RUSİYA BÖLGƏDƏ YENİ MÜHARİBƏ İSTƏYİR - Naxçıvanda atəşkəsin arxasında duran səbəblər hansıdır? - TƏHLİL

RUSİYA BÖLGƏDƏ YENİ MÜHARİBƏ İSTƏYİR - Naxçıvanda atəşkəsin arxasında duran səbəblər hansıdır? - TƏHLİL

 

Ermənistanda inqilab yolu ilə hakimiyyət dəyişikliyinin Qarabağ məsələsinə necə təsir göstərəcəyi Azərbaycanda ən çox dartışılan məsələ idi. Habelə Rusiyanın bölgəyə yönəlik xarici siyasətində hansı yeniliklərin olacağını da səbirsliklə gözləyirdik. Çünki münaqişə tərəflərindən birində – Rusiyanın forpostunda vəziyyət kökündən dəyişib, baş verənlərin regionda hərbi-siyasi duruma hansısa formada təsiri mütləq idi.

Ermənistanın yeni baş naziri Nikol Paşinyan Qarabağ danışıqlarında separatçı rejimin qatılmasını əsas şərt kimi qoydu. Bakıdan dərhal sərt reaksiya gəldi və bu fortmatda danışıqların mümkünsüzlüyü bəyan olundu. Bu, beynəlxaq vasitəçilərin – Minsk formatının artıq işə yaramadığının təsdiqidir. Status-kvonun qalması, möhkəmlənməsi Ermənistanı tamamilə qane edir, Azərbaycanın isə müharibə qərarını istisna etsək, vəziyyəti dəyişmək imkanları yoxdur. ABŞ, Avropa İttifaqı da bölgədəki problemləri az qala Rusiyanın daxili işi hesab edərək real addımlar atmır. Prosesi nəzarətdə saxlayan Moskva isə əlverişli vəziyyətdən istifadə edərək regiondakı siyasətində kardinal dəyişiklərə getməyə hazırlaşır.

Bu günlərdə Abxaziyanın "prezidenti” Raul Xadjimba və Rusiya XİN-nin 4-cü MDB idarəsinin rəisi Aleksey Pavlovski, Dnestryanı, Cənubi Osetiya Dağlıq Qarabağ separatçılarının təmsilçiləri ilə görüşüblər. Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu görüşü regionda sülhə və təhlükəsizliyə ciddi zərbə kimi qiymətləndirib. Buna cavab olaraq Rusiya XİN-nin məlumatında bu cümlə yer alıb:"Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi konkret beynəlxalq tədbirlərdə Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılan separatçı rejimin nümayəndələri ilə təsadüfən "üz-üzə” gəlmək olar deyə iştirakdan imtina etməyi heç vaxt nəzərdə tutmayıb”. Burada qeyd olunan "təsadüf” ifadəsinə yəqin, sadəlöv müşahidəçi belə inanmaz, söhbət Kremlin yeni strategiyasının ilk işartılarından gedir.

Moskva bu görüşdə postsovet məkanında arxasında durduğu oyuncaq rejimləri bir araya toplaması ilə diqqət çəkir. Buradan hər tərəfə ciddi mesajlar verilir:

Bundan sonra Rusiya diplomatik oyun qaydalarını kənara atıb hərbi-siyasi qruplarla fəal işləyəcək və onlardan istifadə edərək müstəqil respublikalara qarşı təzyiqi artıracaq.

İkincisi, bölgədə hərbi imkanlarını genişləndirəcək, mümkündür ki, bu rejimlərə birbaşa, açıq siyasi, maddi, hərbi dəstək verilsin. Bir neçə gün öncə Rusiyanın Ermənistana daha hansı yeni silahları verəcəyinə dair informasiyanın yayılması da təsadüfü deyil. Moskva kartlarını açıb, burada Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı hörmətsizlik nümayiş olunur.Rusiya maskalandığı vasitəçi imicini də kənara atıb əsl mahiyyətini, maraqlarını ortaya qoyur. Deməli, arxada daha məkirli planlar ola bilər və bu, özünü təmas xəttində baş verə biləcək toqquşmalarla göstərə bilər. Çox çəkmədi, Naxçıvan istqamətində atəşkəs pozuldu və bir səgərimiz şəhid oldu. Məlumdur ki, cəbhənin digər istiqamətlərində atəşkəs hər gün pozlur və hər iki tərəfdən ölən, yaralananlar olur. Bu, müharibənin bitmədiyini, atəşkəsin çox kövrək olduğunu göstərir.

Amma Naxçıvanda düşmən buna cəsarət etmirdi, çünki Azərbaycanın strateji üstünlüyü olan bu bölgədə qeyri-sabit vəziyyət onlara sərfəli deyil. Azərbaycan ordsunun əlində olan hücum silahları, əlverişli yaxın hava məsafəsindən qısa müddətdə Ermənistanı iflic etməyə qadirdir. Azərbaycan prezidenti İlham Əliyevin ötən həftə Naxçıvan ziyarətində məhz belə silahların yerləşdirildiyi hərbi hissəyə baş çəkməsi Ermənistata xəbərdarlıq sayıla bilərdi. Ki, yeni hakimiyyət daxildə əldə etdiyi ciddi dəstəkdən heç də həvəslənməsin, bölgədəki reallıqlara, Azərbaycanın hərbi imkanlarına ciddi nəzər yetirsin.

Amma Paşinyan ona və separatçı rejimə Kremldən verilən açıq dəstəkdən cəsarətlənib İlham Əliyevin Naxçıvana səfərinə, orada verdiyi açıqlamalara bu şəkildə "reaksiya” verdi. Bu o zaman baş verdi ki, İlham Əliyevdən sonra Ermənistanın güc nazirləri Naxçıvanla sərhəddə baxış həyata keçirdilər. Demək təxribatı əvvəlcədən planlaşdırıblar. Bu Ermənistanın yeni hakimiyyətindən Azərbaycana verilən ilk "mesaj” idi.

Hazırki şəraitdə Rusiyadan açıq şəkildə təhdid oluna Azərbaycan Türkiyə və Qərb ölkələri ilə dialoqu dərinləşdirməlidir. Bakı özünə ciddi dəstəyi ancaq bü müstəvidə tapa bilər. Vəziyyət tam şəkildə aydındır, Rusiya Azərbaycanın ərazi bütövlüyünə hörmət etmir, onu açıq şəkildə qeyri-bərabər müharibəyə təhrik edir. Görünür, qonşu ölkələri ram etmək üçün yeni işağl olunan ərazilərə, Şimalı Qafqazda çoxdan hazır vəziyyətdə dayanan iri qoşun qruplaşmalarının dislokasiya yerinin dəyişdirilməsinə zərurət yaranıb./strateq.az/



Oxşar Xəbərlər

Xəbər lenti