8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
ABŞ-ın sanksiya hədələri iki böyük enerji şirkətini İranla bağlı planlarını ertələməyə sövq edib.
"Reuters” xəbər verib ki, Rusiyanın "Lukoyl” neft nəhəngi İranda yataqları işləmək planlarını dayandırıb. Dünyada ən böyük neft emalı zavodlarına malik Hindistan şirkəti isə İrandan neft almağı dayandırır.
Mayın 30-da baş verənlər Rusiya, Fransa və Hindistan hökumətlərinin üzləşdiyi çətinlikləri üzə çıxarıb. Axı onlar Birləşmiş Ştatların İranla nüvə sazişindən çıxmaq və Tehrana sanksiyaları bərpa etmək qərarına baxmayaraq, İranla biznes əlaqələrini saxlayacaqlarını deyirdilər.
ABŞ mayın 8-də 2015-ci il nüvə sazişindən çıxdığını, noyabradək sərt sanksiyaları bərpa edəcəyini bildirib. Saziş İranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində ona sanksiyaların qaldırılmasını nəzərdə tuturdu.
MALİYYƏ BAZARINA ÇIXIŞ
"Lukoyl” rəsmisi mayın 30-da investorlara deyib ki, "son hadisələri nəzərə alaraq, İranla bağlı planlarımızın nə olacağını demək tez olar. Ancaq hazırda hər şeyi dayandırmışıq”.
"Lukoyl”dan öncə Fransanın Total enerji nəhəngi elan etdi ki, ABŞ sanksiyalarından möhlət ala bilməsə, İrandakı böyük qaz layihəsindən çıxacaq.
Rusiyayla Fransa nüvə sazişini imzalayan ölkələr sırasındadır və şirkətlərin ABŞ sanksiyalarından yayınmasının yollarını tapmağa çalışırlar.Amma deyəsən, bu, elə də asan olmayacaq. "Total” ABŞ maliyyə bazarından güclü asılılığını əsas gətirir. "Lukoyl” isə bildirib ki, ABŞ sanksiyalarının öncəki raundundan sonra onun və Rusiyanın digər korporasiyalarının qlobal maliyyə bazarına çıxışı ciddi zədələnib.
"Lukoyl” Rusiyanın hökumətinin nəzarətində olmayan azsaylı enerji şirkətlərindəndir. 2011-ci ildə İranın neft layihəsindən çıxmalı olmuşdu. O zaman ABŞ və Avropa Birliyi İrana sanksiyaları gücləndirmişdi.
Hindistan hökuməti nüvə sazişini imzalamayıb və Nyu Dehli bu həftə bildirib ki, ABŞ sanksiyalarına məhəl qoymayacaq, İrandan neft idxalını davam etdirəcək.
GÜNƏ 100 MİN BARREL AZALMA
Ancaq "Reuters”in mayın 30-da yazmasına görə, Hindistanın "Reliance Industries” şirkəti ABŞ maliyyə sisteminin təsiri altındadır və sanksiyalardan ehtiyatlanır. Qucarat ştatında yerləşən, dünyadakı ən böyük neft emalı kompleksi bu şirkətə məxsusdur. "Reuters” anonim mənbələrə istinadla yazıb ki, "Reliance” rəsmiləri oktyabr, yaxud noyabrdan Tehrandan neft idxalını dayandıracağını bildirib, bu haqda İran Milli Neft Şirkətinə məlumat verilib.
İran rəsmilərinin indiyədək bildirməsinə görə, ən böyük qorxuları İran neftinin alıcılarını itirməkdir. Onlar İranın neftini sata bildiyi müddətdə nüvə sazişinə əməl olunacağını açıqlayıblar. İrandan xam neft ixracı apreldə günə 2,6 milyon barrelə, rekord səviyyəyə yüksəlib. Ancaq artıq maydan günə 100 min barrel azaldığı bildirilir.
İran neftinin əsas alıcıları Hindistan, Çin və Asiyanın digər ölkələridir. Bu arada "Total”la bağlı daha bir xəbər yayılıb. İranın neft naziri "Total”a 60 gün vaxt verib ki, ABŞ sanksiyalarından möhlət əldə etsin. Yoxsa onun bir neçə milyard dollarlıq qaz layihəsindəki payının Çin firmasına verilə biləcəyi açıqlanıb.
Neft naziri Bijən Zəngənə deyib ki, Fransa hökuməti də 60 gün ərzində "Total”ın adından ABŞ hökumətində lobbiçilik edə bilər.
"Total”ın iyulda imzaladığı razılaşma Cənubi Pars qaz yatağının işlənməsi üzrə 4,8 milyardlıq bir layihədir. Kontrakt İranın Petropars şirkəti və Çin Milli Neft Korporasiyası ilə imzalanıb. /"Azadlıq" radiosu/