25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Qabil Hüseynli: "Türkiyənin bütün müsəlman dünyasının problemləri ilə məşğul olması qeyri-mümkündür”
"Mən belə hesab edirəm ki, Türkiyə öz daxili problemləri ilə məşğul olmalıdır, bütün müsəlmanların problemi ilə yox. Qoy, bir az da Səudiyyə Ərəbistanı müsəlmanların problemi ilə məşğul olsun...”
Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan sentyabrın 23-27-də BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak etmək məqsədilə ABŞ-da səfərdədir. Səfər çərçivəsində Türkiyənin dövlət başçısı türk və müsəlman ictimaiyyəti ilə görüşüb. Nyu-Yorkda türk və müsəlman ictimaiyyətinə müraciət edən Ərdoğan çıxışında ABŞ-a və onun müttəfiqlərinə dəqiq mesajlar verib.
Ərdoğan çıxışında bildirib: "Son İdlib böhranında olduğu kimi, tək bir nəfərin belə burnunun qanamaması üçün diplomatik sahədə intensiv səylər göstərdik. Bu cəhdlərimizin bəhrəsini görməyə başladıq”.
Əslində, Türkiyə dövlət başçısı, dediyi kimi də, İdlibdə təhlükəsiz bölgənin yaradılmasına nail oldu. Rusiya prezidenti ilə son Soçi görüşündə Ərdoğanın və Türkiyənin diplomatik uğuru regionun savaşdan qurtulmasına səbəb oldu ki, bu da nəticə etibarilə insan faciəsinin qarşısını aldı. Görünür, Rusiya ilə razılaşdırılan bu diplomatik uğur Ərdoğanı ruhlandırıb. Türk və müsəman ictimaiyyəti ilə görüşdə Ərdoğan "İnşallah qarşıdakı dövrdə Fəratın şərqini də əhatə edəcək şəkildə, Suriyanın daxilindəki təhlükəsiz bölgələri artırmağa davam edəcəyik”,-deyə ABŞ-da bəyan edib.
Nəzərə alsaq ki, Suriyada ABŞ və onun müttəfiqlərinin də marağı var, o baxımdan, Ərdoğanın bu bəyanatı düşmənlərinin təşvişə düşməsinə səbəb ola bilər. Həmçinin Türkiyə dövlət başçısının "Ölkəmizə qarşı terror təhdidinə son qoyulana, Suriyanın gələcəyinə qəsd edən cinayətkar şəbəkələrin kökünü qazıyana qədər mübarizəmizi davam etdirəcəyik”, - deməsi də PKK və onun uzantıları olan YPG, PYD terror qruplarına, eyni zamanda onları himayə edənlərə ciddi mesajdır. Nəzərə alanda ki, adı keçən terror qruplarını himayə edən ABŞ-dır, o zaman Türkiyənin regionda istədiklərinə nail olması suallar doğurur. Çünki Amerika kimi super-güclə regionda üz-üzə gəlmək özü Türkiyə üçün təhlükədir. Amma Ərdoğanın bu bəyanatları Amerikadan bəyan etməsinin özü də cəsarət tələb edir.
Türkiyə dövlət başçısının "İlk qibləmiz olan Qüdsü işğalçıların və Fələstinlilərə dövlət terroru həyata keçirənlərin ehtiraslarına buraxmayacağıq”, - deməsi də aşkar Türkiyə ilə ABŞ-ın qarşı-qarşıya gəlməsinə şərait yaradır. Amma Türkiyənin ciddi sosial-iqtisadi və Suriya və İraqda sərhəd təhlükəsizliyi varkən Qüds problemini də üstlənməsi Türkiyə üçün asan deyil.
Ərdoğan "İsrail və Amerika rəhbərliklərinin Qüdsün izzətini və şərəfini ayaqlar altına alan təcavüzlərinə qarşı mübarizəmizi diplomatik yöndə ən yüksək səviyyədə verəcəyik”,- desə də, Amerikanın İsraildəki səfirliyinin Qüdsə köçürülməsi artıq faktdır. Artıq bir neçə ölkənin Qüdsü İsrailin paytaxtı kimi tanıması da dünyaya bəllidir. Ona görə, Ərdoğanın diplomatik yöndə mübarizə aparmasının bundan sonra bəhrə verməsi də cavabı bəlli olmayan sualdır.
