27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Nəzakət Məmmədova: "Azərbaycan mümkün qədər Rusiyanın orbitindən kənarda durmalıdır"
"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlük ölkəmizə heç nə verməyəcək"
"Əksinə, bu, böyük problemlər yarada, indiyə qədər əldə etdiyimiz bir çox nailiyyətləri kölgə altına qoya, Qərbdən, müasir demokratik dünyadan uzaqlaşıb yenidən Rusiyanın orbitinə qayıtmağımıza səbəb ola bilər"
Xəbər verdiyimiz kimi, ölkə başçısı İlham Əliyev noyabrın 18-də Belarusa rəsmi səfər edib. Səfər çərçivəsində Azərbaycan Respublikasının prezidenti ilə Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenko arasında təkbətək görüşü olub. Qeyd edək ki, ölkə başçılarının birgə bəyanatı imzalandıqdan sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Belarus Respublikasının Dövlət Hərbi-Sənaye Komitəsi arasında "hava hücumundan müdafiə silah və texnikasının təchiz olunması sahəsində ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi haqqında Anlaşma Memorandumu", Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Belarus Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında "sosial-əmək sahəsində əməkdaşlıq məsələləri üzrə Anlaşma Memorandumu", Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Belarus Respublikasının Rabitə və İnformasiya Nazirliyi arasında "rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu", Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında "17 oktyabr 2006-cı il tarixində Minsk şəhərində imzalanmış əməkdaşlıq haqqında Sazişin həyata keçirilməsinə dair 2019-2021-ci illər üzrə Kompleks Tədbirlər Planı", Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə Belarus Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında "kənd təsərrüfatı və ərzaq sahəsində əməkdaşlıq haqqında Saziş", Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə Belarus Respublikası Məhkəmə Ekspertizası Dövlət Komitəsi arasında "məhkəmə-ekspertiza fəaliyyəti sahəsində əməkdaşlıq haqqında Saziş", Azərbaycan Respublikasının Baş Prokurorluğu və Belarus Respublikasının Baş Prokurorluğu arasında "əməkdaşlıq haqqında Saziş", Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında "miqrasiya sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanıb.
Təbii ki, bütün bunlar, yəni Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan Belarusun Azərbaycanla sıcaq ilişkilərdə olması, iki ölkə arasında hərbi və ticari əlaqələrin hər ötən gün bir qədər də inkişaf etməsi Ermənistanın ciddi narazılığına səbəb olur. Yeri gəlmişkən, onu da nəzərinizə çatdıraq ki, KTMT-nin noyabrın 8-də Astanada keçirilən son sammitində Ermənistan növbəti dəfə uğursuzluqla üzləşib. Belə ki, KTMT-nin təhlükəsizlik şurasının qərarı ilə Ermənistanın nümayəndəsi Yuri Xaçaturov adəçəkilən təşkilatın baş katibi vəzifəsindən vaxtından əvvəl azad edildikdən sonra Ermənistanın baş naziri Nikol Paşinyan 2020-ci ilə qədər baş katib vəzifəsini Ermənistanda saxlamağa çalışsa da, buna nail ola bilməyib. Çünki sammitə ev sahibliyi edən Qazaxıstan prezidenti Nursultan Nazarbayev baş katib məsələsində müəyyən kolliziyanın baş verdiyini bildirib. O, rus dili üzrə əlifba ardıcıllığına görə Ermənistandan sonra növbəti baş katibin Belarusdan olmalı olduğunu vurğulayıb. Nəticə etibarilə, Ermənistanın yeni namizədinin təşkilatın baş katibi olmasına icazə verilməyib.
Bu arada, başqa bir məqamı da qeyd etməliyik ki, Belarus-Azərbaycan münasibətlərinin inkişafı, rəsmi Minskin ölkəmizə silah satması İrəvanı ciddi şəkildə təlaşlandırıb. Məhz elə bu səbəbdən də Ermənistanın baş naziri Nikol Paşinyan İlham Əliyevin Belarus səfəri yekunlaşdıqdan sonra keçirdiyi mətbuat konfransında "Azərbaycana silah satılması Ermənistanın maraqlarına və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının mahiyyətinə ziddir", deyə açıqlama verib. Jurnalistlərin "KTMT-nin baş katibi postu ilə əlaqədar İrəvanla Minsk arasında kəskin bəyanatlar mübadiləsindən sonra Belarusla Azərbaycan arasında hərbi memorandumun imzalanması Minskin Ermənistana cavabıdırmı" sualına Paşinyan cavabında bildirib ki, hələ 3 ay bundan əvvəl "Polonez"lərlə bağlı Bakı ilə Minsk arasında müqavilə imzalanıb və bu, KTMT-nin baş katibi postunda Ermənistan nümayəndəsinin olduğu zaman baş verib: "Bizim mövqeyimiz aydındır. Biz bu cür sazişləri qınayırıq, Hesab edirik ki, bu, Ermənistanın maraqlarına və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında əməkdaşlığın ruhuna ziddir. Daha əvvəl də söylədiyim kimi, indiki mərhələdə əsas məsələ budur: Biz izahat almalıyıq və hər bir ölkəyə aydın olmalıdır ki, onun öz tərəfdaşları və təşkilat qarşısındakı öhdəlikləri, eləcə də, təşkilatın üzv dövlətlər qarşısında öhdəlikləri nədir. Biz öz müttəfiqlik öhdəliklərimizi yerinə yetiririk, lakin bir sıra digər tərəfdaşlarımız barədə eyni şeyi deyə bilmirik".
