlədən, müdafiə, təhlükəsizlik alanlarında, xəstəxanalarda, metrolarda, su-kanalizasiya sistemlərində və s.
"Müşavirədə etiraf olundu ki, bu müəssisələrdə generatorlar və alternativ elektrik mənbələri quraşdırılmayıb. Faciədir! Açığı, mən gözləyirdim ki, həmin müşavirədə bəzi məmurlar, o cümlədən səhiyyə, dövlət təhlükəsizliyi, fövqəladə və s. dövlət qurumlarına rəhbərlik edən şəxslər cəzalandırılacaqlar. Amma əksi baş verdi və hətta "Azərenerji”nin rəhbəri də "utanmalısan” kəlməsi ilə cəzadan yaxasını qurtardı. Hansı ki, o şəxs elə müşavirə zalından həbsxanaya göndərilməli idi. Bunun əvəzində isə o, Dövlət Komissiyasının tərkibində qəzanın başvermə səbəblərini və qəzanın nəticələrini aradan qaldıracaq”, – deyə müsahimiz söyləyib.
"Məmurlar təkcə xalqa deyil, prezidentə də yalan danışırlar"
AMİP funksioneri təəssüflə qeyd edib, bu günədək hesabatlılıq və məsuliyyət yoxdur, qəza ilə bağlı dövlətə nə qədər maddi ziyan vurulduğu açıqlanmayıb, hansı tədbirlərin görüldüyü məlum deyil. Onun sözlərinə görə, ümumi götürdükdə bu, bir daha göstərdi ki, mövcud iqtidar özünün yarıtmaz və acgözlüyü ilə Azərbaycanı qəzalı vəziyyətə salıb: "Bu, elə bir vəziyyətdir ki, fəsadlarını uzun illər aradan qaldırmaq mümkün olmayacaq. Bunlar dünənin, bu günün problemləri deyil, uzun illər üst-üstə yığılıb”.
Ə.Orucovun sözlərinə görə, ən acınacaqlı hallardan biri də odur ki, məmurlar təkcə xalqa deyil, prezidentlərinə də yalan danışırlar. Heç kəs məsuliyyətsizliyinə, yarıtmaz fəaliyyətinə görə cəzalandırılmır, barələrində tədbir görülmür. Sanki cəza mexanizmi hakim elitanın gözəgörünməz zirehini keçə bilmir və bu, aşağı təbəqənin iliyinə kimi gedir. "İnsafən, mərhum prezident H. Əliyevin dönəmində belə anarxiya, belə özbaşınalıqlar yox idi. Prezident bütün sahələri, bütün hadisələri nəzarətdə saxlaya, tədbirlər görə bilməz. Prezident, səhiyyə nazirinin, Metropoliten rəisinin, yaxud da digər struktur rəhbərlərinin əvəzinə fars-major, fövqəladə və qəzalı vəziyyətlərə hazır olmalı, onların yerinə generatorlar alıb quraşdırmalı deyil. Lakin səhlənkar, öz vəzifəsinin öhdəsindən gələ bilməyən məmurları cəzalandırmalı, onların barəsində ölçü götürməlidir”,- deyə politoloq sözlərini tamamlayıb.