Kəlbəcərə Böyük Qayıdış



  Vətənimiz Azərbaycanın ən yüksək dağ rayonu olan Kəlbəcər ibtidai insanların təşəkkül tapdığı ən qədim insan məskənlərindən biridir. Bu ərazi ibtidai insanın formalaşması, məskunlaşması dördüncü geoloji dövrə təsadüf edir ki, bu da 4 miliyon il bundan artıq tarix deməkdir. “Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala deməkdir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, xristianlığın, vıı əsrdən isə islamın yayıldığı dövrlərdə yaradılıb.

  Ərazisinin çox hissəsi meşəlik olan Kəlbəcər rayonu qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimal-şərqdəTərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonu ilə həmsərhəddir. Ən hündür zirvələri Camışdağ dağındakı zirvə (3724 m) və Dəlidağdır (3616 m).

  Kəlbəcərə inzibati rayon statusu 1930-cu ildə verilib. 1993-cü il 2 aprel tarixində Ermənistsn Silahlı Qüvvələri tərəfindən işğal olana qədər rayonun ərazisi 3054 km, əhalisi 53478 nəfər təşkil edirdi. Rayonda 1 şəhər,1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi. İşğal zamanı 511 nəfər dinc sakin öldürülüb, 321 nəfər adam əsir götürülüb və itgin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu.

  İllər öncə məcburi köçkün olan gənc tələbə qızın mənə və digər gənc tələbə qızlara yaşadıqları faciəni, azğınlaşmış erməni quldur dəstələrinin vəhşiliklərinin canlı şahidi olmasını, düşmənin əlinə keçməmək üçün özlərini qayalardan atan qadınları gördüklərini göz yaşları içində fəryad çəkərək danışmasını heç vaxt unuda bilmədim. Erməni vandalları isə işğal etdikləri digər rayonlarımız kimi Kəlbəcəri də talan edib, rayonun milyardlarla sərvətini Ermənistana daşımışdılar. 97 məktəb, 9 uşaq bağçası,116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibb məntəqəsi, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, maşın, texnika və s. ermənilər tərəfindən talan edilib, dağıdılıb.

  BMT Təlükəsizlik Şurasının 30.04.1993-cü il tarixli 822 saylı Qətnaməsində işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin qətnaməni icra etmədi, əksinə işğal olunan ərazilərdə, strateji yüksəkliklərdə beton istehkamlar, silah ambarları tikdi. Silahlı quldur dəstələri ilə müdafiə xəttini yarır, mülkü əhalimizə müxtəlif çaplı silahlarda atəşlər açırdılar. Dünya isə bu ədalətsizliyə 30 ilə yaxın bir müddətdə göz yumurdu.

 Müzəffər Azərbaycan Ordusunun 44 gülük Vətən müharibəsində əldə etdikləri qələbə nəticəsində ermənilər tərəfindən  işğal olunmuş digər rayonlarımız kimi Kəlbəcrin də işğaldan azad olunması böyük tarixi qələbəmiz oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyev bu haqda deyirdi:

  “Vətən müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq” 

  Vətən müharibəsini qələbə ilə başa vuran Azərbaycan dövləti, Rusiya Federasiyası və Ermənistanla imzaladığı 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən 25 noyabr 2020-ci il tarixində Kəlbəcər rayonunun Azərbaycana qaytarılmasına nail oldu. Kəlbəcər şəhəri daxil olmaqla 147 yaşayış məntəqəsi işğaldan azad oldu.

  Üçtərəfli Bəyanatın şərtlərinə əsasən Kəlbəcərin ermənilərdən boşaldılması zamanı Kəlbəcərdə 30 ilə yaxın müddət ərzində qeyri- qanuni yaşayan erməni vandallarının, Kəlbəcəri tərk edib gedərkən etdikləri özlərinəməxsus rüsvayçıdavranışlarına hərkəs şahidi oldu. Mənfur erməni xislətli varlıqlar gedərkən azərbaycanlılara qalmasın deyə evlərə, bağlara od vurdu, obyektləri dağıtdi, ekologiyaya ziyan vurdular. Hətta kadırlarda körpəsini unudub taladığı əşya dolu maşınlarla Kəlbəcəri tərk edən erməniləri gördükdə bir daha əmin oldum kı,onlar bir millət kimi şərəf və ləyaqət, mənlik hissini unudublar.

  Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamı ilə 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi. Bu medalla Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi şücaət nümayiş etdirmiş Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu təltif olunmuşdur. 

  Cənab Prezident İlham Əliyev işğaldan azad olan digər rayonlarımız kimi Kəlbəcərin dirçəlməsini-yaşayış məntəqələrinin, rayonun infrastrukturunun yenidən qurulmasını diqqət mərkəzində saxlayır, bu məqsədlə vaxtaşırı bu rayona da səfərlər edir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin azad olunmuş Kəlbəcərə ilk səfəri 16.08.2021-ci ildə olmuşdur. Bu səfər zamanı: Ömər aşırımı ilə tanışlıq, Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11,6 km uzunluğunda tunelin təməlqoyma mərasimi, 110/35/10 kV-luq  “Kəlbəcər” yarımstansiyasının açılışı, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 km uzunluğunda tunelin təməlqoyma mərasimi, Kəlbəcərdə arıçılarla görüş, Kəlbəcər şəhərində Dövlət bayrağının ucaldılmadsı,  Kəlbəcər şəhərində “N” saylı hərbi hissədə yaradılmış şəraitlə tanışlıq, Dağıdılmış “İstisu” sanatoriyasına baxış və s. məsələlərə diqqət edilmişdir.

  Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Kəlbəcərə növbəti səfərləri:

  26.06.2022;

  27.05.2023;

  25.08.2023;

  07.11.2023;

  02.09.2024-cü illərdə olmuşdur ki, bu səfərlərlərdə məqsədmüxtəlif yaşayış komplekslərinin, su-elektrik stansiyalarının, yol infrastrukturlarinin təməlqoyma mərasimləri, tikintilərin yerinə yetirilməsinə nəzarət, açılışlarında iştirak etmək olmuşdur. Xüsusilə, əhalinin məskunlaşması üçün yaşayış məntəqələrinin açılması, vətən eşqi, həsrəti ilə yaşayan kəlbəcərlilərin füsünkar təbiəti, müalicəvi bulaqları ilə dillər əzbəri olan, öz ata-baba yurdlarına qayıtmaları hər zaman diqqət mərkəzində saxlanılıb.

Belə ki, Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsi 3,26 hektar ərazidə layihələndirilib. Yaşayış məhəlləsinin konsepsiyası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə icra olunan Baş plan layihəsi çərçivəsində hazırlanıb. Məhəllədə dördmərtəbəli 3 və ikimərtəbəli 10 yaşayış binasının inşası nəzərdə tutulur.Burada 112 mənzildə ümumilikdə 460 nəfərdən çox sakin yaşayacaq. Məhəllədəki məktəbin ətrafında salınacaq yaşıllıq ərazi ictimai məkan funksiyasını yerinə yetirməklə əhalinin asudə vaxtının səmərəli keçirilməsinə xidmət edəcək. Bundan başqa Kəlbəcərin Yanşaq kəndində 421 ailənin, Zallar kəndində 487 ailənin, Zar kəndində 855 ailənin məskunlaşması planlaşdırılır ki, bütün bu işlərin həyata keçirilməsində Uca Tanrı dövlətimizin  yar və yardımçısı olsun.

Bilirik ki, dövlət başçımız Prezident İlham Əliyev 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis etmişdir. Sözügedən Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olunub. 

Mən “Kəlbəcər şəhəri günü” münasibəti ilə xalqımızı, bütün kəlbəcərliləri səmimi qəlbdən təbrik edirəm, gözümüz aydın olsun deyirəm. Tanrıdan vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizə rəhmət, qazilərimizə, Ali Baş Komandan İlham Əliyevə, Müzəffər Ordumuza can sağlığı, sözügedən Kəlbəcər rayonu kimi zirvələrdə olmaq, zirvələri fəth etmək arzulayıram!

 

Dilarə Seyidova 

Suraxanı rayonu, Nail Salamov adına 97 nömrəli məktəbin uşaqlarla sinifdənxaric və məktəbdənkənar  tərbiyə işləri üzrə təşkilatçısı

 Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti