8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Sozcu.info APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə jurnalistlərin iştirakı olmadan keçirilən prosesdə zərərçəkmiş "Süleyman Transport" MMC-nin təsisçisi Fikrət İbrahimov ifadə verib. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirib ki, MTN əməkdaşları tərəfindən külli miqdarda pulu əlindən alınıb.
İfadəyə əsasən, F.İbrahimov dostu vasitəsi ilə tanıdığı Vidadi Hüseynova 300 min manat pul verərək, "Qala" MMC-yə məxsus Quba rayonu Vəlvələ çayında olan daş karxanasına şərik olub. 2014-cü ildə Qazaxıstanda olarkən ona gizli nömrədən zəng gəlib. Özünü Mübariz kimi təqdim edən şəxs MTN-də çalışdığını qeyd edib. Mübariz Fikrət İbrahimovu təcili MTN-ə çağırıb. Fikrət İbrahimov ertəsi gün Qazaxıstandan gələrək MTN-ə gedib. Mübariz ona Akif Çovdarovun işçisi olduğunu deyib. Fikrət İbrahimov deyib ki, Mübariz ondan "Süleyman Transport" və Qala MMC-nin fəaliyyəti, gəlirləri, direktoru və təsisçiləri haqqında məlumat almağa başlayıb: "Mübariz dedi ki, sizin xarici ölkələrdən yük daşımasında nöqsanlarınız var, cinayətkar fəaliyyət göstərirsiniz. O, həmçinin yükdaşıma şirkətinin sahibi Rəşad Babazadə haqqında mənə suallar verdi. Dedim ki, Rəşad dostumun tanışıdır, 2011-ci ildə mənim yanımda çalışıb, sonra çıxıb gedib, sonrakı fəaliyyətindən xəbərsizəm. Mübariz dedi ki, şirkətinin adını niyə "Süleyman Transport" qoymusan. Çox primitiv suallar verirdi. Mən başladım gülməyə. Əsəbləşdi, mənə dedi ki, "sən bilirsən, hansı təşkilata gəlmisən, sən MTN-in gücünü bilmirsən". Təxminən 1 saatdan sonra Rəşadı da yanıma gətirib üzləşdirdi. Rəşad da mən deyənləri dedi. Mübariz kiməsə zəng edib otağa çağırdı. Bir müddətdən sonra Akif Əliyev içəri girdi. O, başladı hədə və şantaj xarakterli suallar verməyə. Dedi, işini yoxlatdırıb səni də, Vidadi Hüseynovu da həbs edəcəm. Mübariz məndən izahat almağa başladı, axşam üstü saat 6-da məni dedi, get, səhər 10-da mühasibatlıq sənədləri ilə gəl". Zərərçəkmiş şəxs qeyd edib ki, həmin gün MTN-dan çıxaraq şəriki Vidadi Hüseynova zəng edib: "Vidadiyə zəng elədim, Almaniyada olduğunu dedi. Dedim ki, MTN şirkətdə yoxlama aparır. O, heç nə demədi. Mübariz 3 gün məni MTN-in binasına çağırdı. İzahatlar aldı. Sonra məni nazirliyinin yanındakı poliklinikanın yanında görüşə çağırdı. Getdim. Birbaşa olaraq məndən 30 min manat pul istədi. Bildirdi ki, pulu verməsəm, məni həbs edəcəklər. Onunla söhbət edib 12 minə razılaşdıq. Ordan çıxıb polis rəisi olmuş dostum Bəhramın yanına getdim. Xahiş etdim ki, pulu verməyə birlikdə gedək. Səhəri gün maşınımla MTN-in qabağındakı dayanacağa gəldim. Mübarizə zəng vurdum. Aşağı gəldi. 12 min manatı qəzetə bükülmüş şəkildə Mübarizə təqdim elədim". Zərərçəkən şəxs ifadəsində MTN polkovniki Akif Əliyevin onu otağına çağırdığını deyib. F.İbrahimov bildirib ki, Akif Əliyev otaqda onu hədələyib: "Akif otağa girən kimi üstümə düşdü. Dedi, "biz sənə tapşırmışdıq ki, bizə verdiyin pulun səsi çıxmasın, sən kimsən ki, bu söhbəti yayırsan. Hələ MTN-in adından da istifadə edib dələduzluq edirsən". Akif Əliyev hətta Akif Çovdarovun məndən narazı olduğunu, bütün fəaliyyətimin yoxlanacağını və həbs ediləcəyimi dedi. Bir neçə gün keçdi. Akif Əliyev yenə məni MTN-ə çağırdı və belə dedi: "Akif Çovdarovun səni bağışlaması üçün 100 min manat verməlisən". O qədər pulumun olmadığını dedim. 50 min manatda razılaşdıq. Səhəri gün 40 min manatı birtəhər düzəltdim. Anara zəng elədim. Nazirliyinin yanında olan 20 nömrəli məktəbin yaxınlığında görüşdük. 40 min verdim dedim ki, 10 min əskikdir. Anar zəng edib, məsələni Akif Əliyevə dedi. 10 minə görə bir neçə gün vaxt verdilər. Üstündən 3-4 gün keçmiş Anar yenə zəng elədi, 10 min verməli olduğumu yadıma saldı. Səhər nazirliyin qabağına gələrək, qəzetə bükülmüş şəkildə 10 mini də verdim". Fikrət İbrahimov özünü ona Mübariz kimi təqdim edərək birinci dəfə ondan 12 min manat alan şəxsin sonradan nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin 3 şöbəsinin sabiq rəisi Orxan Osmanov olduğunu bilib: "Mənə müxtəlif fotoşəkillər göstərdilər, Mübariz kimi tanıdığım şəxs, sən dəmə, Orxan Osmanov olub".
Proses davam edir.
Qeyd edək ki, Ş. Qurbanov istintaq zamanı ifadəsində 500 min dollar, 380 min dollarlıq brilyantı A. Çovdarova verdiyini deyib. Qeyd edək ki, təqsirləndirilən şəxslər - Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.