8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Əyalətlərə təyinat alanlar əsasən əvvəllər iqtisadi sektorda çalışanlardır.
Son günlər ölkədə bir neçə rayonun icra başçıları dəyişdirilib. Belə ki, Suraxanı, Oğuz, Qusar və Daşkəsənə yeni icra başçıları təyin olunub. Bundan bir qədər əvvəl yaşı ötmüş bir neçə icra başçısı da vəzifəsindən kənarlaşdırılmış, onları əsasən gənc kadrlar əvəz etmişdi. Daha bir maraqlı məqam əyalətlərə təyinat alanlar əsasən əvvəllər iqtisadi sektorda çalışanlardır. Qeyd edək ki, hazırda işğaldan azad edilmiş rayonlarda xüsusi nümayəndəlik institutu fəaliyyət göstərir. Dövlət başçısının sərəncamı ilə yaradılmış yeni institut faktiki olaraq bütün idarəetmə mexanizmini həyata keçirir. Qısa müddət ərzində fəaliyyət göstərməsinə rəğmən bu institutun özünü doğrultduğunu söyləmək mümkündür. İddialara görə, icra hakimiyyətlərinin parlament seçkilərindən sonra keçiriləcək referendumla ləğv ediləcəyi gözlənilir. Bəs bu kadr dəyişikliklərini ekspertlər necə şərh edir?REAL Partiyasının sədr müavini, tanınmış iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, “Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında Əsasnamə” 2021-ci il fevralın 4-də ölkəmizin Prezidenti tərəfindən imzalanmış fərmanla təsdiq edilib. İndiyədək xüsusi nümayəndəlik institutu işğaldan azad edilmiş rayonlarımızda və Naxçıvanda idarəetmə institutu olaraq tətbiq edilib. Lakin Prezidentin xüsusi nümayəndəliyi ilə yanaşı, işğaldan azad olunmuş rayonların yerli icra hakimiyyətləri də fəaliyyətlərini davam etdiririlər. Əslində sovet dövrünün rayon partiya komitələrinin başqa adla təkrarına bənzəyən icra hakimiyyəti intitutu ləğv edilməli 14 iqtisadi rayonda Prezidentin xüsusi nümayəndəliyi institutu tətbiq edilsə daha səmərəli olar. Buna nə zaman gediləcəyi bəlli deyil. İcra başçılarının dəyişdirilməsi prosesinin son zamanlar yenidən başlanması onu deməyə əsas verir ki, yaxın zaman üçün qeyd etdiyimiz addım atılmayacaq. İcra başçılarının dəyişdirilməsi isə davam edəcək. Şübhəsiz ki, Azərbaycan Konstitusiyasının dəyişikliklərinə ehtiyac var. İdarəetmə dəyişiklikləri üçün ana qanunda dəyişikliklər zəruridir. Eyni zamanda bələdiyyələrin səlahiyyətləri artırılmalıdır. Türkiyədəkinə bənzər yerli özünüidarəetmə sistemi tətbiq edilməlidir. Dayanıqlı ölkə qurmağın yolu budur". Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə bildirdi ki, ölkə başçısının yeni icra başçıları təyin etməsi, kadr islahatlarının tərkib hissəsidir və davam edəcək. Amma icra hakimiyyət sistemi effektli idarəetmə sistemi kimi indiki mərhələdə standartlara cavab vermir: “Cənab Prezident icra başçılarını tez-tez dəyişir ki, yerlərdə idarəetmədə yüksəlişə nail olunsun. Ancaq bəzən görürük ki, yeni təyin olunanların da bəziləri sələflərinin acı taleyindən nəticə çıxarmırlar, yaxşı işləmirlər. Prezidentin xüsusi nümayəndəliyi institutu və səlahiyyətləri böyük olan bələdiyyə idarəetməsi institutu daha effektlidir. Hesab edirik ki, ölkədə ən uzağı gələn il referendum keçiriləcək və konstitusiyada dəyişikliklər ediləcək. Dəyişikliklər yerlərdə inzibati idarəetmə bölgüsü və institutlarına da tətbiq ediləcək. Bələdiyyələrin səlahiyyətləri artırılmalıdır. Eyni zamanda işğaldan azad edilmiş rayonlarımızda tətbiq olunan nümayəndəlik institutu sistemi də uğurludur. Yəqin ki, gələcəkdə rayon icra hakimiyyətlərini onlar əvəz edəcəklər. Əlbəttə ki, kadr dəyişikliyinin davam etməsi prosesi bundan sonra da gedəcək. Düşünürəm bu daha çox keyfiyyətə xidmət etməlidir. Həmçinin yerlərdə seçkili orqanlara üstünlük vermək lazımdır. Türkiyə təcrübəsindən istifadə edilsə daha yaxşı olar”. Qeyd edək ki, bəzi icra başçıları on il və daha artıq müddətdir eyni bölgədə icra hakimiyyətinin başçısı postunu tutur.2014-cü ildən Müstəqim Məmmədov Tərtərin, 2013-cü ildən Vasif İmanov Bakının Pirallahı rayonunun icra başçısıdır.2012-ci ildən Tofiq İbrahimov Ağdaşa, Arif Ağayev Astaraya, Xəzər Aslanov Xızıya, Taleh Qaraşov Lənkərana, Adil Vəliyev Bakının Sabunçu rayonuna, 2011-ci ildən İslam Rzayev Balakənə, Vidadi İsayev Bərdəyə, Alı Alıyev Füzuliyə, Adil Məmmədov Qobustana, Elxan Usubov Şəkiyə, Ramiz Həsənov Zəngilana, 2010-cu ildən Süleyman Mikayılov Bakının Qaradağ rayonuna, Musa Şəkiliyev Qaxa, Səbuhi Abdullayev Qəbələyə rəhbərlik edir.2009-cu ildən Mübariz Əhmədzadə Zaqatalanın, 2001-ci ildən Malik İsaqov Qubadlının, 2000-ci ildən Şahmar Usubov Xocalının icra başçısı vəzifəsindədir. Eyvaz Hüseynov Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı postuna 1992-ci ildə təyinat alıb./“Yeni Müsavat”