Ərdoğan məzlum müsəlamanlara arxa olmaq istəsə də, dünyada müsəlman, xüsusən də ərəb ölkələrinin çoxunun Amerikanın "otur-dur” əmri ilə hərəkət etməsi hər kəsə bəllidir və müsəlmanların birliyinin olmaması da nəticə etibarilə müqəddəs Qüds şəhərinin İsrailin nəzarətinə keçməsinə gətirib çıxardı. Yəni tək Türkiyənin gücü bu məsələdə yetərli deyil.
Suriya və Fələstində baş verənlərə işarə edərək çıxış edən Ərdoğan "Bütün bu problemlərin düyünə düşməsində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası kimi qlobal sülh və sabitliyin təminatçısı olan təşkilatların acizliyini əlbəttə, qəbul edirik. Bu təşkilatların qurumlarının çox vaxt qlobal sülhdən çox, müəyyən qüvvələrin maraqlarının qorunmasına xidmət etdiklərini bilirik”, - deyib. Əslində, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının acizliyi nəinki Fələstin, Qüds məsələsində, eyni zamanda Dağlıq Qarabağ məsələsində də özünü göstərir. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın Azərbaycan torpaqları olmasını təsdiq edən 4 qətnaməsi olmasına rəğmən, bu gün də Azərbaycan torpalarının işğaldan azad olunmaması BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlaırn kağız parçasından başqa bir şey olmadığının göstəricisidir.
Nəzərə çatdıraq ki, Türkiyə dövlət başıçısı ABŞ-da Türk-Amerika İstiqamətləndirmə Komitəsinin (TASC) təşkil etdiyi tədbirdə böyük bir coşqu ilə qarşılanıb. Bu da onun türk-müsəlaman dünyasına qayğısının, diqqətinin nəticəsidir. Tədbir iştirakçıları əllərində "We love Ərdoğan” (Ərdoğanı sevirik), "We Love Türkiyə” (Türkiyəni sevirik) yazılı plakatlar və türk bayraqları ilə prezident Ərdoğanı salamlayıblar. Tədbirdə ABŞ Müsəlman Təşkilatları Şurasının baş katibi (USCMO) Usamə Camal Türkiyənin müsəlman ümmətinə etdiyi yardımlar və Qərblə qurduğu güclü əlaqələrlə özünü inkişaf etdirdiyini bildirərək, "Yüksək bədəllər ödəmək məcburiyyətində qalsa belə, Türkiyə məzluma sahib çıxdı. İndi də öz müasir tarixini yazır. Arakanda, Yəməndə, Suriyada və hər yerdə”, - deyib.
Türkiyənin Rusiya ilə Soçi razılığını xatırladan Camal "Dünyanın 5 super gücü İdlibdəki böhrana bir çözüm tapa bilməzkən, bunu siz etdiniz. Dünyanın həqiqətən 5-dən böyük olduğunu göstərdiniz”,- deyə bildirib.
Türkiyə və ABŞ arasında son dövrdə yaşanan gərginliyə də toxunan Camal "ABŞ-da müsəlmanlar olaraq Türkiyə və ABŞ-ın bir an əvvəl bir razılığa gəlməsi üçün dua edirik”,- deyib.
New-York Məclisinin sədri Abdel Hafid də buradakı çıxışında Türkiyədəki 25 iyun seçkilərini yaxından təqib etdiyini bildirərək "Türk insanını bir seçkinin necə keçiriləcəyini göstərdiyi üçün təbrik edirəm”,- deyib.
ABŞ-dakı Müsəlmanların İslama qarşı tətbiq edilən zülmə və İslamofobiyaya qarşı çıxmağa davam edəcəyinə və bu məsələdə Türkiyəni nümunə aldıqlarına işarə edərək, "Türkiyə dünyadakı bütün müsəlmanların qardaşıdır",- deyə söyləyib.
