8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Keçmiş işçiləris onları həbsdən qurtarmağı tələb edir
Hazırda həbsdə olan Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyevlə keçmiş işçilərindən olan Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov arasında qovğa yaşanır. Bu haqda redaksiyamıza daxil olan məlumatda deyilir ki, keçmiş işçiləri Mövlam Şıxəliyevdən onları həbsdən qurtarmalarını tələb edirlər. Deyirlər ki, işçisi olduqları dövrdə onun verdiyi göstərişləri, rəsmi və qeyri-rəsmi əmrlərini icra ediblər.
Hər 3 şəxs Mövlam Şıxəliyev Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinə rəhbərlik etdiyi dönəmdə orada çalışıblar. Vüsal Ələkbərov istintaq idarəsinin 2-ci şöbəsinin rəisi, Yasin Məmmədov istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi, Sahib Ələkbərov isə istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini vəzifəsini tutublar. Mövlam Şıxəliyev 2021-ci ilin aprelində həbs olunaraq ona və hər 3 keçmiş işçisinə vəzifə cinayətləri ilə əlaqəli ittiham irəli sürülüb. Ötən ilin oktyabrında barələrindəki cinayət dosyesi Bakı Hərbi Məhkəməsinə göndərilib.
Məlumata görə, iş məhkəməyə daxil olandan sonra keçmiş işçiləri ilə Mövlam Şıxəliyev arasında razılaşma əldə olunub. Sabiq rəis işçiləri sakitləşdirərək barələrində şərti cəzaların çıxarılacağını vəd edib. Bildirib ki, iş üzrə 32 zərərçəkənlə onun yaxınları razılaşacaq və vaxtilə onlara vurulmuş ziyan ödəniləcək. Məhkəməyə gəlincə isə Mövlam Şıxəliyev işçilərinə deyib ki, hakim Elbəy Allahverdiyevlə münasibətləri yüksək səviyyədədir, məhkəmə sədri Həbib Həsənovla da yaxşı münasibətləri var. Onları şərti cəza veriləcəyinə inandırıb və sakit oturub prosesin sonunu gözləmələrini tapşırıb.
Qaynağımızın sözlərindən belə aydın olur ki, proses Mövlam Şıxəliyevin proqnozlaşdırdığı kimi getməyib. Zərərçəkənlər onun gözlədiyinin əksinə olaraq israrla məhkəmə prosesinə qatılıb, MTN-də rəhbər vəzifələrdə çalışarkən M.Şıxəliyev və onunla birgə təqsirləndirilən hər 3 şəxsin barəsindəki ittihamları təsdiq edən ifadələr verib, onların üzünə qarşı cinayətlərini açıq-aşkar deməkdən çəkinməyiblər. Nəticə etibarı ilə dövlət ittihamçısı Mövlam Şıxəliyevlə bərabər hər 3 keçmiş işçisinin barəsində ittihamedici hökm çıxarılmasını tələb edib. Onların hər birinin cəzalarını cəzaçəkmə müəssisəsində çəkmələrini istəyib. İyulun 26-da dövlət ittihamçısının bu çıxışından sonra hakim Elbəy Allahverdiyev 1 ay 5 günlük fasilə elan edib. Azərbaycan məhkəmələrində adətən dövlət ittihamçısının çıxışından sonra maksimum 10 gün fasilə olur. Mövlam Şıxəliyev və digər 3 işçisinin işi üzrə isə hakim 3 qat artıq fasilə elan edib. Qaynağımız deyib ki, hakim bunca uzun bir fasilə verməklə Mövlam Şıxəliyevə zərərçəkənlərlə dil tapmağa şərait yaradıb. Lakin Mövlam Şıxəliyev ötən müddət ərzində bu istiqamətdə hər hansı bir addım atmayıb. Mövlam Şıxəliyevlə birgə məhkəmə qarşısına çıxarılan keçmiş işçiləri gedişatdan ciddi şəkildə narahatdırlar.
Qaynağımız bildirib ki, onlar hər gün Mövlam Şıxəliyevin evinə gedir, keçmiş rəislərinin yaxınlarından onları məhbəsdən qurtarmaq üçün tədbir görmələrini tələb edirlər. Konkret olaraq iş üzrə zərərçəkənlərə vurulan zərərin ödənməsini istəyirlər. Hesab edirlər ki, bu halda məhkəmə onlar bərəsində daha yüngül cəza təyin edə bilər, şərti cəza ilə canlarını həbsdən qurtara bilərlər. Mövlam Şıxəliyev isə müqavimət göstərir, keçmiş işçilərinə xəbər göndərib ki, 1 qəpik də olsa, zərərçəkənlərə zərərin qarşılığını ödəmək fikri yoxdur.
Azərbaycanda məhkəmə praktikası belədir ki, iş üzrə zərərçəkənlərə təqsirləndirilən şəxs tərəfindən vurulan zərər ödənilmirsə, bir qayda olaraq ittihamedici hökm çıxarılır. Belə cəza müddətlərini mühakimə olunmuş şəxslər adətən məhbəsdə, dəmir barmaqlıq arxasında keçirirlər.
Bu o deməkdir ki, Mövlam Şıxəliyev və onunla birgə mühakimə olunan şəxslər məhkəmə hökmündən sonra zalda qandallanıb cəzaçəkmə yerlərinə göndəriləcəklər. Xatırladaq ki, iyulun 26-da keçirilən son prosesdə dövlət ittihamçısı Vüsal Əliyev təqsirləndirilən şəxslərə cəza istəyib. Dövlət ittihamçısı Mövlam Şıxəliyevin 14 il, Vüsal Ələkbərovla Yasin Məmmədovun 12 il, Sahib Ələkbərovun isə 10 il müddətinə azadlqıdan məhrum edilmələrini tələb edib. Qeyd edək ki, Mövlam Şıxəliyev xaric, digər 3 təqsirləndirilən ibtidai istintaq və məhkəmənin keçirildiyi 10 aya yaxın müddətdə azadlıqda olublar. Dövlət ittihamçısı Mövlam Şıxəliyev və digərlərinin rütbələrinin alınmasını, əmlaklarının müsadirə edilməsini, onları qarşı zərərçəkənlər tərəfindən qaldırılan mülki iddiaların təmin olunmasını da məhkəmədən tələb edib. Proses iyulun 30-na qədər təxirə salınıb. Mövlam Şıxəliyev 2021-ci ilin aprelində həbs olunub. Keçmiş MTN vəzifəliləri ümumilikdə 14 milyon 292 min manat rüşvət almaqda, hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatlıq pulunu, əmlakını ələ keçirməkdə ittiham olunur. Onlara qarşı Cinayət Məcəlləsinin 182 (hədə-qorxu ilə tələb etmə), 294 (sübutları saxtalaşdırma), 311 (rüşvət alma) və 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrilə ittiham irəli sürülüb. Təqsirləndirilən Vüsal Ələkbərov bundan əvvəl 2015-ci ildə hədə-qorxu ilə tələb etmə, rüşvət alma və başqa əməllərdə təqsirli bilinərək, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilmişdi. Bakı Apelyasiya Məhkəməsi onun cəzasını 5 ilə endirdi. Təqsirləndirilən Yasin Məmmədov MSK-nın keçmiş sədr müavini Natiq Məmmədovun qardaşıdır.
Sabiq MTN-çilər iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda, saxta ittihamlarla cinayət məsuliyyətinə cəlb etməkdə təqsirləndirilir. Lakin onların heç biri ittihamları qəbul etmir.“Yeni Müsavat”