8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Cahangir Hacıyevin Londonda müsadirə olunan əmlaklarının taleyi necə olacaq?
Həsrət Rüstəmov: "Bu dövlətin pulunu oğurlayan tək Cahangir və Zamirə deyil”
Namizəd Səfərov: "Korrupsiya yolu ilə xaldan oğurlanmış pullar birmənalı şəkildə xalqa qaytarlmalıdır”
Əli Əliyev: "Riyakarcasına "at belində” olanlardan deyil, "vurulmuş” Hacıyevadan başlayıblar”
Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri, bankdan milyardlarla dolların talanmasını təşkil etdiyi üçün hazırda həbsdə olan Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Londonda ərinin mənimsədiyi pullar hesabına aldığı mülklərə həbs qoyulması həm xarici, həm də yerli medianın gündəmindədir. İki gündür ki, yerli və beynəlxalq KİV-lər bu məsələdən yazır. Çünki Zamirə Hacıyeva Böyük Britaniyada ötən il qəbul edilən və korrupsiya yolu ilə əldə edilmiş pullar hesabına bu ölkədə əldə edilmiş aktivlərin müsadirəsini nəzərdə tutan qanunun , "İzahedilməmiş Sərvət Sərəncamı”nın şərtlərinin tətbiq edildiyi ilk əcənəbidir.
"Financial Times” qəzetinin yazdığına görə, bu ilin iyul ayında məhkəmə mənbəyi qaranlıq gəlirlər hesabına əldə edilmiş aktivlərin müsadirəsinə imkan verən qanun çərçivəsində Zamirə Hacıyevanın 22.5 milyon funt sterlinq dəyərində iki mülkünə həbs qoyanda keçmiş bankirin arvadı bu qərardan apellyasiya verib. Lakin ötən həftə London Yüksək Məhkəməsində hakim Supperstoun bu şikayəti rədd edib, hökmü qüvvədə saxlayıb. Bu məhkəmə çəkişməsi Zamirə Hacıyevanın Londondakı dəbdəbəli yaşayışının detallarını üzə çıxarıb. Məlum olub ki, təkcə 2006-2008-ci illərdə, yəni ərinin Azərbaycan Beynəlxalq Bankına rəhbərlik etdiyi dövrdə çoxsaylı kredit kartlarından, o cümlədən ərinin bankının buraxdığı 35 "American Express”, "Mastercard” və "Visa” kartları ilə 16.3 milyon sterlinq pul xərcləyib. Bu pulların 1500 funtu bir gündə "Harrods” univermağında xərclənib, Zamirə Hacıyeva bu univermağın daimi müştərisi olub. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən olunub ki, Zamirə Hacıyeva "Cartier” və "Boucheron” brendlərindən olan zinət əşyalarına, Londonda elit mülklərə, habelə "Gulfstream 550” tipli özəl təyyarəyə malikdir. Lakin Zamirə Hacıyevanın vəkilləri iddia ediblər ki, həmin qanun onların müdafiə etdiyi şəxsə qarşı tətbiq edilə bilməzdi: "Çünki istər Zamirə Hacıyeva, istərsə də onun əri hansısa qanun pozuntularına yol verməyiblər”. Vəkillər bildiriblər ki, Zamirə Hacıyevanın əri "iri beynəlxalq bankir” olub və leqal yollarla varlanıb. Zamirə Hacıyeva özü isə məhkəməyə təqdim etdiyi sənədlərdə ərinin ailədə yeganə qazanc gətirən olduğunu göstərib, qeyd edib ki, Cahangirə ərə gedəndə o artıq varlı bankir idi və 90-cı illərin əvvəllərində biznesdən varlanmışdı. Amma hakim bu arqumentləri tutarlı saymayıb, məhkəmə müəyyən edib ki, C.Hacıyevanın bəyan etdiyi rəsmi gəlirləri və bank rəhbəri kimi aldığı maaşla onun arvadının Londondakı xərcləri arasında kəskin fərq var. Nəticədə Zamirənin Londondakı aktivləri cinayət yolu ilə əldə edilmiş pullar hesabına aldığı barədə hökm qüvvədə qalıb. Çünki C.Hacıyev 2008-ci ildə cəmi 70 min 650 dollar maaş alıb, daha 90 min dollar isə bankın səhmlərindən dividend hesabına qazanıb.
