8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Yaroslav Trofimov
"Wall Street Journal” (ABŞ)
Keçən ayın sonunda İranın teokratik şiə rejiminə qarşı etirazlar baş qaldırdıqda, bölgənin iki əsas sünni gücündən gələn təpki bundan daha fərqli ola bilməzdi.
İslamın müqəddəs şəhərləri – Məkkə və Mədinənin xidmətçisi olan və bütün sünni dünyasına rəhbərlik etmək istəyən Səudiyyə Ərəbistanı İranın üzləşdiyi gözlənilməz çətinlikləri gördükdə, xısın-xısın gülürdü.
Səudiyyə Ərəbistanında pan-ərəb kütləvi informasiya vasitələri İslam Respublikasına son verməyə çağırış və İranın Suriya və İraqdakı iştirakına etiraz edən nümayişləri coşqu ilə işıqlandırırdılar.
Osmanlı İmperatorluğu dövründə Məkkə və Mədinəyə nəzarət edən, uzun müddətdir ki, Riyadın maraqlarına tabe olmaq istəməyən Türkiyə isə Səud Evinə əks mövqe tutdu.
Prezident Rəcəb Tayyip Ərdoğan İran prezidenti Həsən Ruhaniyə zəng edərək Ankaranın rəsmi Tehranın etirazlara baxışına dəstək verdiyini bildirdi. Türkiyədəki hökumətpərəst media İran nümayişlərini Amerika və İsrailin qəsdi kimi təsvir etdi. Daha sonra Ərdoğanın özü bu fərziyyəni təsdiqlədi.
Yaxın Şərqdəki bir çox insan üçün bu fərqlilik bir daha bu gerçəyi vurğulayır ki, bölgədə İranın qüdrətinə qarşı çıxmaq üçün Riyadın rəhbərlik etdiyi "Sünni bloku"nun müqaviməti zəifdir.
Prezident Donald Trampın Səudiyyə Ərəbistanına ötən ilki səfərində Riyada regional rəhbərlik iddialarını təsdiqləsə də, faktiki olaraq, əhəmiyyətli sünni regional güclərindən yalnız Birləşmiş Ərəb Əmirlikləri özünü Səudiyyə siyasəti ilə birləşdirir.
Digərləri – Türkiyə, Misir və əlbəttə, Səudiyyə Ərəbistanının "gözükölgəli” qonşusu – Qətər getdikcə Yaxın Şərqdə məzhəb bölünməsi ilə əlaqəsi olmayan çətin və çoxölçülü güc mübarizəsi ilə məşğul olur.
"Müsəlman Qardaşları”na verdiyi dəstəyə görə keçən il BƏƏ və Səudiyyə Ərəbistanı tərəfindən hədəfə alınan Qətər kömək üçün İrana müraciət etdi. Bu, Tehranla Qətərin əsas sünni müttəfiqi olan Türkiyə ilə münasibətlərin ümumi istiləşməsi dönəminə təsadüf edirdi; İrana qarşı ABŞ sanksiyalarının əleyhinə çıxmaqda ittiham olunan Ərdoğanın adamları ABŞ-da mühakimə olunduğundan o, Birləşmiş Ştatlara getdikcə daha çox hiddətlənirdi.
Səxavətli Səudiyyə yardımına baxmayaraq, Misir də anti-İran məclisinə qoşulmaq istəmir. 2013-cü ildə çevrilişlə "Müsəlman Qardaşlar” hökumətini devirmiş Misir prezidenti Əbdülfəttah Sisi iranlı liderlərdən daha çox "Qardaşlar”ı dəstəkləyən Ərdoğanın qatı düşmənidir. Rəsmi Qahirə, İran rejimi kimi, Səudiyyə Ərəbistanının yıxmağa çalışdığı Suriya prezidenti Bəşər Əsədlə səmimi əlaqələr saxlayır.
Beyrutdakı Livan Amerikan Universitetinin siyasi elmlər üzrə professoru Basil Salluh deyir: "Nəhayət, bölgədəki dövlətlərin hərəkətləri məzhəbi eynilik deyil, məhz geosiyasi maraqlarla nizamlanır. Türkiyəyə gəlincə, o, Səudiyyəni sünni dünyasının rəhbəri görmək istəmir, çünki özü bu istəkdədir".
Türkiyə ilə "Müsəlman Qardaşlar”a düşmən olan BƏƏ arasında ümumi zəmin daha azdır. O, həm də regionda Türkiyə ilə rəqabət aparan bir ölkədir. O cümlədən Afrika Burnundakı strateji dəniz marşrutları boyu hər iki ölkə bir neçə hərbi baza qurub. Ərdoğanın bəzi köməkçiləri BƏƏ-nin 2016-cı ildə baş verən çevrilişdə iştirakından şübhələnirlər.
Sabiq türk diplomatı və İstanbuldakı "Edam” düşüncə mərkəzinin rəhbəri Sinan Ülgen deyir: "Ankara BƏƏ-nin gücünü, təsir dairəsini və münasibətlərinin səciyyəsini bilir. Əlbəttə, o, Səudiyyə deyil, amma Ankara hər ikisinin Türkiyəyə zərər verməyə çalışdığının fərqinə varıb".
Tarixi iddialar, xüsusilə də Osmanlı dövlətinin mirası bu rəqabəti artırmağa kömək edir. Ərdoğan və BƏƏ-nin xarici işlər naziri Abdullah bin Zaid arasında mübahisə kimi. Ötən ay BƏƏ-li nazir Birinci Dünya müharibəsi zamanı, 1916-cı ildə Osmanlı generalı Fəxrəddin paşanın rəhbərlik etdiyi qoşunların Müqəddəs Mədinə şəhərini yağmalaması barədə "tvit” yazdı. Ərdoğan bu cür "dəli" iddiaların "yazıq insanlar"ın boğazından çıxdığını dilə gətirdi. Bundan sonra Ankarada BƏƏ səfirliyinin yerləşdiyi küçəyə Fəxrəddin paşanın adı verildi.
Tərcümə: Strateq.az