Mövzu ilə bağlı mövqeyini öyrəndiyimiz politoloq Nəzakət Məmmədova ölkə başçısı İlham Əliyevin artıq 5-ci dəfədir ki, Belarusa səfər etdiyini xatırlatmaqla yanaşı, bildirdi ki, hazırda Ermənistanla Belarus arasında mövcud olan narazılıqların əsas səbəbi Belarus prezidenti Aleksandr Lukaşenkonun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Astana sammitində gedən proseslər barədə Azərbaycana məlumat verməsi, eyni zamanda təşkilatın baş katibi vəzifəsinə erməni yox, məhz Belarus nümayəndəsinin seçilmə şansının çox olmasıdır: "Əlbəttə, özlüyündə hər bir səfər əhəmiyyətlidir. Lakin budəfəki səfər daha əlamətdar idi və böyük əhəmiyyətə malik idi. Bu da onunla əlaqədardır ki, son dövrlərdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında müttəfiq olan Belarus və Ermənistan arasında narazılıq yaranıb. Buna da səbəb Belarusun Azərbaycana olan isti münasibətidir və bu, Ermənistanın böyük narazılığa səbəb olub. Bildiyiniz kimi, Ermənistan Belarus prezidenti Aleksandr Lukaşenkonu, ölkəmizin Belarusdakı səfiri vasitəsiylə Azərbaycan tərəfinə KTMT-nin Astana görüşündəki məxfi proseslərin detallarını çatdırmaqda ittiham edib. Odur ki, Paşinyan başda olmaqla, Ermənistan mətbuatı hay-küy qaldırdılar və etirazlarını bildirdilər. Artıq biz son dövrlərdə də görürük ki, bunun günahkarı Ermənistanın özüdür. Çünki rəsmi İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təxribatçı məsələlərlə məşğul olur. Belə ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının milliyyətcə erməni olan baş katibi Yuri Xaçaturovu həbs etdikdən sonra KTMT ilə münasibətlərində problemlərin yaranacağını, əvvəlcədən uğursuzluğa düçar olacağını, təklifinin qəbul olunmayacağını bilə-bilə adıçəkilən təşkilatın baş katibliyinə yeni erməni namizədi təklif etdi. İrəvanın məqsədi həmin namizədin 2019-cu ilin mayına qədər Xaçaturovun səlahiyyətlərini icra etməsi idi. Ancaq haqlı olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Astana sammitində iştirakçı ölkələr, xüsusilə də Belarus və Qazaxıstan prezidentləri belə qərara gəldilər ki, Xaçaturovun yerinə gələcək erməni namizəd vaxtın azlığı səbəbindən işinin öhdəsindən gələ bilməyəcək. Bu səbəbədən də ən şanslı namizəd kimi Belarus nümayəndəsi irəli sürülüb. Bu isə öz növbəsində, Ermənistanı qıcıqlandırıb".