Məlumata görə, Zamirə Hacıyevanın müsadirə olunan 11.5 milyon dollarlıq mülkü Naytsbricdə yerləşir, 2009-cu ilin dekabrında "Vicksburg Global” adlı şirkət tərəfindən alınıb. Həmin şirkət Britaniya Virgin adlarında qeydiyyatdan keçib. Şirkət mülkü almaq üçün 4 milyon funt sterlinq bəribaşdan ödəyib, 7.47 milyon funt sterlinqi isə ipoteka krediti formasında rəsmiləşdirərək cəmi 5 ilə bağlayıb.
Zamirə Hacıyevanın müsadirə edilən aktivlərindən biri də Askot yaxınlığındakı "Mil Ride” qolf-klubudur. Bu aktiv 2013-cü ildə 10.5 milyon funt sterlinqə "Natura Ltd” adlı şirkət tərəfindən alınıb.
Zamirə Hacıyevaya məxsus digər aktiv isə "Berkleley Business Limited” adlı şirkətin adına 42.5 milyon dollara alınan "Gulfstream 550” təyyarəsidir. Hakim Holl bu ilin iyulunda keçirilən məhkəmə zamanı təyyarənin alınmasını çirkli pulların yuyulmasının birbaşa sübutu adlandırıb.
Bildirilir ki, Zamirə Hacıyeva Böyük Britaniyada yerləşən "Harrods” mağazasında 10 ildə 16 milyon funt sterlinq (35.85 milyon manat) xərcləyib. Bir qadının tək bir mağazada xərclədiyi pulları düşünəndə insan heyrətə gəlir. Aydın olur ki, bu xalqın sərvətini eyş-işrətə, zinət əşyasına, kefinə xərcləyən Zamirə Hacıyeva kimilər bu xalqı dilənçi gününə qoyub.
Xanım Hacıyevanın bu qədər məbləğə nələr aldığı da açıqlanıb. Keçmiş banki arvadı lüks zinət, ətir və saat markası olan Boucheron-da bir gün ərzində 150.000 funt (197290.50 dollar) xərcləyib.
Növbəti gün o, şərab zirzəmisi üçün 1800 funtluq (2367.49 dollar) alış-veriş edib.
Başqa bir gün o, "Cartier” zinət əşyalarına 100.000 (131527.00 dollar) və lüks kişi geyimlərinə 20.000 funt (26305.40 dollar) xərcləyib.
Maraqlıdır ki, Böyük Britaniyada çirkli pulların yuyulmasına qarşı mübarizə qanunu çərçivəsində xarici vətəndaşlar tərəfindən korrupsiya yolu ilə əldə edilmiş əmlakın müsadirəsinə dair ilk qərar azərbaycanlı oliqarx Cahangir Hacıyevin ailəsinə qarşı verilib. Bu, həm də o anlama gəlir ki, Britaniyanın Milli Cinayət Agentliyi ("National Crime Agency”) bu ölkədə sığınacaq tapmış digər Azərbaycan oliqarxlarının işini də diqqətlə araşdırmaqda davam edəcək. Bu sırada isə bir çox nazirlər, məmurlar ola bilər. Çünki azərbaycanlı məmurların əksəriyyəti var-dövlətini halal yolla qazanmayıb, xalqın sərvətini talamaqla, bu var-dövləti toplayıblar.
"İndiki hökumətin həmin pulları ölkəyə qaytarmasına inanmaq sadəlövhlük olardı”
"Beynəlxalq Bank”ının keçmiş rəhbəri, həbsdə olan Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanın Londonda ərinin mənimsədiyi pullar hesabına aldığı mülklərə həbs qoyulması ilə bağlı danışan Azərbaycan Demokrat Partiyasının sədr müavini Həsrət Rüstəmov"Hürriyyət”ə dedi ki, korrupsiya yolu ilə əldə olunmuş, dövlətin büdcəsindən talanmış pulların ölkəyə qayıtma şansı var: "Sadəcə olaraq bunun üçün dövlət ciddi iş görməlidir. Cahangir Hacıyevin malı-mülkü ortalığa çıxmış variantdır. Cahangir Hacıyev hökumətdə çöx byük bir vəzifəsi olmayan bir adam, bank rəhbəri idi. Ondan ranqlı çoxsaylı adamlar var ki, onlar da Cahangir Hacıyevdən fərqli bir vəziyyətdə deyillər. Yəni bu dövlətin pulunu oğurlayan tək Cahangir və Zamirə deyil. Bu baxımdan, indiki hökumətin həmin pulları ölkəyə qaytarmasına inanmaq sadəlövhlük olardı. Yəni bunu tələb etməzlər, əksinə çalışacalar ki, bu məsələni ort-basdır etsinlər. Amma təbii ki, o pulları Azərbaycan xalqının puludur və korrupsiya yolu ilə mənimsənilmiş pullardır. Sübut olunandan sonra ki bu, korrupsiya yolu ilə əldə olunub, o pulların dövlət büdcəsinə qaytarlması mümkündür və bu istiqamətdə dövlət iş aparmalıdır. Yəni hüquqi məsələ qaldırmalıdır və o pulların yenidən dövlət büdcəsinə qaytarılması üçün işləməlidir. Beynəlxalq Məhkməyə müraciət etməlidir”.
"Xalqın pulunu heç kim sona qədər yeyə bilməz”
Sədr müavini vurğuladı ki, bu məsələnin bütün korrupsionerlər üçün bir mənəvi tərəfi də var: "Xalqın pulunu heç kim sona qədər yeyə bilməz. Əvvəl-axır bu, özünü göstərəcək və xalqa qismət olacaq. Ən azı onu oğurlayalara axıra qədər qismət olmayacaq. Bax, Cahangir nümunəsi bunu sübut etdi”.
"Dövlət istəsə, o pullar yenidən dövlətə qaytarmaq mümkündür”
Həsrət Rüstəmov yada saldı ki, Liviya prezidenti Qəddafinin də bu cür böyük mülkləri, beynəlxalq banklarda var-dövləti var idi: "Ancaq onlar hələ Liviyaya qaytarıla bilmir. Çünki Liviyada da normal bir dövlət yaradılmayıb. İndiyə kimi tarixdə olmuş dünya dövlətlərinin də bu cür nümunələri olub. Çar Rusiyasının da, Azərbaycan Cümhuriyyətinin də beynəlxalq banklarda pulu olub. Amma bu pulları qaytarmaq asan deyil. Beynəlxalq prosedurlar keçmək lazımdır. Amma bir şey bəllidir ki, əgər dövlət istəsə, bunu Beynəlxlaq Məhkəməyə versə və sübut etsə ki, doğurdan da o pullar dövlət büdcəsindən oğurlanıb, onları yenidən dövlətə qaytarmaq mümkündür və mütləq qaytarılmalıdır”.
"Azərbaycanın yüksək ranqlı məmurlarının əksəriyyəti bu işlə məğuldur”
"Bu hadisədən digər oğru, korrupsioner məmurlar dərs götürəcək” sualına H. Rüstəmov belə cavab verdi: "Oğrular nə dərs götürəcək. Ona qalsa, indi dünyada oğurluğun kökü kəsilməliydi. İndiyə kimi oğurluq davam edib və müasir üsullara keçiblərsə, korrupsionerlər daha da həyasızlaşıbsa, bu, o deməkdir ki, bundan da dərs götürülməyəcək. Əksinə Azərbaycan xalqı bundan nümunə götürməlidir ki, onun var-dövlətini kimlər, necə mənimsəyir. Bu mexanizm artıq faş olub. Yəni bu, artıq faktdır, göz qabağındadır. Kimsə bunu deyəndə, deyə bilməzlər ki, səni bunu haradan götürmüsən, filan məmura, nazirə böhtan atırsan. Artıq faktdır ki, Azərbaycanın yüksək ranqlı məmurlarının əksəriyyəti bu işlə məğuldur. Hamısını desək, kiminsə haqqını tapdalamış olarıq. Yəqin ki, onlar da çox kiçik bir qisimdir”.
"Azərbaycan xalqı öz sərvətinə sahib çıxmalıdır”
"Ölkədə deklarasiya yoxdur. Bu adamlar gəlirləri ilə bağlı deklarasiya vermirlər. Özlərinə məxsus əmlakları ictimailəşdirmirlər. Bu dövlətdə hələ heç kim bəyanat verməyib ki, bu villa, ev, maşın mənə məxsusdur, hansı pulla almışam. Ona görə də oğurluq davam edəcək. Mən güman etmirəm ki, bunun qarşısı alınacaq. Bunun bir yolu var. Azərbaycan xalqı öz sərvətinə sahib çıxmalıdır, tələb etməlidir. Yəni xalq tələb etməyincə, oğurluq davam edəcək”,-deyə sədr müavini əlavə etdi.