Görüş zalında 1200-dən çox iştirakçı varkən, mindən çox adam də zalın kənarında gözləyib.
Görüş davam edərkən prezident Ərdoğanın yanına gedərək onunla bir müddət söhbətləşən Fələstinli Əbu Bəkr Serag isə "Anadolu” Agentliyinə açıqlama verib.
Kaliforniadakı Glendale İslam Mərkəzinin sədri olan Serag "Çox xoşbəxtəm ki, bu mənim üçün bir yuxudan daha çox bir şeydir. Bunun gerçək olduğuna da inana bilmirəm”, - deyib.
Serag "78 yaşım var və həyatım boyu heç bir lideri sevmədiyim qədər Ərdoğanı sevdim. İmkanım olsa, bütün istəyimlə həyatımdan alıb, onun təhlükəsizliyi və sağlamlığı üçün verərdim”,- deyə vurğulayıb.
Prezident Ərdoğanın insanlığa xidmət məsələsində məsuliyyətli davrandığını qeyd edən Serag, "Ona 3 səhifəlik bir məktub verdim və bütün ümmətin arxasında olduğunu izah etdim”,- deyə kövrələrək söyləyib.
Qeyd edək ki, Türkiyə lideri Nyu-York səfəri çərçivəsində çoxlu sayda dövlət və hökumət başçıları ilə də təkbətək görüşlər keçirəcək.
Açığı, Ərdoğan "İnşallah qarşıdakı dövrdə Fəratın şərqini də əhatə edəcək şəkildə, Suriyanın daxilindəki təhlükəsiz bölgələri artırmağa davam edəcəyik”, - deyə bəyan etsə də, Türkiyənin Fəratın şərqində də təhlükəsiz zonalar yaratması çox çətin məsələdir. Maraqladır ki, Ərdoğan İdlibdə olduğu kimi, Fəratın şərqində də təhlükəsiz zonaların yaradılmasına nail olacaqmı?
"Mən buna cavab verməkdə çətinlik çəkirəm”
"Hürriyyət”in sualını cavablandıran keçmiş dövlət müşaviri, politoq Qabil Hüseynli bildirdi ki, bu, çox çətin sualdır: "Mən buna cavab verməkdə çətinlik çəkirəm. Ərdoğanın görüşünün özü də niyə məhz türk-müsəlman icmalarının nümayəndələri ilə olub? Bu da maraqlıdır. Olsun ki, müsəlman dünyasında olan problemləri qaldırmaq istəyir. Amma bu, o qədər də asan məsələ deyil. Bölgədə kifayət qədər çoxlu problem var. Bunlardan biri də təhlükəsizlik zonalarının yaradılmasıdır. Doğrudur, bununla bağlı Putinlə Ərdoğan arasında müəyyən bir razılaşma əldə edildi. Amma yerli müxalifətçi qüvvələr, xüsusilə Suriyada boğuşdu. Ona görə, bu məsələnin perspektivləri o qədər də aydın görünmür”.
"Türkiyə öz daxili problemləri ilə məşğul olmalıdır”
Q.Hüseynli vurğuladı ki, Türkiyəni çətin günlər gözləyir: "Mənə belə gəlir ki, Türkiyə daha çox sosial inkişafa diqqət yetirməlidir. Bu sarıdan qışqırdıcı bəyanatlar verməyə o qədər də ehtiyac görmürəm. Mən belə hesab edirəm ki, Türkiyə öz daxili problemləri ilə məşğul olmalıdır, bütün müsəlmanların problemi ilə yox. Qoy, bir az da Səudiyyə Ərəbistanı müsəlmanların problemi ilə məşğul olsun. Türkiyə öz əhalisinin problemləri ilə məşğul olsa, daha yaxşı olar. Doğrudur, müsəlman dünyasında problemlər var. Bu problemlərin yaranmasında müsəlmanların özü az günahkar deyil. Türkiyənin bütün müsəlman dünyasının problemləri ilə məşğul olması qeyri-mümkündür”.
Şamo EMİN, Hurriyyet.org