Beləliklə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Astana sammitində rəsmi İrəvanın adıçəkilən təşkilatın baş katibi vəzifəsinə Yuri Xaçaturovdan sonra yeni erməni nümayəndəsi təyin etdirmək cəhdlərinin fiaskoya uğradığını vurğulayan Nəzakət Məmmədovanın sözlərinə görə, qeyd olunan vəzifəyə Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas seçilə bilər: "Böyük ehtimalla, dekabrın 6-da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Sankt-Peterburqda keçiriləcək növbəti toplantısında təşkilatın baş katibi seçilə bilər. Əslində, Belarus burda heç bir qaydanı pozmur. Çünki əlifba sırası ilə Ermənistandan sonra Belarus gəlir. Yəni Belarusun tam haqqıdır ki, əgər Ermənistan təşkilatda hər hansı problem yaradırsa, baş katib gedirsə, o zaman əlifba sırası ilə Belarus namizədini irəli sürə bilər. Bu isə erməniləri ciddi şəkildə narahat edir. Düşünürəm ki, təşkilatın baş katibi Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas ola bilər. Həmin şəxs isə sovet vaxtı Azərbaycanda, Bakı Ali Ümumqoşun Komandirləri Məktəbində hərbi təhsil alıb. Odur ki, onun Azərbaycanın hərbi dairələri ilə çox gözəl münasibətləri var. Məhz bu amil erməniləri narahat edir. İrəvanı narahat edən digər səbəb isə Belarusun Azərbaycana silah satmasıdır. Belə ki, Ermənistan hay-küy qaldırır ki, biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında müttəfiqik, siz niyə Azərbaycana silah satırsınız? Buna baxmayaraq, Belarus öz milli və biznes maraqlarından çıxış edir, Azərbaycan da öz növbəsində, Belarusa çoxmilyonluq kreditlər verib. Ümumiyyətlə, biz Belarusdan silah da, kənd təsərrüfatı texnikası da alırıq. Məhz bu, Ermənistanı narahat edir. Xatırlayırsınızsa, Ermənistan "İsgəndər" raketləri ilə Azərbaycana şantaj edirdi. Bu zaman Azərbaycana Belarus silahları çox kömək etdi. Belə ki, biz Belarusdan "Polonez" reaktiv yaylım atəşi sistemi aldıq. Və bu, hərbi balansın pozulmasının qarşısını aldı, Ermənistan qarşısında gücümüzü bərpa etdik. Nəzərə alsaq ki, Azərbaycan həm də İsraildən LORA operativ-taktiki raket kompleksləri alır, odur ki, bunlar İrəvanı harahat edən səbəblərdəndir".
Nikol Paşinyanın Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmasına imkan verməyəcəyini bəyan etdiyini xatırladan politoloq bildirdi ki, dekabrın 6-da KTMT-nin nizamnaməsinə yeni maddənin əlavə olunacağı gözlənilir: "Həmin düzəlişə əsasən indiyə qədər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında yeni üzvlərin qəbul olunması, yaxud da müşahidəçi dövlətlərin təsdiqlənməsi konsensus prinsipi əsasında idi. Yəni təşkilata üzv olan bütün dövlətlərin yetərsay razılığı olmalı idi. Əgər hər hansı dövlət veto qoysa, o zaman qərar qəbul olunmurdu. Lakin bundan sonra artıq qərarlar səs çoxluğu ilə qəbul olunacaq. Odur ki, Ermənistan etiraz etsə belə, bunun heç bir əhəmiyyəti qalmayacaq. Əksər dövlətlər səs verərsə, onda Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında müşahidəçi və ya üzv ola bilər". Bununla yanaşı, Nəzakət Məmmədova qeyd etdi ki, Azərbaycan mümkün qədər Rusiyanın orbitindən kənarda durmalıdır. Onun fikrincə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlük ölkəmizə heç nə verməyəcək: Çünki biz bir dəfə bu təşkilatın üzvü olmuşuq və 1999-cu ildə KTMT-dən çıxmışıq. Gördük ki, bu təşkilatın heç bir mənası yoxdur, Rusiya ərazilərimizin qaytarılmasında bizə heç bir köməklik göstərmir. Ümumiyyətlə, dünyada görünməmiş bir hadisədir ki, eyni təşkilata üzv olan bir ölkə - Ermənistan digər üzv ölkənin - Azərbaycanın ərazilərini işğal edib. Bu necə olur ki, eyni hərbi, siyasi təşkilatda yer alan ölkələrdən biri digərinə qarşı işğalçılıq siyasəti yeridir və Rusiya da bunun qarşısını almır?! Yəni bu, çox absurd bir şeydir. Odur ki, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyün mənasızlığını başa düşdü və yaxşı ki, vaxtında təşkilatdan çıxmaq barədə qərar qəbul etdi. Hesab edirəm ki, Azərbaycanın yenidən bu təşkilata qəbul olunması ölkəmizə heç nə verməyəcək. Əksinə, bu, böyük problemlər yarada bilər. Bu səbəbdən də ən yaxşı halda, biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında müşahidəçi statusunda ola bilərik. Çünki təşkilata üzvlük Azərbaycanın indiyə qədər əldə etdiyi bir çox nailiyyətləri, Qərbə inteqrasiyanı, Avropa ilə əlaqələrimizi kölgə altına qoya, Qərbdən, müasir demokratik dünyadan uzaqlaşıb yenidən Rusiyanın orbitinə qayıtmağımıza səbəb ola bilər".