"Ölkədən çıxan pullar hər bir halda qaytarılmalıdır”
Məsələ ilə bağlı hüquşünas Namizəd Səfərov dedi ki, şəxsiyyət vəsiqəsi olmadan 50 manat da olsun bank əməliyyatı etmək qadağandır: "Yəni vətəndaş şəxsiyyət vəsiqəsi təqdim etmədən ondan harasa, hətta özünə belə pul köçürmək yaxud kommunal xidmət, məhkəmə xərclərinin keçirilməsi üçün belə 1 manat da olsun qəbul olunmur. Hətta bu, ölkə daxili əməliyyatlara da şamil olunur. O ki qaldı xaricə keçirilən əməliyyatlar tam nəzarət altındadır. Yəni onların hamısı statistik məlumata oturur. Bü gün istəyir hüquqi şəxslər, istəyirsə də vətəndaşlar olsun banklar 1 manat da olsun müəyyən olunmamış xaricə köçürmürlər. Yəni hüquqi şəxslər ən azı onların malik olduqları müqavilələrin surətlərini banka təqdim etməlidirlər yaxud aldıqları malın, xidmətin haqqını göndərirlər. Hətta 1000 dollarlıq da əməliyyat aparılarkən banklar tərəfindən rəsmi sənədlər tələb olunur ki, bu pulu hara keçirirsən. İkincisi də Maliyyə Bazarlarına Nəzarət Palatası düzəldiblər, guya ki, bu palata xaricə keçirilmiş pula görə ölkəyə daxil olmuş əmlakın, malın və xidmətin müqayisəsini aparır. Əgər sən xaricə min manat pul keçirmisənsə, ona görə ölkəyə mal daxil olmayıbsa, səni məhkəməyə veririlər, məsuliyyətə cəlb edirlər. Məbləğindən asılı olaraq səndən bu pul tutulur. Söhbət banklardan keçirilən 10,100 minlərdən, milyonlardan yox, milyardlardan gedir. Bu pulların xaricə keçirilməsi bilavasitə dövlətin, yəni hakimiyyətin razılığı, göstərişi olmadan keçirilə bilməzdi. O cümlədən "Beynəlxalq Bank”dan 1 qəpik də olsun pul göstəriş olmadan ofşor firmalara keçirilə bilməzdi. O ofşor firmaların hamısının adları da, sahibləri də məlumdur. Yəni dövlət istəsə, 1 dəqiqədə o pulların kimlərin göstərişi, kimlərin tələbi ilə hansı firmalara keçirildiyini aşkarlaya bilər. Onu aşkar etmək çətin deyil. Sadəcə olaraq buna siyasi iradə lazımdır. Ölkədən çıxan pullar hər bir halda qaytarılmalıdır. O pulları keçirmiş şəxslər aşkar olunmalıdır və o pullar geri qaytarıılmalıdır. Burada heç bir mürəkkəb məsələ yoxdur. Yalnız iradə ortaya qoyulmalıdır. Yəni hakimyyət, prezident, Milli Məclis, Nazirlər Kabineti bunu istəməlidir. Əgər onu oğurluq pul hesab edirlərsə, geri qaytarmağa nə var ki. Yalnız o vaxt istəməyəcəklər ki, bu özlərinin cibinə axan, özlərinin göstərişi ilə xaricə köçürülən pullardır, xaricdə oturulmuş hesablar bunların özlərinə məxsusdur. Ondan sonra, dəlidirlər desinlər, özlərini məsuliyyətə cəlb etsinlər və yaxud o pulların geri qaytarılmasını tələb etsinlər”.
N. Səfərov vurğuladı ki, bu pulların qaytarılması yalnız tələblə ola bilər: "Dediyim kimi, hakimyyət, prezident, Nazirlər Kabineti bunu istəməlidir, bir göstəriş verməlidir ki, bu pullar aşkar olunsun və geri qaytarılsın. Bu, çətin məsələ deyil. O pullar o qədərdir ki. Deyirisiniz ki, Cahangir Hacıyevin yoldaşı xərcləyib. 5-10 milyon xərcləməklə, o pullar qurtaran deyil. Onların hamısını geri qaytarmaq mümkündür”.
"Bəzən bu və ya başqa məsələdən asılı olaraq bir məsələni qaldırırlar, digərlərinin üstündən sükutla keçirlər”
"Bu qərar Londonda malı, mülkü olan, xalqdan milyonları oğurlamış anoloji şəxslərə də şamil oluna bilərmi” sualına N. Səfərov belə cavab verdi: "Bu məsələrlədə bəzən siyasi məsələlər də mühüm rol oynayır. Xarici ölkələrə keçirilmiş bu pulların keçirilən birinci gündən haraya, kimə keçirildiyi o dövlətlərin özünə də məlumdur. Çox qəribədir ki, bəzən bu və ya başqa məsələdən asılı olaraq bir məsələni qaldırırlar, digərlərinin üstündən sükutla keçirlər. Əlbəttə, istəsələr, o məsələlərin hamısını qaldıra bilərlər. Kimin harada, nə qədər pul kütləsi mənimsədiyini yaxud həmin pul kütləsi ilə özünə Londonda, Parisdə, Çexiyada mal-mülk aldığını müəyyən etmək heç də çətinlik törətmir. Həmin ölkənin hakimiyyəti də bu məsələlərə aydınlıq gətirib, Azərbaycan xalqından oğurlanmış pulların üzərinə həbs qoyub, xalqa geri qaytarılmasını təmin edə bilər. Ancaq Azərbaycan dövləti bunda maraqlı olmalıdır. Əgər o məsələlər hakimiyyətlə əlaqədar deyilsə, dövlət o dövlətlərlə müqavilə bağlayıb həmin pulların Azərbaycana qayıtmasını təmin edə bilər. Əlbəttə ki, o pulların qaytarılmasının hüquqi yolu var. Korrupsiya yolu ilə xaldan oğurlanmış pullar, əmlaklar birməmalı şəkildə xalqa qaytarlmalıdır. Vətəndaş əgər sübut etsə ki, halal zəhmətlə əldə etdiyi puldur, Londonda özünə əmlak alıb, o başqa məsələdir. Amma burada söhbət "Beynəlxaq Bank”dan və digər banklardan ofşor firmalara keçirilərək mənimsənilmiş pullardan gedir. Bunlaırn qaytarılması olduqca asandır”.
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə "feysbuk” səhifəsində qeyd edib ki, "Beynəlxalq Bank”dan 20 milyarda yaxın vəsaitin oğurlanmasında əsas iştirakçılardan biri, Cahangir Hacıyevin arvadı Zamira Hacıyeva, Londonda günə xərclədiyi təxminən 5000 funt-sterlinqin hesabatını vermək məcburiyyətindədir: "Bu, zamanında Hacı Məmmədovun oğurladığı qadındır. Dünya mətbuatının ilk səhifələrini zəbt etmiş olayın detalları maraqlıdır”.
"Görəsən, oğru məmurlardan daha kimlərin ailə üzvləri gündə belə məbləğ xərcləyir, o miqyasda əmlaka malikdir?”
Ə.Əliyev sual edir: "Ölkəni talayanlardan kimlərin ailə üzvləri Londonda məskunlaşıb? Görəsən, oğru məmurlardan daha kimlərin ailə üzvləri gündə belə məbləğ xərcləyir, o miqyasda əmlaka malikdir? Britaniya krallığı kimə nömrə gəlir? Nəyə görə cinayəti sübuta yetirilmiş birisinin arvadından başlayıblar? Bütün dünya bilir ki, London dünyanın "büdcə” oğrularının sakit limanıdır. Yalnız Rusiyanın 57 Forbes multi milyonçusu qoca krallığın paytaxt sakinidir. Keçmiş sosialist dövlətləri, xüsusilə SSRİ fırıldaqçılarının əksəriyyəti Kraliçanın təbəəliyini qəbul edib. Düşünülmüş şəkildə qanunvericilik tərtib etmiş dumanlı Albion siyasətçiləri bu yolla quldurları himayə edərək, qocaman imperiyada sığınacaq yaratmaqla, çirkli kapitalı iqtisadiyyatlarına cəlb edirlər. Anqlo saksların sözüdür ki, "Pulun qoxusu olmaz”. Elə ofşor da onların riyakar sistemidir. Qızıl vizanın da tətbiqi oğruları imperiyaya gətirmək üçündür. İndi də riyakarcasına "at belində” olanlardan deyil, "vurulmuş” Hacıyevadan başlayıblar. Bu yolla seçiciyə "hesabat” verirlər ki, guya, ilin əvvəlində qəbul etdikləri qanunun icrası ilə məşğuldurlar. Əslində isə yenə də imperiya maraqlarına uyğun olaraq, oğruları sakitləşdirirlər ki, daşıyıb gətirin, ölkəsində ilişməyənlərlə işimiz yoxdur. Onlara dövlət maraqları hər şeydən üstündür.
Bu qədər sadə. Biz isə sadəlövhcəsinə belə təcrübəli tərəflərdən ədalət, demokratiyaya dəstək və s. umuruq. Olmayacaq dəstək. Özümüz xilas olmalıyıq”.
Şamo EMİN, Hurriyyet.org